TBİLİSİ, 16 sentyabr. TELEQRAF
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin sərəncamı ilə Kutaisi şəhərində inşa olunmuş parlament binası texnoloji mərkəzə çevrilir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili ilə birgə tikilidə aparılan işlərlə tanış olub.
Layihə üzrə işlər intensiv şəkildə davam etdirilir, infrastruktur işlərin böyük hissəsi artıq başa çatdırılıb və ya son mərhələdədir.
M.Kvrivişvilinin sözlərinə görə, beynəlxalq tələblərə cavab verəcək Kutaisi Texnoloji Mərkəzi yalnız Gürcüstan üçün deyil, regional miqyasda da əhəmiyyət kəsb edən məkan olacaq.
Texnoloji mərkəzdə müxtəlif laboratoriyalar, interaktiv elm və texnologiyalar muzeyi, həmçinin süni intellekt mərkəzi yerləşəcək.
Qeyd edək ki, Gürcüstan parlamenti 2012-ci ilədək Tbilisidə yerləşib. Kutaisidə parlament üçün yeni binanın açılışı həmin ilin mayın 26-da baş tutub. Layihənin dəyəri təqribən 100 milyon ABŞ dolları təşkil edib.
2018-ci ilin sonunda Gürcüstan Konstitusiyasına edilmiş düzəlişlərdən sonra parlament Tbilisiyə qaytarılıb. Gürcüstanın Baş naziri İ.Kobaxidze ötən ilin avqustunda Kutaisidəki keçmiş parlament binasında texnoloji mərkəzin yaradılması ilə bağlı sərəncam imzalayıb. Sənədə əsasən, layihə üçün 12 milyon lari həcmində vəsait ayrılıb. Mərkəzin bu ilin sonunadək istifadə veriləcəyi gözlənilir.