AZ

Fransada büdcə ixtisarlarına qarşı etiraz: məktəb müəllimləri də tətilə qoşulur

Paris, 17 sentyabr, AZƏRTAC

Fransada sentyabrın 18-də keçiriləcək ümumi tətil və etiraz aksiyası ərəfəsində təhsil və nəqliyyat sektorlarında ciddi pozuntuların baş verəcəyi gözlənilir.

AZƏRTAC xəbər verir ki, Fransanın ibtidai məktəb müəllimlərini təmsil edən Snuipp həmkarlar ittifaqının ilkin hesablamalarına əsasən, müəllimlərin üçdə biri bu ümumi tətilə qoşulacaq. Bu, sentyabrın 10-da da keçirilmiş "Hər şeyi bloklayaq” (Bloquons tout) adlı vətəndaş hərəkatı ilə müqayisədə daha genişmiqyaslı bir iştirak gözləntisinə işarə edir. Etiraz aksiyası keçmiş baş nazir Fransua Bayru tərəfindən təklif edilən büdcə qənaəti tədbirlərinə qarşı yönəlib. Hökumətin istefasına baxmayaraq, həmkarlar ittifaqları birlikləri (CFDT, CGT, FO, CFE-CGC, CFTC, UNSA, FSU və Solidaires) avqust ayının sonundan bəri tətilə və mitinqlərə çağırış edir.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 18-də təxminən 500 min vətəndaşın küçələrə çıxacağı gözlənilir. Bu rəqəm sentyabrın 10-da baş tutan aksiyada iştirak etmiş 200 min nəfərlə müqayisədə ikiqat artım deməkdir.

Etiraz aksiyasına təhsil işçiləri ilə yanaşı, nəqliyyat sektoru da geniş şəkildə qoşulacaq. SNCF, RATP və Air France kimi əsas nəqliyyat şirkətlərində də tətil gözlənilir. Eyni zamanda, bələdiyyə xidmətləri, elektrik və qaz sektorları, dərman sektorları və sosial xidmətlər sahəsində də iş dayandırılacaq. Snuipp həmkarlar ittifaqının verdiyi məlumata görə, xüsusilə ibtidai məktəblərdə müəllimlərin üçdə biri dərs deməyəcək. Bu, ölkənin müxtəlif bölgələrində on minlərlə şagirdin təhsilində fasilələr yaradacaq.

18 sentyabr aksiyası Fransa cəmiyyətində iqtisadi ədalətsizliklərə və büdcə ixtisarlarına qarşı artan narazılığın göstəricisidir. Müəllimlər və digər sektorların işçiləri bu tədbirlə güclü sosial mesaj verməyə hazırlaşır. Hökumətin qarşıdakı günlərdə bu narazılıqlara necə reaksiya verəcəyi hələlik bəlli deyil.

Seçilən
31
1
azertag.az

2Mənbələr