Qubada keçirilən “İmişli” – “Sumqayıt” qarşılaşmasında qeyri-adi olay yaşandı.
Nominal meydan sahibləri vurulan yeganə qolla meydanı 3 xalla tərk etməyi bacarsa da, xallar onların yox, sumqayıtlıların hesabına yazılacaq.
Buna səbəb “İmişli” rəsmilərinin oyun protokolunu doldurarkən yol verdiyi səhvdir.
Belə ki, ikinci hissədə adı iştirak ərizəsində olmayan İbrahim Əliyevin Ezekiel Morqanı əvəzləməsi ciddi nöqsanla nəticələnib.
Qaydalara əsasən, adı sifariş ərizəsində olmayan oyunçu meydana daxil olduğu halda, komandasına texniki məğlubiyyət verilir.
Hakimin final fiti səslənən kimi qələbəni azarkeşləri ilə qeyd edən məşqçi və futbolçu heyəti sakit şəkildə paltardəyişmə otağının yolunu tutanda hadisədən xəbərləri yox idi.
Bir neçə dəqiqədən sonra otaqdan narazılıq səsləri eşidildi, etiraz dalğası ətrafı bürüdü. Baş məşqçi və köməkçiləri yol verilən səhvi qəbul etmir, nöqsana yol verən şəxsin tapılmasını istəyir, qələbəyə görə məşqçi və futbolçu heyətinə mükafat verilməsini tələb edirdi.
Həmin ərəfədə olayın kiminsə “odunda yanan qəhrəmanı” – İbrahim Əliyev meydanda var-gəl edərək göz yaşlarına hakim ola bilmirdi.
Əliyevin üzgün durumunu görən “Sumqayıt”ın məşqçisi Vurğun Hüseynov qazona ayaq basıb səbəbkarı yanına səslədi. Onu bağrına basıb qucaqladı, təsəlli verdi. Ardınca digər rəsmilər də İbrahimə tərəf yön aldılar.
“İmişli”dəkilərin yaxın durmadığı futbolçuya rəqib klubdakıların isti münasibət göstərməsi həqiqətən xoş görüntü idi.
HƏBİB / SPORTİNFO.AZ