AZ

Parlamentin komitəsində regionlarla əlaqədar 3 problem qaldırılıb

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev rayonlardan, kəndlərdən insanların Bakıya axışması, ali təhsil və tıxac problemlərini qaldırıb.

APA xəbər verir ki, Naqif Həmzəyev deyib ki, insanların çoxu Bakıya üz tutur.

Deputat bildirib ki, bunun da bəzi səbəbləri var və biz o problemləri aradan qaldırmalıyıq: “Kənd yerlərindəki həyatı maraqlı etməli, şəhəri kəndə aparmalıyıq. Biz əgər həyəcan təbili çalmasaq, növbəti 10 ildən sonra kəndlərdə həyatın tamamilə dayandığını görəcəyik Biz vətəndaş qəbullarını keçirəndə də əziyyət çəkirik. Gəncəyə gedirik, vətəndaş deyir ki, onu Bakıda qəbul edək, qeydiyyatı Gəncədə olsa da, Bakıda çalışır”.

Naqif Həmzəyev regionlarda özəl universitetlər yaradılmasını da təklif edib: “Narazılıqlar ortaya çıxır, abituriyentləri xaricdə təhsil adıyla aldadırlar. Azərbaycanın rayonlarında, regionlarda özəl universitetlər yaradaq, ən azından bilək ki, 4 ildə milli kadr yetişdiririk, xarici qüvvələrin təsiri altına düşməyəcək. Digər tərəfdən, alternativ biliyi müəyyənləşdirən testlər var, beynəlxalq standartlara cavab verir. Azərbaycanda bir neçə universitet bu testlər nəticəsində əldə edilmiş sertifikatla abituriyent qəbul edir. Ancaq burada hüquqlar pozulur. Saxta sertifikatları bizim aidiyyəti qurumlar müəyyənləşdirə bilmir. Nəticədə ədalətli bal toplayan Azərbaycan övladları həmin universitetlərə qəbul ola bilmir. İkincisi, digər universitetlərimiz də alternativ yollarla tələbə qəbuluna start verməlidir. Naxçıvanın elə böyük potensialı var ki, orada hələ 5 universitet yaradıla bilər”.

Deputat artıq regionlarda tıxac probleminin müşahidə olunmasına diqqət çəkib: “İctimai nəqliyyat inkişaf etdirilir, avtobus yolu çəkirlər. Ancaq digər tərəfdən şəxsi avtomobiliylə öz problemini həll etmək istəyən insanlar üçün çətinlik yaranır. Gəncədə yol problemi var idi, indi dövlətin dəstəyi ilə yollar bərpa olunur. Ancaq balaca yolda avtobus zolağı çəkiblər, oradan onsuz da 2 avtomobil çətinliklə keçir. Bakıdakı tıxac bu gün Gəncəyə gedib çıxıb. Həll yolları axtaraq”.

Seçilən
22
apa.az

1Mənbələr