AZ

Dioqo Verdaska: “Öz şəhərimizdə, azarkeşlərimiz qarşısında oynamaq üstünlük olardı”

“Kəpəz”in portuqaliyalı müdafiəçisi Dioqo Verdaskanın futbolinfo.az saytına müsahibəsi

– “Araz-Naxçıvan”la çempionat oyununda (0:2) komanda əvvəlki matçlara nisbətən yaxşı təsir bağışlasa da, yenə yekunda məğlubiyyətlə üzləşdiniz. Uğurlu nəticə üçün nə çatışmadı?

– Düşünürəm ki, ilk hissədə pis təsir bağışlamadıq, müdafiədə yaxşı idik, kompakt oynayırdıq, hücumda bir neçə imkanımız da oldu. Amma futbol 90 dəqiqə davam edir, buna görə də bu ritmi bütün 90 dəqiqə ərzində qorumağa çalışmalıyıq. “Araz-Naxçıvan” yaxşı komandadır, keçən il liqada üçüncü yeri tutub. Ona görə də oyunun çətin keçəcəyini bilirdik.

– 4 turdan sonra çempionatda xal qazanmayan yeganə komanda “Kəpəz”dir. Uğursuz startın səbəbini nədə görürsünüz?

– Mən komandaya yeni qayıtmışam, məndən əvvəl nə baş verdiyini deyə bilmərəm. Onu deyim ki, növbəti oyunda əlimizdən gələni edəcəyik.

– “Kəpəz”in doğma şəhərdən, azarkeşlərdən uzaq düşməsi komandanın çıxışına mənfi təsir edirmi?

– Razılaşaq ki, öz stadionumuzda, öz şəhərimizdə, azarkeşlərimizin qarşısında oynamaq bizim üçün üstünlük olardı. Amma bu durum qəbul etməli olduğumuz bir reallıqdır.

– Növbəti turda “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu görüş “Kəpəz” üçün dönüş nöqtəsi ola bilərmi?

– Azərbaycan çempionatında hər oyun, hər tur önəmlidir. Hazırkı vəziyyətimizi nəzərə alsaq, bu görüş həm biz futbolçular, həm də ümumilikdə “Kəpəz” üçün olduqca önəmlidir.

– Ötən mövsüm də “Kəpəz”in formasını geyinmişdiniz və komanda Premyer Liqada qalmağı bacarmışdı. Bu sezon da “Kəpəz” liqadakı yerini qoruya biləcək?

– Fikrimcə, biz oyundan-oyuna düşünməliyik. Gələcək haqqında çox danışmağı sevmirəm. Futbolda hər şey ola bilər. Öz adıma deyə bilərəm ki, bu klub üçün əlimdən gələni edəcəyəm.

– “Kəpəz”in bu yay heyətinə cəlb etdiyi, ilk dəfə ölkəmizə gələn yeni legionerlərin səviyyəsini necə dəyərləndirirsiniz? Onlar Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərə biləcəklər?

– Yeni komanda yoldaşlarımla təxminən iki həftədir ki, məşq edirəm. Keçən illə müqayisədə komandada çoxlu yeni simalar var. Deyə bilərəm ki, bu liqa rəqabətlidir. Yalnız fiziki baxımdan güclü olmaqla və komanda işi sayəsində məqsədlərimizə çata bilərik.

İdman.biz

Seçilən
48
1
idman.biz

2Mənbələr