AZ

Sabiq futbolçudan Osimhenlə bağlı qalmaqallı iddia

''Qalatasaray''da hazırda ən çox müzakirə olunan mövzulardan biri Viktor Osimhenin durumudu.

Məlum olduğu kimi, ünlü forvard Nigeriya yığmasının heyətində topuğundan zədə alıb. DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ruandaya qarşı matçın ilk yarısında zədələnən Osimhen oyuna davam edə bilməyərək əvəzlənmişdi. O bu üzdən sentyabrın 9-da Cənubi Afrikaya qarşı oyunu buraxmalı olmuş və ''Qalatasaray''ın təkidi ilə İstanbula erkən dönmüşdü.

''Cim-Bom'' xüsusi təyyarə ilə əsas forvardını İstanbula gətirərək onu tibbi müayinədən keçirdi. 26 yaşlı futbolçunun zədəsi çox da qorxulu deyil. Amma məsələ burasındadı ki, ''Qalatasaray''ı artıq bu gün ''Eyüpspor''la oyun gözləyirsə, sentyabrın 18-də Çempionlar Liqasında səfərdə ''Ayntraxt'' ilə oyun var. Türkiyə çempionu ''Eyüpspor''u Osimhensiz də yenməyə qadirdisə, Frankfurtda komandanın bu futbolçuya ehtiyacı böyükdü. İddialara görə Osimhen baş məşqçi Okan Burukla görüşdə ''Ayntraxt''la oyunda nəyin bahasına olur-olsun, meydanda olmaq istədiyini deyib.

Bu arada Afrika futbolunun yaxın keçmişdəki önəmli isimlərindən olan Asamoa Qyan Osimhenin Nigeriya yığmasının düşərgəsindən ayrılaraq tələm-tələsik İstanbula gəlməsinin ardından olduqca diqqətçəkən, hətta qalmaqallı ifadələr işlədib. Karyerasını 2023-cü ildə başa vuran və bir dönəm Türkiyədə oynayaraq ''Kayserispor''un da şərəfini qoruyan 39 yaşlı Qyan bunları deyib:
''Mən belə işləri, hiyləgərlikləri gözəl bilirəm. Bəziləri ona ''bax, sənə görə çox pul xərcləmişik. Qarşıdan da Çempionlar Liqası gəlir. Yığma ''pəncərəsində'' Afrikaya getməyin xoşumuza gəlmir. Get, orda bir az oyna, yerə yıxıl və özünü zədəli kimi göstər, ertəsi səni İstanbula gətirəcəyik'' deyib. Sizi əmin edirəm ki, Osimheni həm Türkiyə çempionatında, həm də ÇL-də meydanda çox rahat və heç nə olmayıbmış kimi ora-bura qaçan şəkildə görəcəksiz. Orda ayağına nə qədər zərbə vursalar da, yerə yıxılmayacaq və oyunu davam etdirəcək. Həkimlər də bu işin içindədi. Avro nairadan (Nigeriyanın pul vahidi - red.) daha önəmlidi''.
Qyanın bu sözləri sosial şəbəkələrdə fanatlar arasında böyük müzakirələrə səbəb oldu. ''Qalatasaray''ın baş həkimi Yenər İncənin sözlərinə inansaq, Osimhenin topuğu bir qədər də burxulsaydı, onun bağları qopa və futbolçu 3-4 aylığa sıradan çıxa bilərdi.

Adətən, belə zədələrdə futbolçular təxminən 2 həftə oynamır. Amma Osimhenin ağrıkəsici hesabına da olsa, ''Ayntraxt''la qarşılaşmada meydanda olacağı gözlənilir.

Xatırladaq ki, ''Qalatasaray'' bu yay ''Napoli''yə Türkiyə futbolu üçün tarixi bir məbləğ - 75 milyon avro ödəyərək bu futbolçunu daimi əsasda transfer edib.
Seçilən
68
1
football-plus.az

2Mənbələr