Ermənistanın news.am saytı OC Media qrupuna istinadən Naxçıvan -Türkiyə sərhədindəki son durum barədə diqqət çəkən xəbər yayıb. Bəri başdan qeyd edək ki, bu məlumatın səhihliyi və ya feyk xəbər olması barədə heç bir mülahizə yürütmürük. Oa bilər ki, erməni xislətinə uyğun provakasiya xarakterli məlumat olsun, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərimizə kölgə salmaq niyyətli olsun. Amma erməni mediası bunu Naxçıvandan xəbərləri işıqlandıran “Gündəlik Naxçıvan” sosial şəbəkəsinə istinad edərək yayıb. Məlumatda deyilir ki, Türkiyə hakimiyyəti bir neçə həftədir ki, Naxçıvandan taksi sürücülərinə qadağa qoyub. Resursun məlumatına görə, yeni qaydanı pozan taksi sürücüləri cərimələnir, avtomobilləri isə 15 gün müddətinə müsadirə olunur.
"Cümə axşamı sürücülər Facebook səhifəsində bildiriblər ki, polis onları gömrükdən keçdikdən sonra 20 kilometrlik nəzarət zonasında yoxlamaq üçün saxlayıb" - OC Media belə yazır. Onların yazdıqlarına görə, Türkiyə sərhədçiləri taksi sürücülərini digər sürücülərdən sərnişinlərinin ad və soyadını soruşmaqla fərqləndirirlər.
“Gündəlik Naxçıvan” taksi sürücülərinə istinadən xəbər verir ki, “yoxlamadan keçməyən sürücülər cərimələnir, avtomobilləri isə cərimə meydançasına göndərilir. Taksi sürücüsü Gündüz Məmmədov “Gündəlik Naxçıvan”a bildirib ki, bir neçə gün əvvəl də eyni qaydada cərimələnib.
"Uzun illər Türkiyəyə sərnişin daşımaqla dolanışığımızı təmin edirdik. Son vaxtlar 15 gündə bir dəfə ora getməyə icazə verilirdi. İndi Türkiyə tərəfi bizi dolanışığımızdan tamamilə məhrum edib" - taksi sürücüsünə istinadən belə yazılıb. Bəli, bütün bu faktlar erməni mediasında yazılanlardır. Biz "Bakı Xəbər" olaraq obyektiv yanaşmanın tərəfindəyik. Məlumatın doğru olub-olmadığını araşdıracayıq.
Mətləb Salahov