“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin yekun tədbiri keçirilir.
QHT.az xəbər verir ki, tədbirin aparıcısı Serdar Serderan Şengül iştirakçıları salamlayaraq tədbiri açıq elan edib. Ardınca Türk dünyasının birliyi uğrunda tarix boyu fədakarlıqlar edənlər, o cümlədən dahi öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürk, həmçinin Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş Azərbaycan övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyənin İstiqlal Marşı səsləndirilib.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və CASCFEN sədri, layihə rəhbəri Nadir Azəri çıxış ediblər. Ahmet Tecim Türk dünyasının güclənməsində belə layihələrin önəmini vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə qardaşlığın hər gün daha da möhkəmləndiyini bildirib.
Nadir Azəri isə layihə çərçivəsində görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, 5 ay davam edən layihə müddətində uşaqlar, yeniyetmələr və gənclərə tövsiyə xarakterli məqalələr hazırlanıb, televiziya verilişləri çəkilib, tələbələr arasında yazı müsabiqəsi keçirilib. Layihə çərçivəsində həmçinin Şimali Kipr Türk Cümhuriyyətində “Bizim ailəmiz türk dünyasıdır” mövzusunda konfrans, Manisada isə dəyirmi masa təşkil olunub.
Tədbir zamanı Şimali Kipr və Manisada keçirilən görüşlərdən hazırlanmış videomaterial nümayiş etdirilib.