Bakıda irigövdəli ağac avtomobillərin üzərinə aşıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında paytaxtın Nizami rayonu, Əzim Əzimzadə küçəsində baş verib.
Bu barədə "Xəzər Xəbər"in vatsap qaynar xəttinə ərazidə yaşayan sakinlərdən biri məlumat verib.
Xəsarət alan olmasa da, avtomobillərdən birinə ciddi ziyan dəyib. Zərər dəyən avtomobillərdən birinin sahibi bildirib ki, nəqliyyat vasitəsinin kasko sığortası var və dəyən zərər sığorta tərəfindən qarşılanacaq.
Hadisə şahidlərinin sözlərinə görə, ağac aşan zaman sözügedən küçədə içi sərnişinlərlə dolu avtomobil hərəkət edirmiş. Lakin xoşbəxtlikdən nəqliyyat vasitəsini idarə edən xanım sürücü qəzadan yayına bilib.
Sakinlər deyirlər ki, küçə boyu quru ağaclara tez-tez rast gəlmək olur. Lakin müvafiq qurumlara edilən müraciətlərə baxmayaraq, qurumuş ağaclarla bağlı tədbir görülmür.
Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirildi ki, sözügedən küçədə ağacın aşması ilə bağlı daxil olan məlumat əsasında tədbirlər görülüb və birliyin əməkdaşları tərəfindən ağac kəsilərək ərazidən götürülüb.
O da bildirildi ki, belə ağaclarla bağlı vətəndaşlar ilk növbədə yerli icra qurumlarına, bələdiyyə və icra nümayəndəliyinə müraciət edə bilərlər. Həmin nümayəndəlik tərəfindən də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət göndərilir. Yalnız nazirlik tərəfindən müvafiq rəy verilərsə, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ağacı kəsir və ya budayırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.