AZ

Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır?

Son illər ölkədə satılan dərman preparatlarının keyfiyyəti ilə bağlı şübhələrin artması müzakirə mövzusuna çevrilib.

Bunu sosial şəbəkələrdəki paylaşımlarda, xarici ölkələrə səyahət edənlərdən davamlı hansısa dərman preparatlarının alınmasını xahiş edən şəxslərin çoxalmasında görmək olar.

Dərmanlarla bağlı narahatlıqlara diqqət etdikdə hansısa dərmanın tapılmamasından deyil, daha çox ölkədə satılan dərmanların keyfiyyətinin aşağı olmasından şikayətləri görmək mümkündür.

Məsələn, Bakıda fəaliyyət göstərən Alman apteklərindən alınan dərman preparatlarının keyfiyyəti, digər apteklərdə satılanlarla eyni deyil. Vətəndaşlar həmçinin Gürcüstandan alınan dərmanların Azərbaycana nisbətən daha keyfiyyətli olduğunu iddia edirlər. Hətta elə insanlar var ki, orqanizmin gündəlik ehtiyac duyduğu mineral kompleksi vitaminlərin ABŞ-dən sifarişlə gətirib istifadə edirlər.

Qeyd edək ki, artıq Azərbaycanda dərman vasitələrinə reseptlərin yazılması üçün yeni tələblər müəyyənləşib. Belə ki, dərman vasitələrinin ticarət adı deyil, tərkibi yazılır. Amma bəzi həkimlər dərmanın tərkibini yazmalı olsa da, əksər hallarda dərman vasitələrinin ticarət adını yazırlar. İddialara görə, həkimlər "firma"larla sövdələşmədən faiz götürürlər.

Maraqlıdır, Azərbaycana gətirilən dərman preparatlarının keyfiyyəti niyə aşağıdır, tərkibinə müdaxilə edilir?

Həkim-farmakoloq, tibb eksperti Aydın Əliyev mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu gün əhalini ən çox maraqlandıran məsələlərdən biri dərman preparatlarının qiyməti və keyfiyyətidir:

“Düzdür, bunlar aktual problemlərdir. Amma bir məqama diqqət edək, biz ölkəmizdə müxtəlif sahələr üzrə dərman preparatlarını istehsal edə bilmədiyimiz müddətdə, xaricdən asılı olduğumuz üçün bu problemlər də qaçılmaz olacaq. Qiymət fərqləri, keyfiyyətlə məsələsi, dərmanın xaricdə daha ucuz, bizdə isə dəfələrlə baha olması kimi ciddi problemlər mövcuddur.

Dərmanların keyfiyyəti “Tibbi Ekspertiza İdarəsi” ("Tibbi Ekspertiza İdarəsi" dedikdə, əsasən, iki qurum nəzərdə tutula bilər: Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) və laboratoriyalardan keçməlidir.

Yəni insanların da ixtiyarı var ki, dərmanların apteklərdə necə saxlanılması, real qiyməti ilə maraqlansınlar. Yəni iki əsas məsələ var, dərman istehsal edən zavoddlar açılmalı və vətəndaşlarımız öz hüquqlarını bilməli, onlardan istifadə etməlidirlər.

Maraqlıdır, niyə Türkiyədə qiyməti 3 manat olan dərman Azərbaycanda 30 manata satılır. Məhz vətəndaş bu sualı aidiyyəti qurumlara verməli və cavab tələb etməlidir”.

O qeyd edib ki, dərman şirkətləri də insanların vəziyyətini nəzərə almalıdırlar:

“Bu həm də yüksək bir vətəndaşlıq borcudur. Biz nə qədər ki, bu iki istiqamət üzrə, yəni vətəndaşlıq borcu və vətəndaşların hüquqları, bunlardan istifadə etmədikcə, zavodlarımız, açılmadığı təqdirdə bu problemlərin içində qalacağıq.

Bu gün müxtəlif sahələrdə oxşar çətinliklər mövcuddur, amma insanların sağlamlığına görə apteklərlə bağlı problemlər daha çox gündəmə gəlir. Ona görə də hər bir vətəndaş öz hüquqlarını bilməli və tələb etməlidir”.

Onun sözlərinə görə, bu gün bəzən həkimlər xəstəyə resept yazarkən dərman preparatlarının yalnız tərkibi yazımırlar, dərman vasitələrinin ticarət adı göstərirlər:

“Dərmanların tərkibinə gəlincə, bəzən həkimlər xəstəyə resept yazarkən onun ticari adını qeyd edirlər. Satış adı aptekdə mövcud olan addır. Amma hər dərmanın içində annotasiya sənədi var, burada isə tərkibi göstərilir.

Həkim xəstəyə izah etməlidir ki, sənin diaqnozuna görə bu dərmanın hansı tərkib hissəsi vacibdir. Elə dərmanlar var ki, tərkibi sadədir, elələri də var ki, qarışıqdır. Bu zaman həkim xəstəyə izah etməlidir ki, həmin qarışıqlar xəstəliyin müalicəsində necə rol oynayır.

Hətta həkimlərimiz xəstəyə dərmanı yazarkən, mütləq olaraq hansı qidaların istifadəsinə icazə verdiyini, hansılarının isə qadağan olduğunu da bildirməlidirlər. Çünki bu, böyük bir kompleksdir. Cəmiyyətimiz də bu kompleks yanaşmanı tələb etdikcə, bu işlər yoluna düşəcək”.

Xatırladaq ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin dünənki iclasında bəyan edib ki, hazırda dərman vasitələrinin keyfiyyəti, əlçatanlığı, qiymətləri cəmiyyətimizi narahat edən əsas məsələdir.

O bildirib ki, bu baxımdan “Dərman vasitələri haqqında” Qanuna mütəmadi dəyişikliklər edilir.

“Eyni zamanda, sertifikatsız həkimlərin barəsində mediada kifayət qədər məlumatlar yayılıb. Bu, bir çox insanların hətta həyatı bahasına başa gəlib. Bu sahədə Səhiyyə Nazirliyi işlər gördü, yerlərdə yoxlamalar apardı.

Bu istiqamətdə çalışdıq və Mili Məclisə tövsiyyə olunmuş qanun layihəsinə əsasən bundan sonra bu və ya digər ixtisasa yiyələnməyin yeganə yolu rezidentura keçmək olacaq. Hesab edirəm ki, bizim qəbul etdiyimiz ən vacib qanunlardan biri sertifkatlaşdırma ilə bağlı qanunlara dəyişiklik idi.

Mövcud sertifikasiya qaydalarına alternativ olan digər qaydaların da qəbul olunması mühüm məsələ idi. Bu, estetik əməliyyatlar sahəsində ölkəmizdə olan xoşagəlməz hadisələrin qarşısını alacaq”, - deyə komitə sədri bildirib.

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr