AZ

Media: Yaponiyanın avtomobil istehsalçıları ABŞ rüsumlarına görə Latın Amerikasına yönəlir

Bakı, 17 sentyabr, AZƏRTAC

ABŞ-da tətbiq edilən yüksək gömrük rüsumları səbəbindən Yaponiyanın aparıcı avtomobil istehsalçıları – “Mitsubishi Motors” və “Mazda Motor” satışlarını Latın Amerikası ölkələrinə yönəltməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, Nikkei Asia portalının məlumatına əsasən, hazırda Yaponiya şirkətləri yüksək gömrük tarifləri tətbiq etməyən ölkələrdə satışları artırmağa çalışırlar. Belə ki, “Mitsubishi Motors” şirkətinin Braziliyada yerləşən xarici tərəfdaşı tərəfindən istehsal olunan avtomobillərin Argentina kimi qonşu ölkələrə ixracı nəzərdə tutulur. Analitiklərin sözlərinə görə, 2025-ci ilin iyul ayında “Mitsubishi” Braziliya bazarında son dörd ilin ən yüksək satış göstəricilərinə nail olub.

“Mazda Motor” isə ABŞ-da qüvvədə olan gömrük rüsumlarına görə Meksikadan Birləşmiş Ştatlara avtomobil tədarükünü azaldıb və satışlarını Kolumbiya kimi digər ölkələrə yönəldib.

Ekspertlərin hesablamalarına görə, ABŞ-da tətbiq olunan tariflər cari ildə “Mitsubishi Motors” şirkətinə təxminən 32 milyard yen (təqribən 218 milyon ABŞ dolları) məbləğində zərər vuracaq. “Mazda Motor” isə itkilərini 233,3 milyard yen (təxminən 1,6 milyard dollar) həcmində qiymətləndirir.

Yapon avtomobil istehsalçıları ABŞ-la əldə olunan yeni razılaşmalara baxmayaraq, satış strategiyalarını dəyişmək niyyətindədirlər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın qərarına əsasən, əvvəlki iki faizlik rüsum qüvvədə qalmaqla, avtomobil idxalına əlavə 25 faiz rüsum tətbiq olunacaq və nəticədə ümumi tarif 27,5 faiz təşkil edəcək. Ağ evin rəhbəri daha sonra Tokio ilə genişmiqyaslı razılaşmaya nail olunduğunu və Yaponiyadan idxal olunan avtomobillərə rüsumun 15 faizə endiriləcəyini bəyan edib. Lakin bu, əvvəlki 2,5 faizlik tariflə müqayisədə hələ də xeyli yüksəkdir.

Seçilən
19
1
azertag.az

2Mənbələr