BAKI, 17 sentyabr. TELEQRAF
ABŞ Konqresinin Nümayəndələr Palatasının ermənipərəst üzvü Bred Şerman ABŞ Beynəlxalq Maliyyə Korporasiyasının (IDFC) Türkiyə və Azərbaycana yardıma mane olmağı nəzərdə tutan düzəliş təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə Amerika Erməni Milli Komitəsi (ANCA) məlumat yayıb.
Təxribatçı layihəsi haqda danışan Şerman bildirib ki, bu, Türkiyənin Ermənistanla sərhədləri bağlı qaldığı müddətdə və Azərbaycanda həbsdə olan erməniəsilli şəxslər (hərbi cinayətkarlar – red.) sərbəst buraxılana qədər bu iki ölkəyə bir qəpiyin də verilməməsini nəzərdə tutur.
Layihə ABŞ-də Azərbaycan və Türkiyəyə qarşı fəaliyyət göstərən erməni diaspor təşkilatı ANCA-nın dəstəyi ilə irəli sürülüb.
Əlavə edək ki, Bred Şerman Azərbaycan və Türkiyə əleyhinə düşmən mövqeyi ilə seçilir. Hələ işğal dönəmində Azərbaycan ərazisində erməni separatizmi və işğalına dəstəyi ilə tanınan konqresmenin bundan əvvəl ölkəmiz əleyhinə irəli sürdüyü təxribatçı layihələrin hamısı uğursuzluqla nəticələnib.