AZ

Rusiyadan ağlasığmaz təklif: Putin bu əraziləri istəyir Polşalı ekspertlə SENSASİON müsahibə

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Globalinfo.az Rusiyanın Polşaya hücumu və digər aktual mövzularla bağlı polşalı politoloq Yakub Koreyba ilə müsahibəni təqdim edir:

– Avropada Rusiya gərginliyi hər gün artır. Rusiya ard-arda Polşaya və Rumıniyaya hücumlar gerçəkləşdirdi. Artıq Polşa Belarusla dəmiryolunu bağlayıb. Rusiya sərhədə “İsgəndər” kompleksi yerləşdirib. Görünən odur ki, Kreml həm hücum etdiyi ölkələri, həm də NATO dövlətləri arasında birliyi sınayır. Ukrayna müharibəsi bitmədən Rusiyanın NATO dövlətlərinə hücumlar təşkil etməsi ona nə üçün lazımdır? Bu, Rusiyanın nöqteyi-nəzərində “ən yaxşı müdafiə hücumdur” taktikasıdır? Niyə Rusiya diplomatik-siyasi, eləcə də hərbi savaşın coğrafiyasını bu qədər böyüdür?

– Rusiya Polşanı və bütövlükdə NATO-nu sınaqdan keçirir. O, Şərqi Avropada öz təsir zonasını yaratmaq və ya onu bərpa etmək planını həyata keçirməyə çalışır. Ukraynaya hücum etməzdən əvvəl Rusiya Sergey Lavrovun vasitəsilə öz postulatlarını, orada nə istədiyini açıq şəkildə təqdim etdi. Yeri gəlmişkən, Rusiyanın xarici siyasət konsepsiyasında da, hərbi doktrinada da, müxtəlif strategiyalarda da, ümumiyyətlə, hər şey çox dürüst və açıq şəkildə ifadə olunub. Rusiya keçmiş Sovet İttifaqı ölkələri, o cümlədən Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Mərkəzi Avropa ölkələrində, o cümlədən Polşada tam nəzarəti ələ keçirmək, öz təsir zonası ilə Qərb təsir zonası arasında bir növ boz zona, bufer yaratmaq istəyir. Yəni, Rusiyaya lazımdır ki, Polşada və digər Mərkəzi Avropa ölkələrində Qərb qoşunları, Qərb infrastrukturu, Qərbin hərbi bazaları və NATO-nun dəqiq müəyyənləşdirilmiş təhlükəsizlik zəmanətləri olmasın. Yəni, kobud desək, Rusiyanın müxtəlif növ aktiv hərəkətlərinə reaksiya vermək imkanı olmasın. Çünki Rusiya hər zaman bir ərazini götürəndə, məsələn, Ukraynanı, dərhal Polşaya və ya Baltikyanı ölkələrə doğru hərəkət edir. Rusiya öz tarixində hər dəfə belə davranıb. Ona görə də indi bunun başqa cür olacağına inanmaq üçün heç bir məntiqi, tarixi və ya ideoloji şərtlər yoxdur.

Geniş, uzunmüddətli planda bu belədir. Rusiya ortamüddətli perspektivdə Qərb ölkələrini, ilk növbədə Fransanı, Almaniyanı, həm də ABŞ-ı Polşa və digər Mərkəzi Avropa ölkələrinin hesabına müəyyən qüvvələr balansı yaratmağa razı salmağa çalışır. Kobud desək, Qərbi Avropa ölkələri və ABŞ Rusiya ilə ittifaqın, xüsusən də Çinə qarşı ittifaqın onlar üçün Mərkəzi və Şərqi Avropadan daha vacib olduğunu düşünsünlər və beləliklə, yeni sabitlik forması yaransın. Məsələn, Vyana Konqresindən sonra, Napoleon müharibələrindən sonra olduğu kimi, Qərb Rusiyanı Avropada dünya nizamını müəyyən edən qüvvələrin tərkib hissəsi hesab etsin.

Və qısamüddətli perspektivdə söhbət Ukrayna ilə bağlı danışıqlar mövqeyinin formalaşdırılmasından gedir. “Bizə Ukraynanı verin, yoxsa Polşaya hücum edəcəyik. Donbasda kompromislə razılaşın, yoxsa biz Polşa, Rumıniya və Mərkəzi və Şərqi Avropanın digər ölkələrinə qarşı hibrid müharibə aparacağıq”. Rusiya bundan danışıqlar taktikası kimi faydalanır.

– Avropa Birliyi və digər Qərb ölkələri Rusiyanın Ukraynaya işğalçı hücumunu önləmək üçün bir araya gəldiklərini nümayiş etdirirlər. Lakin 4 ilə yaxındır ki, nəticə yoxdur. Rusiya ordusu Ukraynanın dərinliklərinə qədər irəliləyib. Xeyli əraziləri işğal altındadır. Hər gün günahsız insanlar Rusiyanın hücumu nəticəsində öldürülür. Digər tərəfdə isə Netanyahu Qəzzanı, Fələstini bombalamaq azmış kimi, indi Qətərin ərazisinə hücuma keçir. Ərəb ölkələri də Avropa Birliyi ölkələri kimi təşkilatlanıb, İsrailin bu hücumuna cavab verəcəkləri haqda bəyanatlar verirlər. Amma nə hücum dayanır, nə günahsız insanların hər gün tökülən qanı dayanır. Putin və Netanyahunu dayandırmağa dünyanın gücü çatmır, yoxsa, burda başqa bir proses gedir, çoxları bilmir?

Yakub Koreyba

– Həm Putin, həm də Netanyahu strateji baxımdan, dövlətlərini intihara sürükləyib. Axı Putin uzunmüddətli perspektivdə heç bir strateji hədəfi reallaşdıra bilməyəcək. Biz görürük ki, üç il ərzində Rusiyanın bir dənə də olsun strateji hədəfini həyata keçirməyib. Həmçinin, İsrail. Yəni hər iki lider dövlətinin, cəmiyyətinin, xalqının strateji maraqlarını öz hakimiyyətini uzatmaq üçün qurban veriblər. Həm Putinə, həm də Netanyahuya müharibə hakimiyyətdə qalmaq, cəmiyyəti öz ətrafında birləşdirmək, müxalifəti məhv etmək, cəmiyyəti bayraq ətrafında birləşdirmək, onları hakimiyyətdən məhrum etməyə çalışan bütün rəsmi və qeyri-rəsmi qurumları iflic etmək üçün lazımdır.

Həmçinin risk də yüksəkdir, çünki Netanyahu baş nazir olmasa, həbsdə olacaq, etdiyi hər şeyə görə cəzalandırılacaq. Müharibə ona istefadan və məhkəmədən yayınmağa imkan verir. Amma Putin hakimiyyətdə olmasa, çox güman ki, öləcək, çünki Rusiyada siyasi mədəniyyət belədir.

Putin və Netanyahu üçün müharibə hakimiyyətini uzatmaq üçün bir vasitədir. Hər iki rejim demək olar ki, tamamilə qeyri-qanuni olmaq həddinə çatıb. Demək olar ki, heç kim onların hakimiyyətdə qalmasında bir məna görmür. Əgər onlar müharibəyə başlamasaydılar, öz ölkələrində gündəmi tamamilə dəyişməsəydilər, fikrimcə, Putin və Netanyahu çox güman ki, hakimiyyətdə olmayacaqdı. Hakimiyyətdə olmadıqları üçün isə böyük bəlalara düçar olacaqlar. Əslində ona görə də həm Ukraynada, həm də Qəzzada bu müharibəni bitirmirlər. Qəzza və Ukrayna müharibəsinin, məncə, ilk növbədə, daxili səbəbləri var. Yəni, hər iki avtoritar lider üçün bu bir vasitədir, burada idarəçilik nəzəriyyəsi xaosun idarə edilməsinə əsaslanır. Yəni, əvvəlcə elə bir mürəkkəb, xoşagəlməz vəziyyət yaradılır ki, onu idarə etməklə hər ikisi hakimiyyətdə qala bilər.

– Azərbaycan-Rusiya münasibətlərində gərginlik artan xətt üzrə davam edir. Rus mediasında, internet məkanında, efirində Azərbaycan əleyhinə əks-təbliğat kampaniyası dayanmır. Rusiyanın Avropa ilə kəskinləşən gərginliyi fonunda Bakını da hərbi aqressiya, hədə gözləyirmi? Proseslər bu həddə gəlib çata bilər?

– Düşünmürəm ki, Rusiya Azərbaycana birbaşa hücuma cəsarət etsin. Yəni, hərbi təcavüz ehtimalı çox azdır, çünki Rusiyanın Azərbaycana hücum üçün hazırladığı qüvvələr Ukrayna ərazisində istifadə olunub və olunur. Belə olan halda, həm Polşa, həm də Azərbaycan vaxt qazanıb.

Bu gün Rusiyanın həm Azərbaycana, həm də Polşaya birbaşa hərbi hücum ehtimalı çox azdır. Amma bu, Rusiya strategiyasının əsas prinsiplərini ört-basdır etmir. Rusiya müstəqil Azərbaycanı, müstəqil Polşanı istəmir, bəyənmir, dözmür. Rusiyanın planlarına həm Azərbaycanın, həm də Polşanın Rusiyanın nəzarətinə tabe edilməsi daxildir. Rusiya Azərbaycanda Azərbaycan xalqının, Azərbaycan prezidentinin, Azərbaycan maraqlarının hökm sürməsini istəmir.

Rusiya Azərbaycanın, eləcə də Polşanın və regionun digər ölkələrinin Rusiyanın Moskvadan idarə olunan müstəmləkələri olmasını istəyir. Madam ki, bunu başqa üsullarla etmək, yəni hücum etmək mümkün deyil, çünki həm Azərbaycanın, həm də Polşanın rus işğalçılarını dəf edəcək güclü, inkişaf edən, müasirləşən ordusu var. Bu mümkün olmadığına görə Rusiya bunu başqa vasitələrlə, hibrid müharibə, təxribat, casusluq, cəmiyyətə psixoloji təsir cəhdləri ilə kompensasiya edəcək.

Bu cür təsirləri informasiya müharibəsi alətlərindən istifadə etməklə həyata keçirir. İnformasiya məkanlarımızda baş verənlərin çoxu Rusiya təxribat vasitəsidir, rus casuslarının və diversantlarının fəaliyyətidir. Ona görə də yadda saxlamalıyıq ki, biz Rusiyanın hibrid müharibəsinin hədəfiyik. Moskvanın təxribatçı məlumatlarının hədəfindəyik, Kreml bizim ölkələrin daxilində hərəkət etməyə çalışır. Və buna görə də Rusiyanın xeyrinə olan istənilən məlumata, cəmiyyətdəki nizamı pozan məlumatlara şübhə ilə yanaşılır.

– Bu proseslərin fonunda Rusiya-Türkiyə münasibətləri də diqqət çəkir. Rusiya NATO dövləti olan Türkiyəyə verdiyi S-400-ləri geri istəyir. Bunun səbəbi nədir?

– Rusiyanın S-400-ləri geri istəməsinin əsas səbəbi Ukrayna müharibəsində özünün silah ehtiyatının tükənmək üzrə olması ilə bağlıdır. İkinci səbəb isə Türkiyənin Rusiyanın istədiyi kimi ona tabe olmaq istəməməsi və ya onunla müttəfiq olmaq istəməməsi, öz gündəminin, öz strategiya və siyasətinin olmasıdır. Türkiyə Rusiya siyasətinin aləti olmadı və öz maraqlarına əsaslanan müstəqil siyasət yürüdür.

Hazırda Rusiya ilə NATO arasında məntiqi kompensasiya prosesi gedir. Eyni vaxtda həm ağ, həm də qara, yəni həm bir az Rusiya meylli, həm də bir az Rusiyaya qarşı olmaq olmaz. Dünyada bloklara bölünmə siyasəti gedir. Hər dövlət hansı blokda təmsil olunmağa özü qərar verir. Ukrayna Rusiya və Qərb arasında bufer dövlət olmağa çalışdı, amma alınmadı. Çünki Rusiya gec-tez hər şeyi istəyir, bu dövlətlərə tam nəzarət etməyə çalışır. Serbiya da eyni şeyi etmək istəyir, amma bu da onda çox pis alınır. Qərblə Rusiya arasında güzəştli, boz zona yoxa çıxır. Nə qədər ki, Rusiya bu cür təcavüzkar siyasətini davam etdirəcək, hər iki tərəflə əməkdaşlıq etmək mümkün olmayacaq. Ona görə NATO dövlətləri yalnız bir-birindən silah alır, Rusiyanın satellit dövlətləri isə Rusiyadan silah alır. Bu, iki blok arasında sərbəst hərəkət edən, həm bir az NATO, həm də bir az Rusiya ilə əməkdaşlıq edərək çoxvektorlu siyasət yürüdən dövlətlərə böyük dərsdir. Yeni dünyada bu mümkün olmayacaq. Biz hamımız qonşularla sülh içində yaşamaq, münasibət qurmaq, ticarət etmək istərdik, amma bəzi qonşular buna imkan vermir. Artıq strateji oriyentasiyanı müəyyənləşdirmək üçün vaxt yetişib.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
globalinfo.az

1Mənbələr