Aparılan hesablamalar göstərir ki, son 10 il ərzində Azərbaycanda ətin qiyməti üç dəfəyədək bahalaşıb. Belə ki, 2015-ci ildə ətin qiyməti 7-8 manat idisə, indi ətin qiyməti rekord həddə 22 manata çatıb. İddialara əsasən, belə davam edərsə, ən geci 2030-cu ilə kimi, ən tezi isə 2027-2028-ci ilə kimi ətin qiyməti 30 manatadək bahalaşa bilər.
Ekspertlər son dövrlərdə Azərbaycanda ətin qiymətinin bahalaşmasını heyvandarlığa marağın azalması ilə əlaqələndirir. Kənd yerlərində örüş sahələrinin azalması, yem qiymətlərinin bahalaşması, baytarlıq xidmətində kəndliyə yardımın göstərilməməsi, eləcə də məhsul satışında olan əngəllər nəticədə bu sahəyə olan marağı azaldır. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bahalaşmanın səbəblərindən biri mal-qara sahiblərinin öz məhsullarını lazımi qədər bazara çıxara bilməməsidir. Sosial media istifadəçiləri arasında heyvandalıqla məşğul olduğunu deyənlərdən bəziləri ölkədəki monopoliyanı da qiymət artımına əsas səbəb kimi göstərirlər.Məsələn, İsa Mikayıl adlı istifadəçi isə problemin kökünü bölgələrdəki su qıtlığı ilə izah edir: “4 hektar yonca sahəsini yalnız 1 dəfə biçmişəm, su yoxdur deyə, yem də yoxdur. Qış üçün yığdığım yemin bir hissəsini artıq heyvanlarıma yedizdirmişəm. Səncə mən ziyanla işlədiyim üçün bir də o mal-qaranı saxlayarammi?". Şübhəsiz ki, ətin qiymətinin artması digər xidmət sahələrində də bahalaşmaya səbəb olur. Qida üzrə mütəxəssis Ağa Salamov BBC-nin Azərbaycan xidmətinə açıqlamasında bildirir: “Günü-gündən restoranlar çoxalır, otellər, turizm və bu iaşə obyektlərində ən çox quzu əti istifadə olunur. Çünki bizim milli yeməklərimizdə kabablar, qazan yeməkləri var. Ətin qiymətinin qalxması maya dəyərinə təsir edir. Baxırsan ki, menyularda da qiymətlər artıb. Misal üçün 2-3 il əvvəl gedib oturub, 8 manata kabab yeyə bilərdiniz, amma indi onun qiyməti 12-13 manatdır”. Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda mal ətinin qiyməti 2 manat bahalaşaraq 15 manatdan 17 manata yüksəlib. Quzu ətinin bir kiloqramı isə artaraq 21-22 manata çatıb. Yeri gəlmişkən, Azərbaycanda ət idxal olunan ərzaq məhsullarında əsas yerlərdən birini tutur. Amma Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 7 ayında ət idxalında azalma var. Qurumun açıqlamasına görə, 7 ayda ölkəyə 55.1 milyon dollar həcmində 25 min 180 ton ət idxal edilib. Dövlət Gömrük Komitəsinin bildirməsinə görə, ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsiylə 13.4 milyon dollar və ya 19.6 faiz, miqdar ifadəsiylə isə 5 min 543 ton, başqa sözlə, 18 faiz azalıb. Bu ilin ilk 7 ayının nəticələrinə görə, Azərbaycanın idxal etdiyi ətin kiloqramının orta idxal qiyməti 3 manat 72 qəpik təşkil edib. Bu da illik müqayisədə 7 qəpik və ya 1.8 faiz ucuzlaşma deməkdir. Bəzi ekspertlər ölkəyə idxal edilən ətin keyfiyyətinə də şübhə ilə yanaşırlar.
Hələlik isə yerli istehsal olan ətin bahalaşması davam edir. Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov da qeyd edir ki, Azərbaycanda ətin qiymətinin yüksək olmasının səbəbi heyvandarlıq sahəsinin başlı-başına buraxılması ilə bağlıdır. Burada bir sıra işlərin görülməsi vacibdir: “Xüsusən də ət tələbatını ödəmək üçün cins heyvanlar yetişdirilməlidir. Ən başlıca problem isə yem bazasının zəifliyidir. Azərbaycanda ət yalnız o zaman bol olacaq ki, ot istehsalı kifayət qədər çox olsun. Ot yoxdursa, ət də olmayacaq. Bunu hər kəs bilməlidir. Kənd Təsərrüfatı Nazirliyi çalışır ki, istehsalda artım göstərsin. Lakin bu artım da əsasən ölkəyə idxal olunan diri heyvanların əti hesabına təmin edilir. Hazırda ölkəyə kəsim üçün gətirilən diri heyvanların sayında 2,1 faiz artım var. Bu da təbii olaraq qiymətlərə təsir edir. Əhalinin alıcılıq qabiliyyəti aşağı olan bir ölkədə ətin qiymətinin artması onu göstərir ki, istehsal azalır”. Vahid Məhərrəmov qeyd edib ki, yem istehsalı tələbatdan xeyli azdır: “Qiymətləri müqayisə etsək görərik ki, bu gün Qazaxıstanda ətin qiyməti bizim pulla 8 manat 30 qəpikdir. Azərbaycanda isə 17 manatdan yuxarıdır. Necə olur ki, Qazaxıstanda ət ucuz başa gəlir, Azərbaycanda isə baha? Halbuki bizim torpaq-iqlim şəraitimiz daha münbitdir. Hökumət bu barədə ciddi düşünməlidir. Çünki ölkədə qüvvəli yem, ot istehsalı qaydasında deyil. Örüş sahələri imkanlı şəxslərə, məmurlara satılıb. Onlar da həmin ərazilərdə istirahət zonaları yaradıblar və nəticədə örüş və təbii biçənək əraziləri azalib. Bu isə ümumi istehsala mənfi təsir göstərir. Təsəvvür edin, xarici ölkələrdə iri buynuzlu heyvanlardan gündəlik 1 kiloqramdan artıq çəki artımı əldə olunur. Azərbaycanda isə bu göstərici cəmi 400 qramdır. Buna görə də ətin maya dəyəri baha başa gəlir. Çünki yem də bahadır. Yem istehsalı tələbatdan xeyli azdır. Hazırda qüvvəli yem istehsalı tələbatdan 15 dəfə azdır. Ot istehsalı isə tələbatdan 2,5 dəfə aşağıdır. Digər yem növlərində isə vəziyyət daha acınacaqlıdır”. Hesab edilir ki, bu sahəyə dövlət tərəfindən müvafiq diqqət olmasa, qiymət artımı davam edəcək.
Ramil QULİYEV