AZ

Qeyri-formal məşğulluq həm işçi, həm də işəgötürən üçün mənfi nəticələrə səbəb olur – MÜSAHİBƏ

“Son illərdə bu sahədə qanunvericilik xeyli sərtləşdirilib”

Bakı, 17 sentyabr, AZƏRTAC

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 159 xidmətindən 145-i və ya 90 faizdən çoxu elektron qaydada təqdim olunur. Həmçinin əmək və sosial müdafiə sahəsi üzrə 60 proaktiv xidmət yaradılıb. Mühüm rəqəmsal layihə kimi 2019-cu ildən ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış, habelə yaranan sosial-əmək hüquqlarının təminatına ictimai nəzarət imkanı yaradan e-sosial internet portalı fəaliyyət göstərir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin müdiri Rəşad Dayıyev məlumat verib. Şöbə müdiri ilə müsahibəni təqdim edirik.

- Rəşad müəllim, əmək bazarında əmək müqaviləsi olmadan, yəni qeyri-formal olaraq əmək fəaliyyəti göstərənlərə də rast gəlinir. Qeyri-formal məşğulluğun hansı mənfi təsirləri var və bu cür əmək fəaliyyəti işçilər üçün nə kimi problemlər yaradır?

- İlk növbədə bildirim ki, məşğulluğa dair qanunvericilikdə qeyri-formal məşğulluğun aydın izahı verilib. Yəni, qeyri-formal məşğulluq Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Mülki Məcəlləyə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də “Ailə kəndli təsərrüfatı haqqında” Qanuna uyğun olaraq yerli özünüidarəetmə orqanlarında qeydiyyata durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsidir.

İndi qeyri-formal məşğulluq inkişaf səviyyəsindən asılı olmayaraq bütün dünya ölkələrində mövcuddur. Qeyri-formal məşğulluq daha çox özünü qeyri-dövlət sektorunda, xüsusilə də, tikinti və xidmət sektorunda göstərir. İşçi ilə əmək müqaviləsi bağlamadan, onunla qeyri-formal əmək münasibətləri quran işəgötürən bununla vergi və məcburi dövlət sosial sığorta ödəmələrindən yayınmaq məqsədi güdür. Lakin belə hallar, yəni qeyri-formal məşğulluq işçini əmək və sosial müdafiə (o cümlədən gələcək pensiya təminatı), həyat və sağlamlığının mühafizəsini təmin edən əmək şəraitində çalışmaq hüquqlarından məhrum edir.

İşçi əmək müqaviləsi bağlamadan işəgötürənlə əmək münasibətləri qurduqda onun ödənişli və ödənişsiz məzuniyyətlərindən istifadə etmək, qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətində çalışmaq, minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqı almaq, əmək müqaviləsində müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri icra etməkdən imtina etmək, işəgötürən tərəfindən peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və s. kimi hüquqları olmur. Onun işsiz qaldığı müddətdə isə işsizlikdən sığorta ödənişi almaq hüquqları yaranmır. Eyni zamanda, işəgötürən tərəfindən qeyri-formal məşğulluğa cəlb edilən işçi üçün sağlam və təhlükəsiz əmək şəraiti də yaradılmır.

Yaxud, qeyri-formal əmək fəaliyyəti göstərən işçi iş yerində bədbəxt hadisə zamanı xəsarət alaraq əmək qabiliyyətini itirdikdə onun sosial təminatla əhatə olunmaq hüququ mövcud olmur, nəticədə köməksiz vəziyyətdə qalır. Qeyri-formal məşğulluq dövlət büdcəsi daxilolmalarına, əmək ehtiyatlarından səmərəli istifadə olunmasına, layiqli əməyin dəstəklənməsinə ziddi zərər vurur.

- Qeyri-formal məşğulluğun işəgötürənlər üçün də mənfi təsirləri varmı?

- Onu deyim ki, əmək münasibətlərinə cəlb etdiyi hər bir işçi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada əmək müqaviləsini bağlamaq işəgötürənin əsas vəzifələrindən biridir. İşəgötürən işçi ilə əmək müqaviləsini bağlamaqdan imtina edə bilməz. İşçi ilə əmək müqaviləsinin bağlanmaması ilk növbədə işəgötürən üçün məsuliyyət yaradır.

Son illərdə bu sahədə qanunvericilik də xeyli sərtləşdirilib. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan 2 min manatadək, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər isə 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilir.

Eyni zamanda, işçini əmək müqaviləsi bağlamadan əmək münasibətlərinə cəlb edən işəgötürənlər bununla nəticədə iqtisadi mənafelərinə, müəssisədə əmək məhsuldarlığına, keyfiyyətli istehsal və xidmət prosesinə zərər vurmuş olurlar. Təcrübə göstərir ki, qeyri-formal məşğulluğa yol verilən iş yerlərində səmərəlilik olduqca aşağı, istehsal olunan mal və xidmətlər isə keyfiyyətsiz olur. Ona görə də qeyri-formal məşğulluq hallarının aradan qaldırılmasında, qeyri-formal məşğulluğun leqallaşdırılmasında işçilər və işəgötürənlər eyni dərəcədə maraqlı olmalıdırlar.

- Hazırda ölkəmizdə qeyri-formal məşğulluqla mübarizə sahəsində Azərbaycan hökuməti tərəfindən ciddi tədbirlər həyata keçirilir. Söhbətimizi bu mövzuda davam etdirmək istərdik...

- Əhalinin rifah səviyyəsinin yüksəldilməsi, hər bir vətəndaşın iqtisadi və sosial hüquqlarının qorunması Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan sosial dövlət konsepsiyasının başlıca istiqamətidir. Bu baxımdan, qeyri-formal məşğulluğun aradan qaldırılması da həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin mühüm tərkib hissəsidir.

Hələ 8 il əvvəl, 2017-ci ildə dövlətimizin başçısının Sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradılması da qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində aparılan sosial-iqtisadi siyasətin daha da gücləndirlməsi və bu sahədə praktik nəticələrə nail olunması məqsədinə xidmət edib. Həmin Sərəncamla yaradılmış Komissiyaya əmək münasibətləri iştirakçılarının iqtisadi və sosial hüquqlarının tənzimlənməsi və sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər planının hazırlanmasını və təsdiq edilməsini, eləcə də bu sahədə nəzarət tədbirlərinin əlaqələndirilməsini təmin etmək tapşırılıb.

Komissiya tərəfindən mütərəqqi təcrübə nəzərə alınmaqla qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində tədbirlər müəyyənləşdirilib və Tədbirlər Planı Prezidentin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilib. Tədbirlər Planında 36 tapşırığın icrası üzrə 24 icraçı qurum tərəfindən görülməli olan, 5 bölmədən ibarət olmaqla qanunvericiliyin, inzibatçılığın təkmilləşdirilməsi, nəzarət tədbirləri, monitorinq və qiymətləndirmə sisteminin qurulması, eləcə də təbliğat və təşviqat kampaniyalarının keçirilməsi istiqamətlərini əhatə edən tədbirlər əks olunub. Tədbirlər Planı üzrə ötən dövrdə mühüm işlər aparılıb və onun icrası indi də davam edir.

Ümumilikdə Komissiyanın fəaliyyəti ərzində ölkədə formal məşğulluğun təşviqi məqsədi ilə bir çox qanunvericilik aktları, o cümlədən yeni “Məşğulluq haqqında” Qanun qəbul edilib, “İşsizlikdən sığorta haqqında” Qanun qüvvəyə minib, İşsizlikdən Sığorta Fondu yaradılıb, işçilərin və işəgötürənlərin formal məşğulluğa marağını artırmaq məqsədilə vergi və sosial sığorta sahəsində islahatların dəstəklənməsi məqsədilə qanunvericiliyə mühüm dəyişikliklər edilib.

Komissiyanın fəaliyyəti çərçivəsində yerlərdə məşğulluq sahəsində tədbirlərin əlaqəli şəkildə həyata keçirilməsi məqsədi ilə məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrinin dəstəyi ilə qeyri-formal məşğulluğun azaldılması sahəsində mütəmadi işlər aparılır və hər il onların iştirakı ilə xüsusi müşavirələr keçirilir. Burada başlıca məqsəd yerlərdə formal məşğulluğun artırılması istiqamətində sistemli və əlaqəli tədbirlərin davamlı aparılmasıdır.

- Komissiyanın fəaliyyəti dövründə qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində hansı irəliləyişlər əldə edilib?

- Komissiyanın yaradıldığı vaxtdan ötən dövrdə əmək müqavilələrinin sayında davamlı artım dinamikası özünü göstərir. Həmin dövrdə məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində görülən kompleks tədbirlər nəticəsində əmək bazarında müsbət dinamikaya nail olunmaqla, əmək müqavilələrinin sayı 577 min və ya 45 faiz artaraq 2025-ci il avqustun 1-nə 1 851 mini ötüb.

Xüsusilə qeyd etmək istərdim ki, həmin dövrdə özəl sektorda əmək müqavilələrinin sayının artırılmasında ciddi irəliləyişlər baş verib, həyata keçirilən tədbirlər nəticəsində özəl sektorda bağlanan əmək müqavilələrinin sayı rekord həddə çataraq 1 milyonu ötüb. Əmək müqaviləsi ilə çalışan həmin işçilər bununla qanunvericiliyə əsasən dövlət tərəfindən təqdim edilən sosial dəstək paketlərindən yararlanmaq imkanı qazanıblar. Yəni, onlar əmək qabiliyyətini müvəqqəti itirdikdə kompensasiya, iş yerini itirdikdə işsizlikdən sığorta ödənişi almaq, həmçinin tibbi sığorta, sosial təminat və s. hüquqlar əldə ediblər.

İşəgötürənlər tərəfindən vergi və sosial sığorta ödənişlərindən yayınmaq məqsədilə faktiki əmək münasibətlərində olan işçilərlə əmək müqaviləsi əvəzinə mülki-hüquqi müqavilələrin bağlanmasının qarşısının alınması, formal məşğulluğa keçidi stimullaşdıran bir sıra tədbirlərin görülməsi, əmək və məşğulluq sahəsində elektron qaydada aşkar edilmiş qanun pozuntularına dair məhz elektron qaydada protokol və qərarların tərtib edilməsi və s. də aparılan işlərin əsas istiqamətlərindəndir.

Ölkədə qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində həyata keçirilən tədbirlər sistemliyi və ünvanlılığı baxımından Beynəlxalq Əmək Təşkilatı tərəfindən də uğurlu təcrübə kimi müxtəlif beynəlxalq tədbirlərdə nümunə göstərilib. Digər tərəfdən, ölkəmiz Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA) tərəfindən “Yaxşı təcrübələr üzrə mükafatlar” adlı Avropa müsabiqəsində təltif olunub.

- Son illər əmək və məşğulluq sahəsində münasibətlərin elektronlaşması təmin edilib. Rəqəmsal transformasiya əmək münasibətləri sahəsində, habelə qeyri-formal məşğulluğun qarşısının alınmasında hansı yeni imkanlar açır?

- Son illər aparılan genişmiqyaslı sosial islahatlar çərçivəsində dövlət sosial xidmətlərinin rəqəmsal platformada qurulması sahəsində də mühüm uğurlar əldə edilib. Hazırda nazirliyin 159 xidmətindən 145-i və ya 90 faizdən çoxu elektron qaydada təqdim olunur. Həmçinin əmək və sosial müdafiə sahəsi üzrə 60 proaktiv xidmət yaradılıb. Mühüm rəqəmsal layihə kimi 2019-cu ildən ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış, habelə yaranan sosial-əmək hüquqlarının təminatına ictimai nəzarət imkanı yaradan e-sosial internet portalı fəaliyyət göstərir.

Eyni zamanda, innovativ həllərin geniş tətbiqi şəraitində məşğulluq xidmətlərinin, ümumilikdə məşğulluq sahəsində idarəçiliyin elektronlaşdırılması həyata keçirilib. 2022-ci ildə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) istifadəyə verilib. ƏMAS bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platformasını və əmək bazarının bütün iştirakçılarına yeni ciddi dəstək mexanizmini formalaşdırır. Həmin altsistem ölkə üzrə muzdla çalışan işçilər barədə məlumatları və iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əmək haqları üzrə məlumatları real vaxt rejimində görməyə imkan verir.

Qeyd etmək lazımdır ki, ƏMAS vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur. Əmək müqavilələrinin e-sənəd formasında bağlanması prosesi uğurla davam edir və həmin müqavilələrin artıq 95 faizi elektronlaşdırılıb. Əmək müqavilələrinin e-sənəd formasında bağlanması ilə yanaşı, əmək müqaviləsinin dəyişdirilməsi, yaxud ona xitam verilməsi də e-qaydada icra edilir. Bu ilin mart ayından “e-Sosial” portalının mobil tətbiqində də əmək müqavilələrinin e-qaydada imzalanmasına imkan verən funksiya işə salınıb və bu, əmək münasibətlərinin rəqəmsal müstəviyə keçidini sürətləndirməklə, müqavilələrin e-qaydada imzalanma prosesini daha çevik və vətəndaşlar üçün əlçatan edib.

Həmin rəqəmsal transformasiya ilk növbədə əmək münasibətləri sahəsində şəffaflığın təmin edilməsinə, əmək bazarına, işçi və işəgötürənlər arasında əmək münasibətlərinin qanunvericiliyə uyğun olaraq qurulmasına daha çevik, effektiv dövlət nəzarətinin həyata keçirilməsinə imkan verib.

- Təbii ki, qeyri-formal məşğulluğun qarşısınn alınmasında məlumatlandırma işləri də mühüm rol oynayır...

- Doğrudur. Qeyd edim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə son illər ardıcıl təbliğat-maarifləndirmə işləri aparılır. Əmək müqaviləsinin üstünlükləri və qeyri-formal məşğulluğun mənfi nəticələri barədə, habelə əmək müqavilələrinin sayının mütəmadi artımı ilə bağlı məlumatlar, qrafik və kreativ reklamlar, qısametrajlı sənədli filmlər, posterlər, bukletlər, müsahibələr və s. hazırlanaraq mediada geniş yayımı təmin edilir. Məlumatlandırma kampaniyasına sosial şəbəkələrdə geniş izləyici auditoriyası olan tanınmış incəsənət xadimləri, bloqerlər də iştirakı ediblər. Həmin təbliğat və məlumatlandırma işləri mütəmadi xarakter daşıyır və bu sahədə göstərilən fəaliyyətin daha da genişləndirilməsi nəzərdə tutulur.

Seçilən
53
1
azertag.az

2Mənbələr