AZ

Ermənistanın Ağrı dağ qərarı

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Pərvanə SULTANOVA[email protected]

Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin irəliləməsi, xüsusilə Vaşinqton sammitində əldə edilmiş razılaşmalar Ankara-İrəvan münasibətlərinin də normallaşmasına müsbət təsir göstərib. Bu günlərdə Türkiyə və Ermənistan əlaqələrinin nizamlanması üzrə xüsusi nümayəndələr Sərdar Kılıç və Ruben Rubinyan arasında sayca 6-cı görüş keçirilib. Budəfəki görüş Ermənistanda baş tutub. Eyni zamanda Ermənistan parlamentinin vitse-spikeri olan Ruben Rubinyan bildirib ki, xüsusi nümayəndələrin növbəti görüşü Türkiyədə keçirilə bilər: "Bundan əvvəl bütün görüşləri üçüncü ölkələrdə keçirmişik, bir görüş də sərhəddə. Sonuncu görüş İrəvanda olub. Bu, simvolik mənada müsbət haldır".

Tərəflər görüş zamanı Türkiyə ilə Ermənistan arasında tam normallaşma prosesini irəlilətmək məqsədilə əvvəlki görüşlərdə müzakirə olunmuş və razılaşdırılmış məsələləri təsdiqləyiblər. Bu çərçivədə, 2022-ci il iyulun 1-də keçirilmiş görüşdə əldə edilən razılığa uyğun olaraq, sərhəd keçidlərinə dair razılaşmanın reallaşması məsələsində fikir mübadiləsi aparılıb, bu prosesin sürətləndirilməsi barədə razılığa gəlinib.

Bundan əlavə, görüşdə Qars-Gümrü dəmir yolunun və elektrik interkonnektorunun bərpası, eləcə də işlək vəziyyətə gətirilməsi ilə bağlı hər iki ölkənin müvafiq qurumlarının zəruri texniki işləri həyata keçirməsi barədə qərar qəbul edilib.

Mədəniyyət və akademiya sahələrində əməkdaşlığı gücləndirmək məqsədilə, xüsusilə ali təhsil tələbələri üçün təqaüd imkanlarının yaradılması və tarixi İpək Yolu (Ani) körpüsünün birgə bərpası istiqamətində səylərin göstərilməsi barədə də razılıq əldə olunub.

Xüsusi nümayəndələr, həmçinin maraqlı şirkətlərin 2026-cı ilin yayından etibarən müxtəlif istiqamətlərə uçuşlar həyata keçirməsi üçün lazımi tədbirlərin görülməsi və bununla da iki ölkə arasında hava yollarının, eləcə də uçuş sayının artırılması məsələsində də razılığa gəliblər. Görüşün yekununda bu prosesi heç bir ilkin şərt olmadan davam etdirmək öhdəliyi bir daha təsdiq edilib.

Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Türkiyə 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və bu ölkə ilə bütün əlaqələrini kəsib. Eyni zamanda, səbəblərdən biri də İrəvanın Türkiyəyə qarşı qondarma "erməni soyqırımı" iddiaları olub.

Yeri gəlmişkən, bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyanın İsrail hökumətinin rəhbəri Benyamin Netanyahunun "erməni soyqırımı" ilə bağlı açıqlamasına reaksiyası göstərdi ki, o, bu səhifəni də bağlamaq istəyir. Paşinyan Netanyahunun "soyqırım" açıqlamasınının ölkənin milli maraqları ilə bağlı olmadığını söyləyib: "Özümüzə bu sualı verməliyik: erməni soyqırımının tanınmasının bizim reallığımız, dövlətimiz və ya xalqımızın maraqları ilə heç bir əlaqəsi olmayan, başqalarının gündəmləri tərəfindən diktə edilən geosiyasi bir şou olmasını istəyirikmi?"

Paşinyan əlavə edib ki, "erməni soyqırımı" məsələsini heç bir geosiyasi oyun üçün "alver predmetinə" çevirmək niyyətində deyil və cəmiyyəti dövlət maraqlarına diqqət yetirməyə çağırıb.

Baş nazir daha əvvəl isə "erməni soyqırımı" iddialarının beynəlxalq aləmdə tanınmasının Ermənistanın xarici siyasətinin prioritetləri sırasında olmadığını söyləyib.

İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi qələbə həm də regionda yeni reallıqlar yaratmış oldu. Müharibədən sonra məhz Bakının təşəbbüsü ilə sülh prosesi başladıldı. Bu, təkcə Azərbaycan-Ermənistan deyil, həm də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması demək idi. Ötən müddət ərzində Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar atılıb. Türkiyə Sərdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Türkiyə Ermənistanla aparılan prosesi Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirir və Ankara-İrəvan danışıqlarındakı proqres Bakı-İrəvan prosesi ilə birbaşa əlaqəlidir.

Ermənistan işğalçılıq siyasətinə görə uzun illər regionda dalan vəziyyətində qalıb, regional və beynəlxalq əhəmiyyətli layihələrdən təcrid olunub. Bu gün Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulması İrəvan üçün həyati əhəmiyyət kəsb edir. Çünki bölgə dövlətləri ilə əməkdaşlıq olmadan iqtisadi inkişaf, digər regionlara çıxış mümkün deyil.

Onu da qeyd edək ki, Ermənistan Türkiyə vasitəsilə Suriyaya humanitar yardımın daşınması üçün martın 21-dən 31-dək Ermənistan-Türkiyə sərhədindəki "Marqara" sərhəd-keçid məntəqəsini açmışdı. Sonuncu dəfə bu sərhəd keçidi zəlzələdən sonra Türkiyəyə humanitar yardım göndərmək üçün 2023-cü il fevralın 11-dən 17-dək açılıb.

Türkiyə-Ermənistan normallaşama prosesinə müsbət təsir göstərən başqa bir amil isə uzun müddətdir pasportlarında və sərhəd möhürlərində istifadə edilən "Ağrı dağı" simvolunun aradan qaldırılmasıdır.  Əlbəttə, başqa bir dövlətə məxsus coğrafi adı rəsmi sənədlərdə istifadə etmək yolverilməzdir və qanunsuzdur. Bu cür halların aradan qaldırılması normallaşma prosesi, əməkdaşlığln qurulması, ən əsası etimad mühütinin yaradılması üçün vacibdir.

Ermənilər Ağrı dağı "Ararat" adlandırır və Türkiyəyə qarşı ərazi iddiası irəli sürürlər. Ermənistan hökuməti noyabrın 1-dən etibarən sərhəd möhürlərindən Ağrı dağın təsvirini çıxarmaq barədə qərar qəbul edib. Yeni möhür forması Ermənistan Nazirlər Kabinetinin sentyabrın 11-də keçirilən iclasında qəbul edilmiş qərarında öz əksini tapıb. Ermənistanın "Vətəndaş Müqaviləsi" parlament fraksiyasının katibi Artur Ovannisyan Ermənistanın yalnız öz dövlət rəmzləri ilə fəaliyyət göstərməli olduğunu bildirib. Qeyd edib ki, bu cür məsələlərdə emosionallığa yol verilməməli, möhür və ya bəyanat olmasından asılı olmayaraq Alma-Ata Bəyənnaməsinin prinsipləri əsasında heç bir hərəkətimiz qonşu dövlətlərə təhlükəli siqnallar göndərməməlidir. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə strateji tarazlığın təmin edilməsi üçün sərhəd möhürlərindən Ağrı dağın təsvirinin çıxarılmasının sülhə xidmət etdiyini vurğulayıb.

Baş nazir Nikol Paşinyan hələ bir neçə il əvvəl Ağrı dağının Ermənistan dövlət gerbinə daxil edilməsini tənqid edərək bunun indiki Ermənistanla heç bir əlaqəsinin olmadığını deyib: "Bizim gerbimizdə nə təsvir olunub? Üzərində Ermənistanın dörd sülaləsinin gerbi var, Ağrı dağında Nuhun gəmisi. Gerbə baxanda ağlıma bir sual gəlir ki, bu nədir? Bunun bizimlə əlaqəsi var?"

Onu da qeyd edək ki, möhürlərdən Ağrı dağın təsvirinin çıxarılması ilə bağlı qərarı Ermənistan müxalifəti, revanşistləri narahatlıqla qarşılayıb. Məsələn, Ermənistanın sabiq XİN rəhbəri Vardan Oskanyan deyib ki, Paşinyan hökumətinin Ağrı dağının təsvirini giriş-çıxış pasport möhürlərindən çıxarmaq, sonra isə Ermənistanın gerbindən də onu silmək barədə nəzərdə tutulan qərarı sadəcə dizaynın və ya simvolun deyil, bu, ləyaqət, tarix və kimlik məsələsidir: "Heç bir məsuliyyətli hökumət imkan verməməlidir ki, başqa bir dövlət, xüsusilə də Türkiyə bizim dövlət və mədəni simvollarımızı diktə etsin. Ağrının gerbimizdə və ictimai həyatımızda olması qarşıdurma ifadəsi deyil, bu, kimliyin təsdiqidir. Ermənistanın onu qorumaq üçün tam hüququ var, necə ki, dünyanın hər guşəsində yaşayan ermənilər evlərində onu asmaq hüququna malikdirlər".

Göründüyü kimi, erməni revanşistlər, sabiq cinayətkar xunta rejiminin qalıqları sülh, normallaşma prosesini heç cür qəbul edə bilmir, düşmən xislətini davam etdirirlər.

Mövzu ilə bağlı "525"ə danışan ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib: "Azərbaycan və Ermənistan arasında aylar əvvəl sülh sazişi layihəsi razılaşdırılmışdı, lakin bir sıra məsələlər üzrə razılığa gəlinməmişdi. Vaşinqton sammitində əldə edilmiş birgə bəyannamə ilə həmin məsələlər də razılaşdırıldı. İki dövlət -  Azərbaycan və Türkiyə sülh, sabitlik üçün əlindən gələn hər şeyi etdi, səbirlə bu istiqamətdə səylərini göstərdi. Bütün bunlara rəğmən, Ermənistan tərəfi daxili siyasi məsələlərə görə atılması gərəkən addımları, görülməli olan işləri və imzalanması lazım olan sülh sazişini gecikdirirdi. Lakin sonda ABŞ-da sənəd paraflandı, razılaşmalar əldə edildi. Vaşinqton razılaşmalarının geridönüşü yoxdur. Bu mənada Ağrı dağın təsvirinin Ermənistanda pasport və möhürlərdən çıxarılması, Azərbaycan və Ermənistanın hava sahəsindən qarşılıqlı istifadəsinə icazə, Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin sülh sazişinə paralel olaraq apardıqları danışıqlar, diplomatik missiyaların açılmasının nəzərdə tutulması və bu sırada atılacaq digər addımlar müsbət addımlardır. Gecikmə Ermənistanın daxilindəki siyasi gərginliklə bağlıdır. Eyni zamanda, bölgə ölkələri İran və Rusiya normallaşma prosesini uzatmaq, Zəngəzur dəhlizinin gerçəkləşməməsi üçün əllərindən gələni edirlər. Düşünürəm ki, dünyada bu bölgədə barışın önünə kiminsə keçə bilməsi, sülh yolunda maneə törətməsi mümkün deyil. Bunu Ermənistan hakimiyyəti də, xalqı da anlayıb. Daha əvvəl dəfələrlə söylədiyimiz kimi, qonşu dövlətlər olan Azərbaycanla Ermənistanın sülh, sabitlik, iqtisadi inişaf üçün sülh sazişi imzalamaqdan başqa şansları yoxdur. Atılan addımlar müsbətdir, fəqət atılması gərəkən addımlar hələ də var. Bununla bağlı işlərin sürətləndirlməsi ən birincisi Ermənistanın özünün xeyrinədir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
525.az

1Mənbələr