Arzuxan Əlizadə: “Qarışıq dünyada TDT əməkdaşlıqlarını daha da dərinləşdirməlidirlər”
Sentyabrın 12-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 4-cü toplantısı keçirilib. TŞ-nin katibi Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.
Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türk Dövlətləri Təşkilatı Katibliyinin nümayəndələrinin iştirak etdiyi toplantıda bu gün dünyada baş verən sürətli dəyişikliklər şəraitində, konkret olaraq, Təşkilata üzv dövlətlər məkanında terrorizm, ekstremizm, separatizm, kibercinayətkarlıq və digər çağırışlarla bağlı görülən tədbirlər, eləcə də Suriya Ərəb Respublikasında baş verən hadisələrin, Əfqanistandakı vəziyyətin Türk Dövlətləri Təşkilatina üzv ölkələrin təhlükəsizliyinə və sabitliyinə təsiri, həmçinin digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov müzakirə olunan məsələlərlə bağlı çıxış edib.
Bütün bu deyilənlərin fonunda, TDT-nin təhlükəsizlik katiblərinin əlaqələrini bu gün intensivləşdirməsinə dünya və regional reallıqlar baxımından nə dərəcədə ehtiyac var?
“Terrorizm, kibercinayətkarlığın artdığı bir dövrdə təhlükəsizlik sahəsində birgə əməkdaşlığa xüsusi önəm verməlidirlər”
Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, TDT üzvləri arasında əlaqələrin genişləndirilməsinə indiki dövrdə çox ciddi zərurət var: “Bu zərurəti yaradan son illər dünyada baş verən proseslər və sürətli dəyişikliklərdir. Biz görürük ki, dünya necə qütbləşir. İkinci Dünya müharibəsindən sonra qurulan təhlükəsizlik arxitekturası necə dağılır, beynəlxalq hüququn prinsipləri, ondan irəli gələn qaydalar necə yararsız bir kağız parçasına çevrilir. Dünyanın gözü qarşısında İraqı, Liviyanı, Suriyanı hansı vəziyyətə qoyduqlarını gördük. Bu gün həmin dövlətlərin adı mövcud olsa da, reallıqda parçalanmış vəziyyətdədilər. Üç il yarımdır Rusiya Ukraynada qanlı təcavüzkar müharibə aparır və Avropa bunun qarşısını almaqda acizdir. Çin, Rusiya və Şimali Koreya az qala münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırıblar. Belə bir qarışıq dünyada TDT əməkdaşlıqlarını daha da dərinləşdirməlidirlər. Yalnız birgə əməkdaşlıq sayəsində potensial təhdidləri önləmək olar. Sabah nələrin baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Terrorizm, kibercinayətkarlığın artdığı bir dövrdə TDT ölkələri təhlükəsizlik sahəsində birgə əməkdaşlığa xüsusi önəm verməlidirlər. Çünki çox vaxt terrorizmin arxasında məhz böyük dövlətlər dayanır. Məqsəd öz maraqlarını təmin etməkdir. Nəzərə almaq lazımdır ki, TDT ölkələri zəngin təbii resurslara malikdir. Bəzi böyük güclər bu sərvətlərə yiyələnmək istəyir. Üstəlik, məlum deyil yeni dünya düzəni nə zaman formalaşacaq. Bu baxımdan TDT-nin vahid güc mərkəzi olaraq güclənməsi son dərəcə zəruridir”.
Vidadi ORDAHALLI