AZ

Cari ilin ilk səkkiz ayı göstərdi ki...

Qeyri-neft sektorunun yüksəlişi və investisiyaların yeni prioritetləri ölkənin dayanıqlı inkişafına inamı gücləndirir

Bu ilin yanvar-avqust aylarında açıqlanan makroiqtisadi göstəricilər ölkə iqtisadiyyatının ümumilikdə müsbət dinamika nümayiş etdirdiyini göstərir. Rəsmi rəqəmlərə görə, hesabat dövründə Azərbaycanda 83 milyard 037,8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 faizlik artım deməkdir. Ən mühüm məqamlardan biri isə iqtisadi artımın əsas yükünü artıq qeyri-neft sektorunun daşımasıdır.

Əgər neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalıbsa, qeyri-neft sektorunda əksinə, 2,6 faiz artım qeydə alınıb. Bu fakt təkcə rəqəmlərdə deyil, həm də iqtisadi siyasətin strateji istiqamətində öz təsdiqini tapır. Azərbaycanın illərdir həyata keçirdiyi şaxələndirmə kursu  real nəticələr verməkdədir.

ÜDM-in strukturuna nəzər saldıqda sənayenin hələ də ən böyük paya sahib olduğu aydın görünür – 34,9 faiz. Bununla yanaşı, ticarət 10,3 faiz, nəqliyyat 7,1 faiz, kənd təsərrüfatı və tikinti hər biri 6,3 faiz, turizm və ictimai iaşə 2,8 faiz, rabitə isə 1,8 faizlə iqtisadi balansın qorunmasında mühüm rol oynayır. İdxala tətbiq edilən xalis vergilərin 9,8 faizlik payı isə dövlət büdcəsinin formalaşmasında əhəmiyyətli mənbədir.

Əhalinin hər nəfərinə düşən ÜDM-in 8 min 111 manata çatması da iqtisadi inkişafın sosial ölçüsünü ortaya qoyur. Bu göstərici bir tərəfdən rifah səviyyəsində artımı ifadə edirsə, digər tərəfdən gələcək sosial proqramların maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır.

Qeyri-neft sənayesində yüksəliş

ÜDM-in ümumi artımında sənaye sektoru liderliyini qorusa da, dinamikanı qeyri-neft sənayesi müəyyən edir. Bu ilin ilk səkkiz ayında sənaye üzrə istehsal həcmi 42 milyard manatı üstələyib. Ən diqqətçəkən məqam isə qeyri-neft sənayesində 4,8 faizlik yüksəlişdir. Bu, sənayeləşmə prosesinin neftdənkənar sütunlar üzərində getdikcə daha möhkəm bərqərar olduğunu göstərir.

Son illər yaradılan sənaye parkları və məhəllələri də bu inkişafın mühüm dayaqlarına çevrilib. Hacıqabul Sənaye Parkının istifadəyə verilməsi, Ağdam Sənaye Parkında beşdən artıq müəssisənin işə başlaması, “Araz Vadisi İqtisadi Zonası”nda ilk istehsal mallarının bazara çıxması iqtisadi xəritədə yeni mərhələni formalaşdırır. Bu layihələr həm ixrac potensialını artırır, həm də qeyri-neft sənayesinin fiskal dəyərini yüksəldir.

Sərmayə siyasətində yeni prioritetlər

İnkişafın davamlılığını təmin edən əsas amillərdən biri sərmayə qoyuluşudur. Bu ilin ilk səkkiz ayında əsas kapitala 11,4 milyard manat yönəldilib. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, neft-qaz sektoruna qoyuluşlar 16,6 faiz azalıb, əvəzində qeyri-neft sahələrinə yatırımlar 8 faiz artıb.

İnvestisiyanın strukturuna baxanda 5,8 milyard manatın məhsul istehsalına, 3,8 milyard manatın xidmət sektoruna, 1,8 milyard manatın isə yaşayış evlərinin tikintisinə yönəldildiyi görünür. Ən böyük üstünlük daxili investisiyaların payına düşür – 8,8 milyard manat və ya ümumi qoyuluşların 77 faizi. Xarici sərmayələrin 2,6 milyard manata çatması isə Azərbaycanın hələ də beynəlxalq investorlar üçün cəlbedici bazar olduğunu sübut edir.

Sərmayələrin 9 milyard manata yaxınının tikinti-quraşdırma işlərinə yönəldilməsi həm sənaye, həm də sosial infrastrukturun möhkəmləndirilməsinə xidmət edir. Bunun paralelində, qeyri-neft ixracında da artım müşahidə olunub: 2,3 milyard dollardan artıq məhsul xarici bazarlara çıxarılıb. Xüsusən aqrar-sənaye və yeyinti məhsullarında yüksək artım Azərbaycanın ərzaq təhlükəsizliyinə və ixrac strukturunun şaxələndirilməsinə mühüm töhfə verir.

Sosial sahədə pozitiv tendensiyalar

Makroiqtisadi sabitlik əhalinin sosial rifahında da öz əksini tapır. Cari ilin ilk səkkiz ayında əhalinin nominal gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artıb. Muzdla çalışan işçilərin sayı 1 milyon 768 min nəfərə çatıb, onların yarıdan çoxu qeyri-dövlət sektorunda çalışır. Orta aylıq nominal əməkhaqqı 1098,1 manat təşkil etməklə 9,5 faiz artıb.

Ən yüksək əməkhaqqı göstəriciləri mədənçıxarma, maliyyə və sığorta, informasiya və rabitə, eləcə də elmi-texniki fəaliyyət sahələrində qeydə alınıb. Özəl sektorda isə işçilərin gəlirləri orta hesabla 1200–2000 manat arasında dəyişir ki, bu da sahibkarlıq fəallığının artdığını göstərir.

Bundan başqa, ünvanlı sosial yardımın həcminin böyüməsi və bank əmanətlərində artım vətəndaşların sosial təminat və maliyyə imkanlarının yaxşılaşmasından xəbər verir. İnflyasiyanın 5,6 faiz səviyyəsində qalmasına baxmayaraq, əhalinin real gəlirləri bu göstəricini üstələyib. Bu da sosial rifahın qorunmasına xidmət edən mühüm nəticədir.

Gələcəyə baxış

Hökumətin yaxınmüddətli ssenarilərinə görə, neft-qaz sektorunun payı tədricən azalacaq, qeyri-neft ÜDM isə əsas hərəkətverici qüvvəyə çevriləcək. Rəsmi proqnozlara əsasən, 2025-ci ilin sonuna ÜDM 129,2 milyard manata, qeyri-neft ÜDM isə 92,2 milyard manata çatacaq. Orta illik artım tempinin 3,3 faiz, qeyri-neft sektorunda isə 5 faiz olması gözlənilir.

Ən mühüm məqam isə 2028-ci ilə qədər ÜDM strukturunda qeyri-neft sektorunun payının 77,8 faizə yüksələcəyi, neft-qaz payının isə 22,2 faizə enəcəyi proqnozudur. Bu, Azərbaycanın iqtisadi müstəqilliyini daha da möhkəmləndirəcək və ölkəni neftin qiymət dəyişkənliyindən asılılıqdan xilas edəcək.

Nəticə etibarilə, Bu ilin ilk səkkiz ayı göstərdi ki, Azərbaycan iqtisadiyyatı artıq neftdənkənar inkişaf trayektoriyasına tam şəkildə qədəm qoyub. Qeyri-neft sektorunun yüksəlişi, investisiya axınının yeni prioritetlər üzrə formalaşması, sosial rifah göstəricilərinin yaxşılaşması və hökumətin ortaya qoyduğu proqnozlar ölkənin uzunmüddətli dayanıqlı inkişaf modelinə inamı gücləndirir.

Nigar Orucova, "İki sahil"

Seçilən
16
ikisahil.az

1Mənbələr