AZ

İkitəkərlilər paytaxt yollarında: rahatlıq yoxsa, təhlükə? - VİDEOREPORTAJ

İkitəkərlilər
İki təkərli nəqliyyat vasitələrinin – elektrikli skuter və velosipedlərin şəhər tıxacında manevr qabiliyyəti sayəsində yollarda populyarlığı artır. Lakin bu nəqliyyat vasitələrinin sürücüləri tez-tez piyada zonalarında və keçidlərdə təhlükəsizlik qaydalarına əməl etmirlər. Xüsusi narahatlıq doğuran hal isə odur ki, bu cür pozuntular həm sürücülərin özünün, həm də digər hərəkət iştirakçılarının ağır xəsarətlər almasına və hətta ölümünə səbəb olur.
Kütləvi informasiya vasitələrində bu cür qayda pozuntuları haqqında məlumatların artması ilə əlaqədar biz şəhər sakinlərindən iki təkərli nəqliyyat vasitələrindən istifadə edib-etmədiklərini, eyni zamanda onların sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə qarşılaşıb-qarşılaşmadıqlarını soruşduq. Sorğuda iştrak edənlər arasında həm bu nəqliyyat növündən istifadə edən və digər hərəkət iştirakçılarını günahlandıraraq "iki təkərli nəqliyyat vasitələrini idarə edənləri" dəstəkləyənlər, həm də yollardakı və yol hərəkəti qaydalarındakı çatışmazlıqlardan narazılığını bildirənlər var idi. Yol hərəkəti qaydaları ilə bağlı narazılığını bildirən sakinlərin fikirlərini nəzərə alaraq, məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi Toğrul Nəsirliyə müraciət etdik.
Toğrul Nəsirli
Onun sözlərinə görə, mövcud qanunvericiliyin tələblərinə əsasən, yüngül elektrikli nəqliyyat vasitələrini idarə edən şəxslər ümumi istifadədə olan avtomobil yollarında yalnız sağ zolaqla hərəkət etməlidirlər. Onların digər zolaqlardan, eləcə də velosiped zolağının yanında hərəkət etməsi qadağandır. "Onlar həmçinin yol nişanlarının, nişanlanmanın, svetoforun və ya nizamlayıcının siqnallarının tələblərinə riayət etməyə borcludurlar. Bu qaydaların pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə nəzərdə tutulub", - deyə T.Nəsirli bildirib. Sonda yol polisi nümayəndəsi iki təkərli nəqliyyat vasitələrinin sürücülərini özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamaq üçün qaydalara ciddi riayət etməyə çağırıb. Sorğu keçirilmiş bir çox şəhər sakini yollarda velosiped zolaqlarının qeyri-kafi olmasından narazılığını bildirdiyi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinin rəhbəri Tural Orucova müraciət etdik.
Tural Orucov
T.Orucovun sözlərinə görə, AYNA-nın həyata keçirdiyi Bakıda mikromobillik nəqliyyatı infrastrukturunun inkişafı layihəsi çərçivəsində beynəlxalq təcrübə və agentliyin konseptual planı nəzərə alınaraq fasiləsiz zolaqlar şəbəkəsi yaradılır. Velosiped yolları mərhələli şəkildə birləşdirilir. Əgər zolaq bitirsə və ya yoxdursa, velosipedçilər və skuter istifadəçiləri yolun sağ tərəfi ilə hərəkəti davam etdirə bilərlər – qanunvericilik buna imkan verir. “Hazırda işlər “Elmlər Akademiyası” metrostansiyasının ətrafında və ona bitişik küçələrdə aparılır. Əvvəllər Hüseyn Cavid prospektində yaradılan şəbəkə Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Rahim və Mətbuat küçələrinə qədər uzadılıb. Artıq təxminən 40 km zolaq təşkil edilib”, - deyə AYNA rəsmisi qeyd edib. Tural Orucovun sözlərinə görə, layihədə həmçinin istifadəçilərin təhlükəsizliyi üçün yol nişanlarının quraşdırılması, pandusların, mühafizə baryerlərinin və svetoforlarda xüsusi bölmələrin tikintisi də nəzərdə tutulur. Statistikaya əsasən, bu cür zolaqların artması ilə mikromobil nəqliyyata maraq da artır. İnsanlar özlərini daha təhlükəsiz hiss edir və bu nəqliyyatdan daha tez-tez istifadə edirlər – aylıq icarə sifarişlərinin sayı yarım milyona yaxınlaşır. Şəxsi velosipedlər və skuterlər nəzərə alındıqda real rəqəmlər daha yüksəkdir. Öz növbəmizdə, ümid edirik ki, dövlət qurumları və vətəndaşların birgə səyləri bütün hərəkət iştirakçıları üçün daha təhlükəsiz və rahat mühitin yaranmasına gətirib çıxaracaq. İnfrastruktur daha düşünülmüş, ikitəkərli nəqliyyat vasitələrini idarə edənlər isə daha məsuliyyətli olduqda Bakı küçələri hər kəs üçün daha da rahat olacaq. Faiqə Məmmədova Foto+video: Nadir İbrahimli
Seçilən
17
1news.az

1Mənbələr