AZ

AFFA rəsmisi: “Qarabağ” göstərdi ki, Azərbaycan millisində də..." - AÇIQLAMA

“Bu oyunda “Qarabağ” hər kəsə mesaj göndərdi. Avropada "Qarabağ" adının olduğunu bir daha sübut etdi. Azərbaycanda futbolla məşğul olan var və buna inamınızı heç vaxt itirməyin. Kağız üzərində hər kəs favorit ola bilər, amma özünə inam olanda müsbət nəticə əldə etmək mümkündür”.
 
Moderator.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
 
Mütəxəssis “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunda Portuqaliya təmsilçisi “Benfika”nı 3:2 hesabı ilə məğlub etməsini tarixi zəfər adlandırıb:
 
“Dünəndən hamımız çox pozitiv bir oyunun şahidi olduq. İndi nə desək, azdır. “Köhlən atlar” inamlı çıxışı ilə bizə futbol bayramı bəxş etdi. Portuqaliya kimi futbol ölkəsində güclü bir rəqibə qarşı Çempionlar Liqasının əsas mərhələsində ilk oyununda müsbət nəticə qazanmaq, xüsusilə 0:2 hesabı ilə geri düşdükdən sonra iradə göstərərək sona qədər mübarizə aparmaq böyük uğurdur. “Qarabağ” məzmunlu oyunu ilə bizə əsl bayram yaşatdı. Bu qələbə bizi ruhlandırır. İnanırıq ki, “Qarabağ” bundan sonra da hər bir rəqibə qarşı hamımızı sevindirməyə davam edəcək”.
 
Sadıqov bildirib ki, bu uğur uzun illərin zəhmətinin bəhrəsidir: “Bu nəticə birdən-birə qazanılmayıb. Görülən iş öz bəhrəsini verir. “Qarabağ” yalnız tabloda yazılan nəticə ilə yox, həm də gözəl oyun üslubu ilə sevindirir. Bu, zəhmətin və komanda ruhunun nəticəsidir. “Qarabağ” bizim üçün qürurdur, nümunədir. Onun hər bir uğuruna sevinirik və ümid edirik ki, daha böyük nailiyyətlərin şahidi olacağıq”.
 
AFFA rəsmisi Azərbaycan futbolunun inkişafı üçün inamın önəmli rol oynadığını vurğulayıb: “İnam çox böyük amildir. Komandalara, məşqçilərə və futbolçulara inanmalıyıq. “Qarabağ” bu mənada nümunədir. "Köhlən atlar" göstərdi ki, Azərbaycan millisində və klublarında inam olarsa, əlindən gələni etmək mümkündür”.
 
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.
 
Seçilən
12
50
moderator.az

10Mənbələr