GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Yeni tədris ili başlayan kimi ənənəvi mövzular gündəmə gəlib. Təəssüf ki, bəzi problemlərin hələ də həll edilmədiyi deyilir. İddialara görə, bir sıra təhsil müəssisələrində valideynlərdən pul yığılır. Hətta bir neçə gündür ki, sosial şəbəkələrdə bu istiqamətdə səs yazıları yayılır, faktlar ortaya qoyulur. Bildirilir ki, şagirdlərdən istər məktəbin təmiri, istərsə də tədbirlərin keçirilməsi üçün vəsait tələb edilir. Nəticədə cəmiyyətdə narazılıq yaranır.
Sinif otaqlarını niyə valideynlər təmir etdirir?
Globalinfo.az-a danışan təhsil eksperti Elşən Qafarov deyib ki, tədris ili başlayan kimi təmir, təmizlik, bilik gününə hazırlıq, summativ imtahanları üçün pul yığımları valideynlərin haqlı narazılığına səbəb olur:
“Problemin kökündə Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA), eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin prosesə nəzarət edə bilməməsi dayanır. Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq iki ildir rəhbərsizdir. Bundan əlavə, təhsil sahəsinin idarə edilməsində də ciddi ziddiyyətlər mövcuddur”.
Elşən Qafarov
Ekspert qeyd edib ki, nazirlikdəki müxtəlif qurumlar büdcə və idarəetmə səlahiyyətlərinə görə bir-biri ilə rəqabətdədir:
“Təhsilə ayrılan büdcənin 50 faizi də bu mübarizəni kəskinləşdirir. Nəticədə təhsil sistemində idarəetmə xaosu, maliyyə mənimsəmələri və pul yığımı kimi neqativ halların qarşısı alınmır. Müəllimin nüfuzu azalır, valideynlər isə əlavə maliyyə yükü daşımaq məcburiyyətində qalırlar. Bu problemlərin həlli üçün şəffaf idarəetmə qurulmalı, şəxsi və kommersiya maraqlarına xidmət edən kadrlar, yaxud strukturlar aradan qaldırılmalıdır. Əks halda, mövcud vəziyyət belə davam edəcək”.
Təhsil eksperti Kamran Əsədov bildirib ki, 2025-ci il üçün Azərbaycan dövlət büdcəsindən təhsil sahəsinə 4 milyard 946 milyon manat vəsait ayrılıb:
Kamran Əsədov
“Bu, 2024-cü illə müqayisədə 395,7 milyon manat artım deməkdir. Lakin dünya təcrübəsi ilə müqayisədə təhsilə ayrılan vəsaitin Ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisinin 3,8%, dövlət büdcəsi xərclərində isə 12% təşkil etməsi hələ də kifayət deyil. Bu məbləğ təhsil infrastrukturunun yenilənməsinə və məktəblərin təmirinə yönəldilib. 2025-ci ildə təhsilə ayrılan vəsaitlərin bölgüsü də diqqət çəkir. Əsas istiqamətlər arasında ümumi təhsilə ayrılan vəsaitlər 2 milyard 347,6 milyon manat və ya 47,5% ilə liderlik edir. Bu, ümumi təhsilin prioritet olaraq maliyyələşdirildiyini göstərir. Ali təhsilə və dövlət sifarişi ilə ali təhsil maliyyələşməsinə 750,7 milyon manat ayrılması isə nisbətən daha aşağı səviyyədədir. Təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılan 1 milyard 79,3 milyon manat vəsait (21,8%) əhəmiyyətli dərəcədə yüksəkdir”.
Ləman İmran
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.