AZ

Azərbaycanda tornado təkrarlana bilər — Ekoloqdan AÇIQLAMA

"Son dövrlərdə şimaldan gələn hava axınları daha güclü şəkildə müşahidə olunur. Bu, əsasən cənubdan gələn isti hava kütlələri ilə qarşılıqlı təsirdə olur və nəticədə müəyyən problemlər yaradır". 

Bunu Demokrat.az-a açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

O, bildirib ki, oxşar vəziyyət Şimali Amerikada da müşahidə edilir:

"Orada da şimaldan daxil olan soyuq hava axınları cənubdan gələn isti hava kütlələri ilə toqquşur və güclü atmosfer hadisələri baş verir. Bizim ərazilərdə isə bu proseslər nadir hallarda qeydə alınır. Şimaldan gələn soyuq hava axınlarının isti hava kütlələri ilə toqquşması nəticəsində müəyyən dəyişkən hava şəraiti yarana bilər. Lakin indiyə qədər ölkəmizdə tornado kimi belə güclü hadisələr müşahidə edilməyib və yaxın gələcəkdə də bu cür proseslərin baş verəcəyi ehtimalı azdır".

Ekoloq bildirib ki, bunun əsas səbəbi ərazi xüsusiyyətləridir:

"Şimali Amerikada geniş düzənliklər hava axınlarının sərbəst hərəkətinə imkan verir. Halbuki bizim region daha məhdud coğrafiyaya malikdir və Qafqaz dağları bu cür nəhəng hava kütlələrinin sərbəst hərəkətinə mane olur. Buna görə də, ölkəmizdə güclü və dağıdıcı atmosfer hadisələrinin yaranma ehtimalı çox aşağıdır".

Onun sözlərinə görə, bu proses elmi ədəbiyyatda çox nadir hallarda qeyd edilir və buna görə də narahatlıq üçün ciddi əsas yoxdur.

Qeyd edək ki, ötən gün Xəzər dənizinin Dağıstan sahili yaxınlığında tornado qeydə alınması narahatlıq doğurub.

Əfsanə Kamal
Demokrat.az
Seçilən
6
demokrat.az

1Mənbələr