AZ

Özəl pensiya fondlarının yaradılması nəyi dəyişəcək?

ain.az bildirir, 525.az portalına istinadən.

Məlum olduğu kimi, Milli Məclisdə özəl pensiya fondlarının yaradılması ilə bağlı müzakirələr başlayıb və qanun layihəsinin yaxın zamanlarda parlamentə daxil olacağı gözlənilir. Sənəd ölkədə özəl pensiya fondlarının yaradılmasını nəzərdə tutur. Bildirilir ki, bununla vətəndaşlara dövlət pensiyasından əlavə, özəl fondlardan da təqaüd almaq imkanı veriləcək. Bu, mövcud dövlət sistemi ilə rəqabət deyil, əlavə seçimdir. Özəl pensiya fondları sosial sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurum kimi formalaşdırılır. Dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondları əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır. Bu fondlar əsasən vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər qazanır. Sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir.

Qeyd edək ki, özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir.

Mövzuya münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, dövrün tələbinə uyğun olaraq özəl pensiya fondlarının yaradılmasına ehtiyac var idi. Dünya təcrübəsində bu var və tətbiqi müsbət effekt verir: "Mən özəl təqaüd fondlarının yaradılmasınü müsbət dəyərləndirirəm. Biz uzun müddətdir ki, bunun üçün çağırışlar edirdik. İnsanlara bu imkan verilməlidir. Buna ehtiyac da var. Bu sistem işə düşdükdən sonra vətəndaşlar pensiya kapitalının bir hissəsini özəl pensiya fondlarına yönəltmə imkanı əldə edəcəklər. Müəyyən müddət keçdikdən sonra, yəni vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcəklər. Dünya ölkələrində özəl pensiya fondları bu formada fəaliyyət göstərir. Fondun fəaliyyəti barədə sualların cavabı əsasnamə təsdiq olunandan sonra bilinəcək. Hansı şərtlərlə yaranacaq, hansı prinsiplər olacaq, necə qorunacaq, vətəndaşlara hansı üstünlüklər təklif olunacaq - bütün bunlar əsasnamə və sənədlər təsdiq olunandan sonra təsdiqlənəcək. Hesab edirəm ki, vətəndaşlarla özəl fondlar arasında tipik yox, fərdi müqavilələr bağlanılmalıdır. İcbari yox, könüllü olaraq müqavilə şərtləri ilə özəl fondlarla razılaşma əldə edəcəyik, ya yox, bu barədə də qəbul olunmuş sənədlərdən sonra fikir bildirmək mümkün olacaq. Amma bu məsələ barədə tam olaraq fondun əsasnaməsi təsdiqləndikdən sonra danışmaq olar".

Natiq Cəfərlinin sözlərinə görə, hazırda ölkədə pensiya kapitalı ilə bağlı ən böyük problem avtomatik olaraq minimum əməkhaqqı artan kimi pensiya kapitalının da artmasıdır: "Hesab edirəm ki, bu, doğru deyil. Ancaq özəl təqaüd fondları olduqdan sonra vətəndaşlarla qurum arasında fərdi müqavilə bağlanar. Bundan sonra kapitalın yığım hissəsini artırmaq mümkün olacaq. Eyni zamanda vətəndaş əlavə özü də yığım hissəsinə vəsait qoya biləcək".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
525.az

1Mənbələr