AZ

“Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur...”

“Çünki ilk növbədə təhlükəsizliliyi, sabitliyi pozmaq, sülh prosesinə mane olmaq  və bununla da Ermənistanda revanş götürərək qarşıdan gələn parlament seçkilərində qalib gəlmək istəyən Rusiya tərəfdarları var…”
 
"Azərbaycan həm təhlükəsizlik tədbirlərini daha da gücləndirməli, həm də sərhədlərinin ən yüksək səviyyədə qorunmasını təmin etməlidir..."
 
“Xankəndində Azərbaycan polisinə silahlı hücum edən həmin erməni əsilli Azərbaycan vətəndaşının əməllərii ilə bağlı bəzi məlumatlar olsa da, hələlik tam aydınlıq yoxdur. Biz bilmirik ki, həmin şəxs ifadəsində nələri deyib, hansı təşkilatlara mənsubluğunu göstərib. Buna görə də bu hadisəni ilk növbədə Qarabağdan qaçmış separatçı-terrorçu klanın təşəbbüsü kimi də qiymətləndirmək olar. Burada müxtəlif beynəlxalq erməni terror təşkilatlarının rolu da istisna edilə bilməz. İlk növbədə isə, əlbəttə ki,  bütün şübhələr Azərbaycan torpaqları azad olunduqdan sonra Ermənistan və Qarabağda hakimiyyəti itirmiş Qarabağ klanının və onun üzərinə düşür”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələri üzrə ekspert Ərəstun Oruclu “Xankəndində erməni əsilli Azərbaycan vətəndaşı tərəfindən kütləvi terrora cəhd hadisəsini müxtəlif prizmalardan necə dəyərləndirirsiz? Olayın Rusiya “QRU”-su tərəfindən planlaşdırılması haqda versiyalar inandırıcıdırmı?” sualını cavablandırarkən dilə gətirib.
 
“Bilirsiz ki, bu günlərdə həmin Qarabağ klanının aparıcı fiqurlarından biri olan Seyran Ohanyan sülh sazişinin əleyhinə çox iddialı bir bəyanat verdi. Dedi ki, biz ona yol verməyəcəyik, hətta saziş imzalansa belə, ona riayət etməyəcəyik. Bu da göstərir ki, Ermənistandakı o separatçı klan sülh prosesini hədəfə alıb. Və şübhəsiz ki, bu və ya digər miqyasda terror aktının törədilməsi sülh sazişinə ciddi xətər yetirmiş olardı. Amma ən maraqlı sual onların arxasında kimlərin durmasıdır. Aydın məsələdir ki, Seyran Ohanyan da, Robert Köçəryan da, Serj Sərkisyan da Rusiyaya bağlı fiqurlar olublar. Onları yetişdirən, onları öncə Qarabağda və sonra Ermənistanda hakimiyyətə gətirən də Rusiyanın xüsusi xidmət orqanları olub.  Və bu işlərin icrası əsasən, sizin də qeyd etdiyiniz kimi, “QRU” deyilən Rusiya ordusunun Baş Kəşfiyyat İdarəsinin üzərinə düşüb.  O da aydındır ki, silahların gizlədilməsi, silah arsenalının müxtəlif ərazilərdə saxlanması bunlar təsadüfi məsələlər deyil. Bunların hamısı nəzarətdə saxlanılır, belə silah-sursat arsenallarından hər kəsin xəbəri olmur. Bilirsiz ki, bu günlərdə Şuşanın ermənilər yaşamış bir kəndində də belə silah-sursat aşkarlandı”, -deyə davamında analitik diqqətə çatdırıb. 
 
“Bu hadisələr həm də ona işarədir ki, əslində həmin ərazilərdə təhlükəsizlik tam təmin olunmayıb və güvənli deyil. Çünki ilk növbədə təhlükəsizliliyi, sabitliyi pozmaq, sülh prosesinə mane olmaq  və bununla da Ermənistanda revanş götürərək qarşıdan gələn parlament seçkilərində qalib gəlmək istəyən Rusiya tərəfdarları var. Və yeri gəlmişkən, onlar nə özləri Moskvaya bağlılıqlarını gizlədir, nə də Moskva onlara dəstək verdiyini gizlədir. Azərbaycan-Rusiya münasibətlərinin hazırkı fonunda isə mənə elə gəlir ki, Rusiya xüsusi xidmət orqanlarının belə bir addıma əl atması istisna olunmamalıdır. Bu mənada Azərbaycan həm təhlükəsizlik tədbirlərini daha da gücləndirməli, həm də sərhədlərinin ən yüksək səviyyədə qorunmasını təmin etməlidir. Çünki Ermənistanın revanşist qüvvələri və Rusiya tərəfdarları üçün Paşinyan hakimiyyətinə ən ciddi uğursuzluq yaratmaq sülh prosesini pozmaq olardı. Sülh prosesinin pozulması isə nə Ermənistandakı hakimiyyətin, nə də Azərbaycanın maraqlarına uyğundur.  Ona görə də hesab edirəm ki, bu məsələlərə son dərəcə diqqətli və həssas yanaşılmalıdır. Eyni zamanda istisna etmirəm ki, Xankəndindəki son olay  hansısa beynəlxalq erməni terrorçu təşkilatlarının da təşəbbüsü  ola bilər. Ancaq yüksək dərəcədə və istənilən halda bu istiqamətdə fəaliyyət göstərən Rusiya ilə, onun kəşfiyyat qurumları ilə əlaqəli qurumlar və şəxslərdir. Buna mənim zərrə qədər şübhəm yoxdur.  Çünki silah arsenallarının gizlədilməsi, onların yerinin məlum olması bu hər kəsə aydın olan məsələ deyil. Aydın məsələdir ki, bunu yalnız təşkilatçılar bilir və istiqaməti də onlar verirlər”, -deyə ekspert vurğulayıb.
 
Sultan Laçın 
 
Seçilən
23
1
moderator.az

2Mənbələr