AZ

Ədalətin təntənəsi!

İlham Əliyev: Biz ədaləti bərpa etdik, ilk növbədə, öz haqqımızı bərpa etdik, erməni işğalına son qoyduq

Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərin bərpası və məskunlaşdırlması, Böyük Qayıdış proqramının həyata keçirilməsi ilə bağlı gözəl ənənə formalaşıb. Belə ki, şanlı zəfərlərimizin əsas memarı olan Prezident İlham Əliyev ardıcıl olaraq işğaldan azad edilmiş ərazilərə səfərlərə gedir, burada həm layihələrin icra vəziyyəti ilə maraqlanır, Özünün dəyərli tövsiyələrini verir, həm də artıq doğma yurd yerlərinə qayıtmış sakinlərlə görüşərək onların arzu və istəklərini dinləyir, eyni zamanda, Azərbaycanın yaratdığı reallıqları, qalib dövlətin gündəliyinin əsas məsələlərini beynəlxalq birliyin diqqətinə çatdırır. Bu baxımdan dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə son səfəri çərçivəsində Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşü də istisna olmayıb. Həmin görüşdə uzun əzab-əziyyətdən sonra dövlətin dəstəyi ilə yurd yerlərinə geri qayıdan sakinlərə təbriklərini, ürək sözlərini çatdıran Prezident İlham Əliyev, həmçinin bir sıra ciddi mesajlar verib.

Azərbaycan mərhələli yollarla ərazi bütövlüyünü və suverenliyini tam təmin edib

Məlumdur ki, hazırda dünyada beynəlxalq hüquq işləmir, ədalətsizlik hökm sürür, güc mərkəzləri milli dövlətlərə münasibətdə ikili standartlardan çıxış edirlər. Belə vəziyyətdə çıxış yolu milli dövlətlərin iradəsində, gücündə və qətiyyətindədir. Müstəqil Azərbaycan bu sahədə də dünyaya nümunə təqdim edib - işğalla heç vaxt barışmamaq nümunəsi, cəmiyyətin, xalqın milli dövləti ilə sıx birləşməsi, həmrəy olmaq nümunəsi, ən kritik məqamlarda Liderin qətiyyət göstərməsi və doğru seçim etmək nümunəsi. “Ən önəmlisi isə siz doğma Qarabağ diyarında artıq əbədi yaşayacaqsınız - siz və sizin davamçılarınız. Bu, ədalətin təntənəsidir. Biz ədaləti bərpa etdik, ilk növbədə, öz haqqımızı bərpa etdik, erməni işğalına son qoyduq. Bunu mərhələli yollarla etdik”, - deyə Prezident İlham Əliyev bəhs olunan görüşdə bildirib.

Son beş ildə qazandığımız zəfərlər tariximizdə əbədi qalacaq və həmişə də bizim qürur mənbəyimiz olacaq. Biz XXI əsrin müharibəsini apararaq hədəflərimizə çatmışıq. Hazırda Azərbaycan xalqı bütün dünyada   qalib və ləyaqətli xalq kimi tanınır və hörmət göstərilir. Ancaq tarixi qələbələrimizi əldə edənədək biz bir sıra çətinliklərdən keçmişik.

Təbii ki, Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmayıb. Üç onillik ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayanıb. Azərbaycan dövləti və cəmiyyəti artıq taixdə qalan Dağlıq Qarabağ münaqişəsində yekdil mövqe və güclü həmrəylik ortaya qoyub. Əsas məqam ondan ibarətdir ki, Prezident, Ali Baş Komandan İlham Əliyev ölkəmizin gücünü ümummilli ideya ətrafında cəmləşdirməyi və səfərbər etməyi bacarıb.

2020-ci il sentyabrın 27-dək ölkəmizdə bütün müharibə hazırlıqları bitmişdi - düşmənə sarsıdıcı zərbələr endirməyə qadir olan Ordumuz var idi, cəmiyyətin ovqatı da torpaqların işğaldan birdəfəlik azad olunamsına köklənmişdi. Ölkədə məhz İlham Əliyevin rəhbərliyi dönəmində Vətənə, xalqa bağlı gənclik formalaşmışdı.

İlham Əliyev məhz bu kimi amilləri nəzərə almaqla 2020-ci il sentyabrın 27-də düşmənin keçmiş təmas xətti boyunca törətdiyi növbəti təxribatlara genişmiqyaslı əks-hücum əməliyyatları ilə cavab verilməsi barədə göstərişləri verdi. Ali Baş Komandanın bütün tapşırıqlarını yerinə yetirən Ordumuz müharibə dövründə daim irəlilədi və cəmi 44 gün ərzində düşməni diz çökməyə məcbur etdi. Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan ərazi bütövlüyünün hərbi-siyasi yolla təmin edilməsinə nail oldu.

Bunun ardınca isə Azərbaycan ordusu 2023-cü il sentyabrın 19-20-də uğurlu lokal xarakterli antiterror əməliyyatı həyata keçirdi və beləliklə də, ölkəmizin ərazisində separatizmin kökü tamam kəsildi, suverenliyimiz təmin edildi. “...19-20 sentyabr antiterror əməliyyatı onlara dərs oldu və hamıya dərs oldu. Cəmi bir neçə saat davam edən hərbi əməliyyat separatçıların kökünü kəsdi və onların ümid bağladıqları yerlər də səssiz qaldı. Çünki Azərbaycan Ordusu qarşısında heç kim dura bilməzdi, Azərbaycan xalqı qarşısında heç kim dura bilməzdi, ona görə ki, biz haqlıyıq. Bu gün haqlı olduğumuzu bir daha burada sübut edirik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Biz sülhə yol açdıq

Dünya təcrübəsindən bəllidir ki, adətən müharibənin qalibi yekun sülh sənədinin imzalanmasına müəyyən şərtlər əsasında razılıq verir, qarşı tərəfdən güzəştlər istəyir. Qalib Azərbaycan müharibə başa çatdıqdan sonra heç bir ilkin şərt irəli sürmədən sülh gündəliyindən çıxış etməklə bu stereotipləri də dağıtdı. Azərbaycanın nümunəsinə diqqət çəkən Prezident İlham Əliyev bildirib: “Eyni zamanda, necə ki, döyüş meydanında düşməni məğlub etdik, onu kapitulyasiya aktını imzalamağa məcbur etdik, eyni qayda ilə sülhə də yol açdıq ki, bundan sonra heç vaxt müharibə olmasın”.

Azərbaycanın 44 günlük müharibənin nəticələrinə uyğun olaraq yaratdığı yeni reallıqlar Cənubi Qafqazda müharibədən, dağıntılardan uzaq yeni bir dönəmin başlaması üçün gözəl fürsətlər açmışdı. Bu fürsətləri dəyərləndirərək müharibə səhifəsini birdəfəlik bağlamaq mümkündür. Azərbaycan müharibə başa çatandan sonra yaranmış fürsəti reallığa çevirmək əzmini ortaya qoymaqla qarşı tərəfə 5 bənddən ibarət sülh paketi təqdim etdi. Sonrakı mərhələdə də sülh prosesi yenə də məhz Azərbaycanın iradəsi ilə irəli aparıldı və nəticədə, Vaşinqton razılaşmaları mümkün oldu. Cari il avqustun 8-də Ağ Evdə, dünyanın bir nömrəli ofisində Donald Trampın şahidliyi ilə yekun sülh sazişinin paraflanması ona dəlalət edir ki, dünya Azərbaycanın sülh gündəliyini qəbul və təqdir edir.

Uzun illər ağır köçkünlük həyatı yaşamış insanlar ən gözəl şəraitə layiqdirlər

Mənfur düşmən elə zənn edirdi ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri bərpa etməyə gücü çatmayacaq və yaxud bunun üçün uzun illər lazım gələcək. Burada düşmən öz xislətindən çıxış edirdi.

Ancaq Azərbaycan xalqının qəlbinə doğma yurd yerlərinə böyük sevgi hissi hakimdir. Biz işğal dövründə yurd yerlərinə qayıtmağın həsrəti ilə yaşamışdıq. Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin bərpasına müharibə başa çatandan dərhal sonra başladı. Artıq 5 ildir ki, Şuşa. Ağdam, Xankəndi, Xocalı, Kəlbəcər, Füzuli, Zəngilan və digər azad olumuş yaşayış məntəqələrimizdə intensiv şəkildə bərpa və yenidənqurma layihələri icra olunur. Yeni mərhələdə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi Azərbaycanın beş mühüm prioritetindən biri kimi müəyyənləşdirlib. Ölkəmiz bu hədəfə doğru inamla irəliləyir. Artıq Azərbaycan xalqı işğaldan azad olunmuş ərazilərə yeni-yeni köç xəbərlərinə sevinir. “Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançasıdır. Qısa müddət ərzində bu gözəl evlərin bərpası, tikintisi, bütün infrastrukturun yaradılması bizim gücümüzü, niyyətimizi göstərir. Əsas odur ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Siz - Azərbaycan vətəndaşları, erməni işğalından əziyyət çəkən Qarabağ bölgəsinin sakinləri bu gün ən gözəl şəraitə layiqsiniz”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz ABDULLAYEV

Seçilən
10
yeniazerbaycan.com

1Mənbələr