AZ

Bakı tıxacları ilə bağlı VACİB AÇIQLAMA Bundan sonra...

ain.az bildirir, Baku.ws portalına istinadən.

Gözlənildiyi və hər il olduğu kimi ötən gün, sentyabrın 15-də Bakı şəhərində böyük tıxac yaranmışdı. Ucu-bucağı görünməyən tıxac bu gün də şəhər sakinlərini təngə gətirdi.

Dəfələrlə deyilməsinə və müzakirə olunmasına baxmayaraq bu il də məktəb ətrafı avtomobil əlindən keçilməz idi.

Ekspertlər vəziyyətin daha da acınacaqlı olmasının bir neçə səbəbini açıqlayırlar. Tanınmış nəqliyyat eksperti Elməddin Muradlı BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu il yeni tədris ili ilə Formula-1 yarışları üst-üstə düşdü. Onun sözlərinə görə, bu vəziyyəti daha da çətinləşdirib:

"Bununla paralel bir çox küçələrdə də avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hazırda 10 küçə təmirlə əlaqədar bağlıdır. Bu da prosesə fantastik səviyyədə təsir edir. Sürücülər birinci növbədə səbrli və təmkinli olmalıdır", - deyə mütəxəssis bildirib.

Tıxacın qarşısını almaq üçün nə etmək lazımdır?

Elməddin Muradlı deyir ki, tıxacın qarşısını almaq üçün əvvəlcədən qabaqlayıcı tədbirlər görmək mümkün idi:

"Yük maşınları ilə əlaqədar qadağalar var. Bu ərəfədə firma maşınları ilə bağlı da müəyyən qadağalar qoyula bilərdi. Məsələn günün müəyyən saatlarında yola çıxmasınlar. Mal gətirərkən günün müəyyən saatlarında hərəkət etsinlər. İndi hansı marketin qarşısına gedirsən 4 maşın dayanıb və gündəlik istehlak təlabatı olmayan məhsulları istədikləri vaxt gətirib boşaldırlar. Bunu qaydasına salmaq olardı.

Yolların təmirini əvvəlcədən planlı şəkildə etmək olardı. Yarışlara görö bağlanan yollar onsuzda tıxacın yaranmasına səbəb olurdu. Təmirə görə də bağlanan yollar vəziyyəti daha da acınacaqlı edir. Təmir məsələsini başqa vaxta keçirtmək olardı.

Məktəblərin ərazisindən keçərkən sürəti mütləq azaltmaq lazımdır. Valideynlər diqqətli olmalıdırlar. Hansısa məktəbin ərazisində yol nişanları yoxdursa, mütləq müvafiq qurumlara bildirilməlidir.

Qurumlar da öz növbələrində bu məsələyə məsuliyyətli yanaşmalıdırlar. Ən əsası burada məcburetmə vasitələri də tətbiq edilməlidir. Bir çox sürücülər var ki, nə desən də xeyri yoxdur. Həmin adama kar etmir. Ona görə də, vacibdir ki, cərimə üsulundan istifadə edilsin".

Məsələ ilə əlaqədar Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli BAKU.WS-ə açıqlamasında bildirib ki, paytaxtın ərazisinə düşən küçə və prospektlərdə sıxlığın qarşısını alınması istiqamətində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.

"Xüsusən də, sıxlığın yarana biləcəyi ərazilərdə nizamlayıcı qismində xidmət təşkil olunur.

Qeyd edim ki, bəzi sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması sıxlığın yaranmasına səbəb olur. Əsasən də, hərəkətin intensiv olduğu küçə və prospektlərdə dayanma və durma, yol ayrıcının kəsişməsi, manevr etmə qaydalarının posulması, eləcə də, nasaz avtomobillərin istismarını göstərmək olar.

Əlavə olaraq bildirək ki, yol nəqliyyat hadisələri də öz növbəsində sıxlığın yaranmasına və yolun buraxıcılıq qabuiliyyətinin aşağı düşməsinə səbəb olan amillərdəndir. Bütün bunları nəzərə alaraq, sürücülərə qaydalara riayət etmələri, hərəkət etdikləri ərazilərdə sıxlığa səbəb olmamalarını xahiş edirik".

Qeyd edək ki, yeni tədris ilində sıxlığın qarşısını almaq üçün Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən də sürücülərə müraciət edilmişdi:

"Təcrübə göstərib ki, hər yeni tədris ili başlananda övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bir çox valideynlər və ya özü sürücü olan əksər tələbələr yol hərəkəti qaydalarına əməl etmirlər. Bu isə paytaxtın küçə və prospektlərində, təhsil müəsisələrinin yaxınlığında olan yollarda süni sıxlığa səbəb olur. Bu cür hallar ictimai nəqliyyatdan istifadə edən digər hərəkət iştirakçılarının da yolda əlavə vaxt itirməsinə gətirib çıxarır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxtda yerləşən təhsil müəssisələrinin ətrafında, yaxın küçə və prospektlərdə müşahidə kameraları vasitəsilə yollar nəzarətdə saxlanılır. Nəqliyyat sıxlığının yaranmasına səbəb olan hallar olduğu zaman yol polisinə məlumat verilməsi ilə yanaşı, müxtəlif istiqamətlər üzrə svetoforlara "yaşıl dalğa" rejimi tətbiq ediləcək.

Bütün bunları nəzərə alaraq, şəxsi minik avtomobilləri ilə övladlarını məktəbə gətirən valideynlərə, eləcə də tələbələrə tövsiyə edirik ki, avtomobillərini mümkün qədər yeraltı və yerüstü dayanacaqlarda, parklanma yerlərində park etsinlər. Nəqliyyat vasitəsini dayanma və durmanın qadağan olunduğu yerlərdə saxlamasınlar".

Ziya SƏCCAD

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
2
baku.ws

3Mənbələr