AZ

Azərbaycan və BƏƏ münasibətləri: "Zəngəzur dəhlizi diqqətdədir"

"Son beş ildə Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri Yaxın və Orta Şərq ölkələridir. Onların arasında xüsusilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) seçilir. Azərbaycan və BƏƏ arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və müxtəlif sahələrdə uğurla inkişaf edir. İki ölkə arasında yüksək səviyyəli əlaqələr, qarşılıqlı səfərlər və müzakirələr bu münasibətlərin əsas göstəricilərindəndir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

O bildirib ki, Prezidentlərin qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət və ortaq maraqlara əsaslanan əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir:

"Azərbaycan–BƏƏ münasibətlərinin göstəricilərindən biri də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşündən əvvəl məhz Əbu-Dabidə görüşməsidir. Bu fakt, iki ölkə arasındakı münasibətlərin regional proseslərə təsirini göstərir. Digər tərəfdən, əməkdaşlıq ticarət, iqtisadiyyat və enerji sahələrini əhatə edir. Dünyanın əsas investor ölkələrindən biri olan BƏƏ işğaldan azad edilən ərazilərə də sərmayə yatırır. Xüsusilə “Masdar” şirkətinin fəaliyyəti və BƏƏ rəhbərinin Qarabağa səfəri bu istiqamətdə verilən önəmin bariz nümunəsidir.
BƏƏ yalnız Azərbaycanla deyil, Ermənistan və Rusiya ilə də münasibətlərə malikdir. Bu isə Zəngəzur dəhlizi məsələsində BƏƏ-nin maraqlarını göstərir. Çünki dəhlizin açılması region ölkələri ilə yanaşı, BƏƏ-yə də geniş imkanlar təqdim edə bilər".


Əfsanə Kamal
Demokrat.az
Seçilən
16
1
demokrat.az

2Mənbələr