AZ

Rusiya “S-400”ləri Türkiyədən geri istəyir?

Qardaş ölkənin bu sistemlərə ehtiyacı ilbəil azalır

“Rusiya 2019-cu ildə Ankaraya satdığı “S-400” zenit-raket komplekslərini Türkiyədən alıb, başqa ölkəyə satmaq istəyir”. Xəbər verildiyi kimi, belə bir iddianı Türkiyənin “Nəfəs” qəzeti irəli sürüb. 

Bildirilib ki, Moskvada ehtiyatda göndərilməyə hazır heç bir sistem yoxdur – mövcud olanların hamısını Rusiyanın özü istifadə edir. “Bu arada Türkiyənin Rusiyanın “S-400”lərinə ehtiyacı hər il azalır. Ölkə özünün “Polad Qübbə” milli hava hücumundan müdafiə sistemini inkişaf etdirir. Bundan əlavə, “S-400” NATO strukturuna inteqrasiya oluna bilməz və sistemin raketləri artıq istismar müddətinin yarısını işləyib və texniki xidmət tələb edir”, – nəşr vurğulayıb.

Qəzet xatırladıb ki, Türkiyə Rusiyadan 2,5 milyard dollara iki “S-400” diviziyası alıb (müqavilə 2017-ci ildə imzalanıb, tədarüklər 2019-cu ildə başlayıb). Lakin bu alış ABŞ-nin sərt reaksiyasına səbəb olub: “CAATSA qanunu çərçivəsində Ankaraya qarşı sanksiyalar tətbiq edilib və Türkiyə “F-35” beşinci nəsil qırıcı proqramından çıxarılıb. Bu gün Türkiyə “F-16” qırıcılarının alınması və modernləşdirilməsi ilə bağlı danışıqlar aparır, həmçinin “F-35” layihəsinə qayıtmağı gözləyir, buna görə də Ankara Rusiya sistemlərinin geri qaytarılması variantını nəzərdən keçirə bilər”.

“RİA Novosti” isə Ankaradan adını qeyd etmədiyi mənbəyə istinadən xəbər yayıb ki, yayılan məlumatlar əsassızdır: “Belə bir vəziyyət yoxdur. Türkiyə Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə sistemlərinin geri qaytarılacağı və ya başqa ölkəyə satılacağı ilə bağlı iddiaları rədd edir.

Bəs “S-400”lərin geri verilməsi mümkünmü? Hazırda qardaş ölkənin bu sistemlərə nə dərəcədə ehtiyacı var?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, “S-400” hava hücumundan müdafiə sistemləri Ankara yaxınlığında yerləşdirilib və Türkiyədə stasionar hava hücumundan müdafiə sistemi, mərkəzləşmiş komanda məntəqəsi yoxdur: “Türkiyədə ancaq nöqtə sistemidir ki, bu da NATO hava hücumundan müdafiə sistemidir. Bu o deməkdir ki, aviabazalarda, böyük birləşmələrdə yerləşən nöqtə sistemi ilə ölkənin hava məkanı qorunur. Amma Rusiyanın istehsalı olan “S-400” hava hücumundan müdafiə sistemi  bu günə kimi hələ də döyüş növbəsinə çıxmayıb. Sadəcə, iki dəfə sınaqdan keçiriblər. Türkiyənin Sinop şəhərində dəniz ərazisində “S-400” sistemlərini sınaqdan keçiriblər. Lakin “S-400” sistemi bu gün də hələ Türkiyənin özündə uyğunlaşdırılmayıb, döyüş növbəsini aparmır. Çünki bu sistemi NATO sisteminə uyğunlaşdırmaq lazımdır. Bu məsələ isə hələ də həll edilməmiş qalır”.

Medianın

Rövşən Məhərrəmov

Ekspertin sözlərinə görə, Türkiyə dövləti özü hava hücumundan müdafiə sistemlərini istehsal edir və çalışır ki, ölkə ərazini özünün istehsal etdiyi hava hücumundan müdafiə sistemini quraraq qorusun: “Dediyimiz kimi, “S-400” hava hücumundan müdafiə sistemləri Türkiyə sisteminə inteqrasiya olunmayıb. Nəticədə sanki lazımsız bir şeyə çevrilib. Türkiyədə hava hücumundan müdafiə sistemi aviabazaları qoruyur və müdafiəni qırıcı təyyarələrlə həyata keçirirlər. Hər hansı hücum olduqda aviasiya havaya qaldırılır və təhlükəni havada vurub məhv edir. NATO sistemində bu cürdür. Buna görə də Türkiyə ordusunda təyyarələrin sayı kütləvidir. Azərbaycanda isə hava məkanı sərhəddən sərhədə qədər tam olaraq qorunur. Kənardan hücum yalnız qırıcı təyyarələrlə deyil, eləcə də “S-300” hava hücumundan müdafiə sistemləri vasitəsilə qarşılanır və dəf edilir”.

R.Məhərrəmov qeyd etdi ki, Türkiyə “S-400” hava hücumundan müdafiə sistemlərini qaytarsa, “F-35” layihəsinə qayıda bilər: “Eyni zamanda “Petriot” sistemləri əldə edə bilər. Hazırkı vəziyyətdə isə bunlara nail olması “S-400” üzündən sual altındadır. “S-400” sistemini Türkiyədəki mövcud NATO sisteminə inteqrasiya etmək üçün uzun zaman lazımdır. Bunu həyata keçirmək elə də asan deyil və heç də hər mütəxəssis bunu bacarmır. İnteqrasiya mümkün olmasa, “S-400” hava hücumundan müdafiə sistemlərini Türkiyə geriyə qaytara bilər. Ancaq buna gediləcəyi ehtimalı çox azdır. O ki qaldı Rusiyanın “S-400”ləri geri istəməsi barədə deyilənlərə, Rusiya mediasında bu barədə yayılan xəbər təkzib edilib. Amma rəsmi təkzib də yoxdur. Hesab edirəm ki, Rusiya “S-400”ləri geri istəməz. Çünki bu zaman onə ödənilən vəsaitin geri qaytarılması məsələsi ortaya çıxacaq, eyni zamanda, dediyimiz kimi, Türkiyə “F-35” layihəsinə qayıda bilər. Bunu isə Rusiya arzulamır”.

“Yeni Müsavat”

Seçilən
10
2
editor.az

3Mənbələr