AZ

Ədalətin təntənəsi: 2023 sentyabr zəfəri

Ses qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və dövlət siyasətinin dayağı olan suverenliyin qorunması hər zaman prioritet olub. 2023-cü ilin sentyabrın 19-da səhər saatlarından etibarən Ermənistan tərəfindən törədilən təxribatlar, mina terroru, sərhəd-buraxılış məntəqələrinin mövcud vəziyyəti kimi amillər dövlətin qanuni müdafiə tədbirlərini zəruri etdi. Vətəndaşların həlak olması və mülki əhaliyə qarşı yönəlmiş təhlükələr Azərbaycan rəhbərliyini antiterror əməliyyatının keçirilməsinə vadar etdi.

Əməliyyat qısa, intensiv və sistemli şəkildə icra olundu. Dövlət rəhbərliyinin göstərişi ilə ordumuz strateji mövqeləri nəzarətə götürdü, düşmənin istehkamlarını sıradan çıxardı, qanunsuz silahlı dəstələrin mövqelərdən çıxarılmasına nail olundu. Uğurun təminində hava, dəniz və quru qüvvələrinin koordinasiyalı fəaliyyəti, artilleriya və yüksək dəqiqlikli silahların istifadəsi ordunun yüksək hazırlıq səviyyəsini bir daha nümayiş etdirdi. Rəsmi məlumatlara görə, əməliyyat bir sutkadan da az müddətdə başa çataraq Ermənistan tərəfini ağır itkilərə məruz qoydu və düşmən “ağ bayraq” qaldıraraq təslim olmağa məcbur oldu.

Prezident İlham Əliyev xalqa müraciətində bəyan etdi: “Bildiyiniz kimi, dünən səhər erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı, onlardan ikisi mülki şəxs mina terrorunun qurbanı olmuşdur... Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırmışdır. Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı... Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.”

Əməliyyat qanunun aliliyinə və beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq həyata keçirildi. Prezidentin sözləri ilə: “Antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi.”

Hadisənin nəticələri hərbi aspektlə məhdudlaşmadı, siyasi, hüquqi və diplomatik müstəvilərdə də mühüm əhəmiyyət kəsb etdi. Ərazi bütövlüyünün tam bərpası, qanunsuz silahlı birləşmələrin silahlarını təhvil verməsi, istehkamların ləğvi və Ermənistanla münasibətlərdə yeni reallığın formalaşması Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirdi.

Eyni zamanda əməliyyat humanitar aspektdən də diqqətəlayiqdir. Mina terroru nəticəsində baş verən itkilər uzun illərdir ölkəmiz üçün ciddi problem olaraq qalır. Prezident İlham Əliyev bu məsələyə xüsusi toxunaraq vurğuladı:

“Birinci dəfə deyil ki, bizə qarşı Ermənistan terror aktı törədir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur, ya da ki, ağır yaralanmışdır.”

Beləliklə, 19–20 sentyabr 2023-cü il antiterror əməliyyatı yalnız hərbi zəfər deyil, həm də milli iradənin, dövlətçilik qətiyyətinin və ədalətin parlaq təntənəsi oldu. Bu əməliyyat bir daha sübut etdi ki, Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz, xalqın azadlıq iradəsi heç bir güc tərəfindən sarsıdılmaz. Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan öz qüdrəti ilə “tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi”.

Bu tarixi gün Azərbaycanın dövlətçilik salnaməsinə əbədi həkk olundu – milli birliyin möhtəşəm rəmzi, ədalətin zəfəri və gələcək nəsillərə əmanət ediləcək şərəfli bir dastan kimi.

Leyla Hüseynova

YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
sesqazeti.az

1Mənbələr