AZ

Xalqımız işğaldan azad edilən şəhər günlərini qürurla qeyd edir

İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni möhtəşəm səhifə yazan qüdrətli Azərbaycan Ordusu növbəti qələbəsini 2023-cü ilin sentyabrın 19-da Qarabağ iqtisadi zonasında keçirilən antiterror tədbirlərində qazandı. Həmin döyüşləri uğurla və qısa müddətdə başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Cəmi bir günə əldə edilən tarixi Qələbə separatçı və terrorçu rejimin sonunu gətirdi. Bu tarixi Zəfərimizlə sübut etdik ki, Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və alınacaq.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan dövləti Ermənistanla münasibətlərin normallaşması, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsinin imzalanması prosesinə həmişə sadiq olub. Belə ki, ölkəmiz antiterror tədbirlərinədək həmişə bu istiqamətdə bir neçə önəmli addımlar atıb. Lakin qarşı tərəfdən adekvat cavablar alınmayıb.

Təəssüflə qeyd edilməlidir ki, Azərbaycanın bu humanist davranışlarına baxmayaraq, işğalçı Ermənistan bütün vasitələrdən istifadə edərək ölkəmizin suverenliyini və ərazi bütövlüyünü hədəf almaq, ərazilərimizdə separatizmin mövcudluğunu qoruyub saxlamaq cəhdlərini davam etdirib. Bölgədə baş verən təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror əməliyyatına başlanılıb.

Lokal antiterror tədbirləri cəmi 23 saat 43 dəqiqə ərzində başa çatdırıldı. Erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Razılaşmaya əsasən, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymaqla döyüş mövqelərindən və hərbi postlardan çıxdılar. Onlar  tam şəkildə tərksilah olundu. Sentyabrın 28-də isə Qarabağın separatçı rejiminin «rəhbəri» Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.

Ən əsası isə Qarabağda separatçıların əsas rəhbərləri həbs olunaraq Azərbaycanın ədalət məhkəmələrinə təhvil verildilər. Beləliklə Azərbaycan öz dövlət suverenliyini tamamilə təmin etdi. Ölkəmizin Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizi, bərpa olunan suverenliyimizi dünyaya bir daha çatdırdı.

Artıq ölkəmiz hər il 20 sentyabr tarixini Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü kimi qeyd edəcəkdir. Həmçinin, ölkə başçısının 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilməyə başlanıldı və bu il bu əlamətdar günlər ikinci dəfə geniş şəkildə qeyd ediləcəkdir. Fəxr etməyə dəyər. Artıq xalqımız torpaqlarımızın azad edildikləri tarixləri qeyd edəcəkdir.

 

 

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü

 

 

 

Seçilən
34
1
veteninfo.az

2Mənbələr