AZ

Kosmetoloq: Sızanaqların müalicəsi üçün ən uyğun vaxt payızdır

Payız sızanaqların müalicəsinə başlamaq üçün ən əlverişli mövsüm hesab olunur.

E-saglam.az xəbər verir ki, bu barədə SM-Cosmetology şirkətinin kosmetoloqu Yelena Anoiko Gazeta.Ru-ya danışıb.

Onun sözlərinə görə, hər bir dermatoloji xəstəliyin, o cümlədən sızanaqların müalicəsində uğur üç amildən asılıdır: düzgün diaqnoz, effektiv metod və müalicə vaxtı. “Payız bu proqramı başlamaq və ya tənzimləmək üçün ən yaxşı strateji dövrdür. Bu, sadəcə fikir deyil, sübuta əsaslanan tibbin və dərinin bioritmlərinin dəstəklədiyi nəticədir”, – deyə Anoiko bildirib.

Mütəxəssis ilk olaraq günəş aktivliyinin azalmasını önə çəkib. Onun sözlərinə görə, payızda UV şüalanma zəiflədiyi üçün iltihabdan sonrakı piqmentasiyanın riski xeyli azalır. Bu isə fotosensitivlik yaradan preparatların istifadəsi zamanı xüsusilə əhəmiyyətlidir.

İkinci olaraq, retinoidlər kimi sızanaq müalicəsinin “qızıl standartı” payızda daha effektiv tətbiq olunur. Retinoidlər hüceyrə yenilənməsini normallaşdırır, lakin ilkin mərhələdə quruluq və qıcıqlanmaya səbəb olur. Günəş bu yan təsirləri ağırlaşdıra bilər, payız isə dərinin daha rahat uyğunlaşmasına imkan verir.

Kosmetoloq həmçinin azelaik turşusu, salisilik turşusu və benzoil peroksidin payızda daha yaxşı tolere edildiyini qeyd edib.

Üçüncü amil kimi payızın mülayim temperatur və rütubət balansı göstərilir. Bu, dərinin müalicəyə daha asan dözməsinə və əlavə stres faktorlarının azalmasına şərait yaradır.

Dördüncü üstünlük isə vaxt amilidir: müalicə adətən 3-6 ay çəkir. Payızda başlanan terapiya yeni il mövsümündə gözlə görünən nəticə verir və növbəti yaya qədər dəri sabitləşmiş olur.

Beşinci səbəb – payızın aparat prosedurları üçün ideal olmasıdır. Pilinqlər və fototerapiya kimi üsullar qaralma məhdudiyyəti tələb etdiyindən, bu mövsümdə daha uğurla tətbiq olunur.

Anoiko bildirib ki, payızda başlanan müalicə təkcə effektli deyil, həm də daha təhlükəsizdir.

Tərcümə:Nəzrin Abbas

E-saglam.az

Seçilən
33
e-saglam.az

1Mənbələr