AZ

“Allah da “Qarabağ”ın tərəfində idi” - Tanınmış simalar “Qarabağ” haqda

Xəbər verdiyimiz kimi, ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda  “Qarabağ” Portuqaliya klubu “Benfika” ilə mübarizədə 0-2 hesabı ilə geri düşməyinə baxmayaraq, möhtəşəm geri dönüş edərək 3-2 hesablı tarixi qələbə qazanıb.

 

Manset.az Avropanın nəhəng klublarından olan “Benfika”nı məğlubiyyətə uğradan qələbə ilə bağlı siyasət, idman və mədəniyyət sahəsində tanınmış şəxlərin fikirlərini öyrənib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov:

“Biz hazırda Zaqrebdəyik, yunan-roma güləşinin Dünya Çempionatı gedir. Ancaq bir gözümüz güləş döşəyində - tatamidə idi, bir gözümüz isə “Qarabağ”ın oyununda idi. 2-0-dan gəlib 3-2 ilə qələbə qazanmaq ölkəmizi həqiqətən də çox sevindirdi. Həqiqətən də alqışa layiq bir qələbədir. Qurban Qurbanov və onun komandası, doğurdan da, böyük qəhrəmanlıq göstərdilər. 2-0-dan sonra belə bir qələbə hər komandanın işi deyil. Bu onu göstərir ki, komanda güclü psixologiyaya sahibdir, o, “sınmadı””.

Türkiyə Böyük Millət Məclisinin üzvü, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım:

“Bu, bizim üçün çox böyük qürurdur. Bildiyiniz kimi, bu il “Qalatasaray” və “Qarabağ”dan zəfər gözlüyürük. Komandanın adının da bizim üçün ayrıca önəmi var. Bu vəsilə ilə belə uğurların əldə olunmasına görə, daim “Qarabağ”a öz dəstəyini göstərən Cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Eləcə də, komanda üzvlərinə və məşqçi Qurban Qurbanova da böyük təşəkkür düşür. Doğurdan da, böyük uğura imza atdı. Sizlərə də bizimlə də əlaqə saxladığınız üçün minnətdarıq”.

Xalq artisti Flora Kərimova:


“Çox böyük maraqla izlədim. Baş tutan oyundan həqiqətən zövq aldım. “Qarabağ” mənim ürəyimdir. Təbrik edirəm, gələcək oyunlarda da uğurlar arzulayıram”.

Mətbuat Şurasının sədri Rəşad Məcid:

“ “Qarabağ” son illərdə bizə çoxlu sevinc gözyaşları, həyəcanlı dəqiqələr bağışlayıb. “Benfika” ilə oyunda da belə oldu. Onlar həqiqətən də, döyüşürdülər. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev bu qələbəni Azərbaycan idmanının böyük zəfəri kimi qiymətləndirdi. Komandanın bütün heyətini təbrik edirəm”.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik, korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev:

“Ürəkdən təbrik edirəm, çox mühüm qələbədir. “Qarabağ”ın adına, statusuna uyğun olan qələbədir. Bu qələbə hər bir Azərbaycan vətəndaşını sevindirdi. Bir daha biz bütün dünyaya göstərdik ki, bizdə idman inkişaf edir və Azərbaycan xalqı futbolu sevir. Dünyanın tanınmış komandalarına qarşı, eləcə də “Benfika”ya qarşı olan qələbə olduqca çətinliklə başa gələn və möhtəşəm qələbədir”.

Xalq artisti Mənsum İbrahimov:


“Mən deyərdik ki, bu qələbə bütün xalqımıza xüsusi ruh yüksəkliyi verdi. Sözün əsl mənasında Avropanın ən güclü komandalarından birinin məğlub etdi. 0-2-dən dönüş edərək 3-2 etmək böyük qəhrəmanlıqdır. Necə ki Qarabağın özündə qələbə qazandıq, indi də “Qarabağ” meydanda həmin qələbəni təmin etdi”.

Milli Məclisin deputatı Aqil Abbas:

“Dünən 90 dəqiqə həyəcanın içində keçdi. Amma inanırdım ki, “Qarabağ” qalib gələcək. Allah da “Qarabağ”ın tərəfində idi. Son ana qədər vuruşdular, döyüşdülər, Qurban da hər zaman olduğu kimi soyuqqanlı və təmkinlə dayanmışdı. Qurbanın bütün uğurlarının səbəbi onun soyuqqanlılığıdı. Təbii ki, komanda üzvləri əziyyət çəkdilər, amma qalibiyyətin səbəbi Qurbanın taktikası idi. Sübut etdi ki, Azərbaycanda futbol var. Bunu “Neftçi”yə, “Sabah”a, “Turan Tovuz”a, Milliyə də arzulayıram. “Qarabağ”a “köhlən atlar” deyirlər, amma mən onlara “ayqır atlar” deyirəm. Çünki ayqır at tapdalayıb keçir. Ötən gün “ayqır atlar” “Benfika”nı da, Portuqaliyanı da tapdalayıb keçdi”.

Əməkdar jurnalist, Qol.az saytının baş redaktoru Aydın Bağırov:


“Bütün Azərbaycan futbolsevərləri kimi mən də çox sevindim. Bu, tarixi qələbədir. Bu qələbənin dəyəri, qiyməti mütləq bilinməlidir. Lakin rahatlamaq olmaz, hazırki qələbədən sonra digər oyunlarda rəqiblər “Qarabağ”a daha çox ciddiyyətlə yanaşacaq.

Xalq artisti Vasif Məhərrəmli:


“Bu, “Qarabağ”ın Çempiyonlar Liqası tarixində ikinci çıxışı və ilk qələbəsidir. Davamlı olsun. “Qarabağ”ın sayəsində üzümüz gülür, lakin digər komandalar bunu edə bilmir. Başda Cənab Prezidentimiz olmaqla bütün xalqımızı təbrik edirəm. Bilirəm ki, ölkə başçımız da futbola çox bağlıdır. İnanıram ki, ötən gün İlham Əliyev də bu möhtəşəm qələbəni seyr etdi. Bu, inanılmaz bir qələbə oldu.

 

Fidan Vəlisoy 

Seçilən
12
manset.az

1Mənbələr