AZ

Moskvanın gizli planı: Azərbaycan daxilində hansı “çatları” böyütmək istəyir?

Rusiya uzun illər Cənubi Qafqazda təsirini əsasən hərbi və siyasi rıçaqlar üzərindən gücləndirməyə çalışsa da, indi daha incə, amma təhlükəli mexanizmlərə üstünlük verir. Moskva artıq açıq qarşıdurmadan çox, daxili ictimai parçalanmaları dərinləşdirən, sosial və dini həssaslıqlardan istifadə edən strategiyalara yönəlir. Bu yanaşma təkcə Azərbaycana deyil, həm də Ermənistana və Gürcüstana şamil olunur. Belə bir şəraitdə region ölkələrinin həm daxili sabitliklərini qoruması, həm də informasiya və ideoloji təxribatlara qarşı dayanıqlı immunitet formalaşdırması həyati əhəmiyyət daşıyır.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Editor.az-a açıqlamasında bildirib ki, Rusiya hazırda Cənubi Qafqaz ölkələrinə qarşı yeni strategiyalar formalaşdırır və bu strategiyalar daha çox daxili sosial parçalanma üzərində qurulur:

 

“Məsələn, Azərbaycana qarşı uzun illər tətbiq olunan separatizm faktiki olaraq sıradan çıxıb. Lakin indi Rusiya başqa vasitələr axtarır. Onlardan birincisi diasporadır. İkincisi, təəssüf ki, ölkə daxilində müəyyən bir kütlə var ki, dini hisslərini manipulyasiyaya açıq vəziyyətə gətirib. Moskva bu həssaslıqdan da yararlanmağa çalışır. Üçüncüsü isə unutmamalıyıq ki, Azərbaycanda ictimai rəyi parçalayacaq mövzular axtarılır və bu mövqelərə dəstək verilir. Sonuncu dəfə məcburi köçkünlərin evlərinə qayıtması məsələsi, hansı ki, bir jurnalistin çıxışı üzərindən qurulmuş taktiki gediş idi, bunu açıq şəkildə göstərdi. Bu da sübut edir ki, Rusiya cəmiyyət daxilində parçalanma yaratmaq üçün yeni tezislər üzərində işləyir.”

Ekspertin sözlərinə görə, Cənubi Qafqaz ölkələrini ayrı-ayrılıqda təhlil etdikdə mənzərə daha da aydın görünür:

“Ermənistanda kilsə, Qarabağdan gələn separatçılar və keçmiş hakimiyyət təmsilçiləri üzərindən təxribatlar müşahidə olunur. 2026-cı il seçkiləri ərəfəsində bu proseslərin hətta qiyama qədər gedə biləcəyi istisna deyil. Gürcüstanda isə vəziyyət məlumdur – orada hakimiyyətin əsas dayağı birbaşa Rusiyanın dəstəyidir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr