AZ

BDU da keyfiyyət təminatı ilə bağlı silsilə təlimlərə başlanılıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 17 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) “Xarici keyfiyyət təminatı” mövzusunda təlim təşkil olunub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, təlim rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasovun rəhbərliyi ilə keçirilib.

Qeyd olunub ki, BDU artıq magistratura səviyyəsində tədris olunan 14 proqramın beynəlxalq akkreditasiyasına start verib və bu təşəbbüs universitetin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini gücləndirməyə xidmət edir. Təlim çərçivəsində Qazaxıstan Respublikasının Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentliyinin beynəlxalq akkreditasiya meyarları geniş müzakirə olunub.

Təlimin əsas məqsədi ali təhsil müəssisələrində keyfiyyət təminatı sahəsində müasir çağırışların və beynəlxalq təcrübənin müzakirəsi, mövcud vəziyyətin təhlili və gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsidir. Müzakirələr zamanı ali təhsildə keyfiyyət təminatının yalnız tədris prosesinin səmərəliliyini ölçən mexanizm olmadığı, həm də təhsil müəssisələrinin strateji idarəçiliyi, akademik mühitin inkişafı və tələbəyönümlü yanaşmanın təmin olunması üçün əsas alət olduğu vurğulanıb.

Təlimdə qeyd olunub ki, davamlı inkişafı təmin edən keyfiyyət mexanizmləri təhsil proqramlarının mütəmadi qiymətləndirilməsi, tədris resurslarının optimallaşdırılması, tələbə nailiyyətlərinin monitorinqi, məzunların əmək bazarındakı uğurları və maraqlı tərəflərin prosesə aktiv cəlbi kimi göstəricilərə əsaslanır. Bu çərçivədə keyfiyyət təminatı tələbələrin məmnunluğunu, təhsil nəticələrinin səmərəliliyini və elmi potensialın inkişafını təşviq edən kompleks yanaşmadır.

Asiman İlyasov çıxışında ali təhsildə keyfiyyət təminatının həm milli, həm də qlobal səviyyədə artan əhəmiyyətini vurğulayaraq bildirib ki, bu mexanizmlərin tətbiqi universitetlərin rəqabət qabiliyyətini yüksəldir, onların beynəlxalq elmi-təhsil məkanında mövqeyini gücləndirir.

Təlimin yekununda bildirilib ki, BDU-da həyata keçirilən bu cür tədbirlər ali təhsil müəssisəsində keyfiyyət təminatının institusional səviyyədə daha da möhkəmləndirilməsinə, şəffaflıq və hesabatlılığın artırılmasına, həmçinin davamlı inkişaf və innovativ yanaşmaların tətbiqinə xidmət edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
azertag.az

1Mənbələr