AZ

Fransada müsəlmanlara qarşı irqçilik halları artır - SORĞU dəhşətli faktlar ortaya çıxardı...


Fransada yaşayan müsəlmanların əksəriyyəti son beş il ərzində irqçi münasibətlərə məruz qaldıqlarını bildirirlər.

IFOP institutunun keçirdiyi sorğunun nəticəsi ilə təsdiqlənib. Sorğu 2000 müsəlmanmənşəli fransız vətəndaşı arasında aparılıb və narahatedici bir mənzərə ortaya qoyulub. Müsəlmanların 66 faizi irqçilik və ayrı-seçkiliyin qurbanı olduqlarını deyirlər.

Araşdırma göstərib ki, 25 yaşdan aşağı müsəlmanların 75 faizi irqçi münasibətə məruz qalıb. Kişilər və qadınlar arasında fərq müşahidə olunmayıb - bu isə hicabla bağlı ictimai müzakirələrə baxmayaraq, ayrı-seçkiliyin həm kişiləri, həm qadınları eyni dərəcədə hədəf aldığını göstərir.

Sorğuda iştirak edənlərin yarısı iş axtarışı zamanı, digərləri isə ev kirayələmə prosesində, barlara və ya diskoklublara girişdə, həkimlər və müəllimlərlə münasibətdə diskriminasiyaya məruz qaldıqlarını bildiriblər. Müsəlman respondentlərin 30–40 faizi bu cür təcrübələr yaşadığını qeyd edib.

Paris Müsəlman Assosiasiyaları Koordinasiyasının sədri və paytaxtın cənub-qərbindəki məscidin rektoru Najat Benali vəziyyətin təəccüblü olmadığını bildirərək, 2022-ci ildə cümə namazından sonra kiçik bir sorğu aparıldığını, hər iki nəfərdən birinin artıq təhqir və ya zorakılıqla üzləşdiyini deyir.

Ən diqqətçəkən məqam isə müsəlmanların 80 faizinin baş verənlərə baxmayaraq şikayət etməməsidir. Səbəb isə medianın və bəzi siyasətçilərin islamofob ifadələrinə qarşı sanksiyaların olmamasıdır.

"Keçən həftə mənim məscidim daxil olmaqla, doqquz məscidin qarşısına donuz başları qoyuldu. Bəzi inanclılar bu başları götürüb zibil qutusuna atdı – polisə belə zəng etmədilər. Onlar üçün bu, artıq adi haldır", - deyə N.Benali insanların irqçilikdən nə dərəcədə əziyyət çəkdiklərini, vəziyyətin çətinləşdiyini vurğulayıb.

IFOP tərəfindən sorğulanan müsəlmanların 81 faizi son 10 ildə Fransada irqçiliyin artdığını düşünür. Bu isə cəmiyyətdə narahatlıq və qorxu hissini artırır. Xüsusilə hicablı qadınlar özlərini daha çox təhlükə altında hiss edirlər – 66 faizi təhqir və ya hücum qorxusu ilə yaşayır.

Tədqiqatçılar arasında uzun müddətdir ki, bu tip hücumlarda hansı parametrin daha ağır olması ilə bağlı mübahisələr gedir: etnik və ya irqimənşəli, yoxsa əlverişsiz qonşuluqda yaşamaq. IFOP sorğu institutu tərəfindən müsahibə edilən qurbanların yarısı, məhz dinlərinə görə hədəf olduqlarını deyiblər.

Bundan əlavə, sosial status da qoruyucu amil deyil. Sorğu nəticələri göstərir ki, yüksəktəhsilli və yüksək vəzifədə çalışan müsəlmanlar da təhqir və ayrı-seçkilikdən sığortalanmayıblar.

Sorğu Paris Böyük Məscidinin rektoru Şəmsəddin Hafiz tərəfindən sifariş olunub. “Məqsədim gerçəyi ortaya qoymaq və inkarla vidalaşmaq idi. Biz konkret rəqəmlərlə mövcud vəziyyəti göstərmək və güclü cavab almaq istəyirik”, - deyə o, məscidin rəsmi saytında yazıb.

Fransada islamofobiya və irqçiliklə bağlı narahatlıqlar yalnız fərdi təəssüratlar deyil, artıq statistik faktlardır. Müsəlman icması gündəlik həyatda artan basqılar və ayrı-seçkiliklə üz-üzədir. Bu sorğu həm ictimaiyyətin, həm də hökumətin məsələyə ciddi yanaşmasının zəruriliyini bir daha gündəmə gətirir.

ZÜMRÜD

Seçilən
35
3
baki-xeber.com

4Mənbələr