Tarixi zəfərin ardından…
“Qarabağ” ötən gecə Azərbaycan futbol tarixindəki ən böyük qələbəni qazandı. Bəli, bunu birmənalı şəkildə deyə bilərik. Bizim futbol tariximizdə bundan böyük qələbə yoxdur.
Lakin bu qələbə bir gündə gəlmədi. Bu, 17 illik əziyyətin bəhrəsidir. Qurban Qurbanov “Qarabağ”a gələndə cəmi bir mövsümlük baş məşqçilik təcrübəsi var idi. O, komandanı ilk mövsümündəcə avrokuboklara aparmağı bacardı. Və 2009-cu ildəki həmin o “Rusenborq” oyunu, hər şey başlayan gün…
Oradan buralara gələn komanda. Əslində ilk Çempionlar Liqası təcrübəsi də çox pis alınmamışdı. “Çelsi”yə qarşı böyükhesablı məğlubiyyətlər olmasa idi, “Atletiko” və “Roma”ya qarşı oynanılan oyun heç də pis deyildi. Zatən heç bir oyunda Madrid təmsilçisinə məğlub olmadıq.
Ötən mövsüm avrokubokların yeni formatında “Qarabağ” bir az çətinlik çəkdi və istənilən nəticələr gəlmədi.
Amma bu il komandanın daha yaxşı çıxış edəcəyinə inanırdım. Hücumçu transferi edilməməyinə baxmayaraq…
Və dünənki tarixi oyun… 2:0 hesabı ilə geri düşməyimizə baxmayaraq Qurban Qurbanovun yetirmələri 30-cu dəqiqədən sonra tamamilə oyunun gedişatını dəyişdirməyi bacardı. Andradenin qolu “köhlən atları” özünə gətirdi. Sonrakı dəqiqələrdə demək olar heç bir komponentdə rəqibdən geri qalmırdıq.
İkinci hissənin əvvəlində Marko Yankoviçin əla ötürməsindən sonra yeni transfer - bu matça mərkəz hücumçusu mövqeyində başlayan Kamilo Duran hesabı bərabərləşdirəndən sonra artıq hər kəs qələbəyə inanırdı. Bəli heç-heçə, “Benfika” səfərində yaxşı nəticə sayılacaqdı. Lakin artıq “qan qoxusu” alınmışdı. Səfərdən qələbə ilə qayıda biləcəyimizi həm komanda, həm də ekran qarşısına keçənlər hiss edirdi.
Qələbə qolunu isə Aleksey Kaşukun vurmağı lap yerinə düşdü. Çünki növbəti oyunlarda ona daha çox ehtiyac olacaq. Ukraynalı futbolçu Zubirə pası verəndən sonra ustalıqla özünü boşluğa çıxarır və Azərbaycana Çempionlar Liqasında ilk zəfəri gətirir.
Bu “Benfika” zəifdir deyib, “Qarabağ”ın qələbəsini kiçiltmək istəyənləri görməzdən gəlin. Ən yaxşı vəziyyətində olmasa belə, “Benfika” elə “Benfika”dır. Onlar Çempionlar Liqası tarixində “Real Madrid”dən sonra ən çox iştirak edən klubdur.
Hərtərəfli möhtəşəm qələbə idi. “Da Luş”da 0:2 geri düşürsən, sonra isə həvəsdən düşməyib sonda isə qalibiyyət əldə edirsən.
Sadəcə əhsən!