AZ

“Formula 1”-də ən yaxşı komandaların dəyəri nə qədərdir?

“Formula 1”-də lider olan “McLaren” komandası minoritar səhmdarlar və MSP Sports Capital-ə məxsus 30 faiz səhmlərin alınması nəticəsində 3 milyard funt sterlinq ($4,1 milyard) qiymətləndirilə bilər. “Bloomberg” agentliyi bu məlumatı mənbələrə istinadən yayıb.

Bu əməliyyatdan sonra “McLaren Group Limited”in sahibləri - Bəhreyn suveren fondu “Mumtalakat” və Abu Dabidə yerləşən “CYVN Holdings” komandaya tam nəzarət edəcəklər. Xatırladaq ki, 2020-ci ildə “McLaren” komandası 560 milyon funt sterlinq (700 milyon ABŞ dolları) məbləğində qiymətləndirilmişdi.

“Formula 1” komandalarının dəyəri azarkeşlər və investorlar arasında artan maraq fonunda yüksəlir. Bu maraq Netflix video platformasında yayımlanan və baş rolda məşhur Hollivud aktyoru Bred Pittin çəkildiyi “Formula 1: Drive to Survive” film sayəsində artır. Konstrukturlar Kubokunda altıncı yerdə olan Aston Martin də səhmlərin satışı ilə bağlı danışıqlar aparır və nəticədə onun dəyəri 2,4 milyard funt sterlinq (3,3 milyard ABŞ dolları) ola bilər.

Xatırladaq ki, ötən il “McLaren” komandası 26 ildən sonra ilk dəfə Konstrukturlar Kubokunu qazandı. Komandanın pilotları Oskar Piastri və Lando Norris bu mövsümdə çempionluq uğrunda əsas namizədlərdir. Ötən il Oskar Piastri Azərbaycan Qran-Prisinin qalibi olmuşdu. Avstraliyalı pilot qarşıdakı həftəsonunda uğuru təkrarlamağa çalışacaq. Onun komanda yoldaşı Lando Norris də yüksək nəticə qazanmaq istəyir. Həmçinin məhz Bakıda mövsümün sonunda “McLaren” Konstruktorlar Kubokunu təmin edə bilər. “Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm. Şəhər yollarında yeni sınaqlar olacaq və onları necə keçəcəyimi səbirsizliklə gözləyirəm. Uokingdəki bazada çox çalışdım ki, növbəti qələbəyə tam hazır olum”, – deyə Lando Norris bildirib.

Oskar Piastri isə bildirib ki, keçən ilki Bakı yarışı onun üçün ən yaxşı xatirələrdəndir: “Həyatımın ən yaxşı yarışlarından biri idi və yüksək nəticə qazandığım trekə qayıtmaq hər zaman xoşdur. Bu həftə sonu məqsədim əvvəlki nəticəni təkrarlamaqdır”

S.MƏMMƏDOV
XQ

Seçilən
6
1
xalqqazeti.az

2Mənbələr