AZ

Milli Kitabxanada “18 sentyabr - Milli Musiqi Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi təşkil olunub

18 sentyabr – Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Milli Musiqi Günü dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyliyə borcludur.

1995-ci ildə  Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb.

Milli Kitabxanada bu münasibətlə  “18 sentyabr - Milli Musiqi Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

 Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər   https://anl.az/el/vsb/Milli_Musiqi_gunu/index.htm   linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə Milli Kitabxananın və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” layihəsi çərçivəsində nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələri və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi biblioqrafiyalar,   Azərbaycan musiqi sənətinin təşəkkülü və inkişafı tarixi, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin zəngin irsi, Milli musiqimizin görkəmli xadimlərinin həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti,  Azərbaycanın milli musiqi alətləri və s.  haqqında Azərbaycan və xarici dillərdə müxtəlif ədəbiyyatlar nümayiş olunur.

Seçilən
19
1
xalqqazeti.az

2Mənbələr