Ölkəmizdə aztəminatlı və maddi imkanı zəif ailələrin mənzil probleminin həlli məqsədilə “sosial evlər” layihəsi həyata keçirilir. Bəs bu evlərdən yararlanmaq üçün şərtlər nədir?
Əmlak eksperti Elnur Fərzəliyev Metbuat.Az-a açıqlamasında bildirib ki, sosial mənzillərdən əsasən xüsusi imtiyazlı ailələr, o cümlədən şəhid ailələri faydalana bilirlər. Onun sözlərinə görə, bu binalarda mənzillərin qiyməti minimal səviyyədə müəyyən edilir:
“Mənzili əldə etmək üçün ilkin ödəniş edilməlidir, qalan məbləğ isə aylıq ödənişlərlə ödənir. MİDA tərəfindən təqdim olunan təmirli mənzillərin bir kvadrat metri təxminən 900 manat təşkil edir. Hər bir əmlak alarkən müəyyən faiz ilkin ödəniş tələb olunur ki, bu göstərici adətən 15 faiz civarında olur. Alınan mənzillərin satışı yalnız üç ildən sonra mümkündür. Yəni, vətəndaş mənzilin dəyərini tam ödədikdən sonra onu başqa şəxsə sata bilər”.
Ekspert əlavə edib ki, sosial xarakterli başqa layihələr də mövcuddur:
“Məsələn, məcburi köçkünlər üçün inşa olunan binalardakı mənzillər 2020-ci il – İkinci Qarabağ müharibəsindən sonra satışa çıxarıldı. Həmin mənzillər də sosial qiymətlərlə təqdim olundu. Bu layihələrdə sosial kateqoriyaya aid olmaq şərt deyildi, lakin qiymətlər münasib idi. Belə mənzillər əsasən şəhər ətrafında və bölgələrdə yerləşir”.
Sevinc İbrahimzadə