
Yuta ştatının prokuroru mühafizəkar fəal Çarli Kirkin qətlində şübhəli bilinən Tayler Robinsonun ölüm cəzasına məhkum edilməsini istəyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, 22 yaşlı Robinson sentyabrın 16-da Yuta ştatının prokurorluğu tərəfindən ağır qətldə ittiham edilib.
İttiham aktından sonra keçirilən mətbuat konfransında prokuror Ceff Qrey bildirib ki, ittiham tərəfinin vəsatəti Tayler Robinsona ölüm hökmü verilməsi olacaq.
Belə ki, istintaqın məlumatına görə, Tayler Robinson Çarli Kirki qəsdən öldürüb.
Qeyd edək ki, Trampın fəal tərəfdarı olan mühafizəkar bloger və fəal Çarli Kirkə sui-qəsd sentyabrın 10-da baş verib. O, Yuta Velli Universitetində çıxışı zamanı sui-qəsdə məruz qalıb. Təxminən 800 metr məsafədən atılan güllə onun boyun nahiyəsinə dəyib. Ağır yaralanan 31 yaşlı Çarli Kirk xəstəxanada dünyasını dəyişib. Qətldə şübhəli bilinən 22 yaşlı Tayler Robinson sentyabrın 12-də həbs edilib .