AZ

Saatlı rayonunda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə start verilir

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə ölkənin fərqli regionlarında kibertəhlükəsizlik üzrə maarifləndirmə və kadr hazırlığı istiqamətində fəaliyyət genişləndirilməkdədir.

AZƏRTAC xəbər verir ki, ilk təşəbbüsə sentyabrın 16-da Saatlı rayonunda start verilib. Mərkəzi Aran regionunda icra olunacaq layihənin təqdimatında gənclər, təhsil işçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak ediblər. Tədbirdə AKTA tərəfindən proqramlaşdırma, şəbəkə texnologiyaları və təhlükəsizliyi, həmçinin kibergigiyena tələblərinə xüsusi diqqət çəkilərək, kibertəhlükəsizlik üzrə mütəxəssis hazırlığı barədə ətraflı məlumat verilib. AKTA-nın icraçı direktoru Rauf Cabarov, Assosiasiyanın eksperti Rəşad Əliyev, qurumun üzvü olan “Cybersign” şirkətinin direktoru Elvin Axundov və Assosiasiyanın kiber diaspora üzvü Elgün Bəxtiyaroğlu fərqli mövzularda çıxışlar ediblər.

Tədbirdə Saatlı rayonunda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə start verildiyi elan olunub. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov AKTA-nın bu təşəbbüsünü təqdirəlayiq hesab edərək, layihəyə dəstək veriləcəyini bildirib.

AKTA-nın regionlarda başladığı layihə çərçivəsində Mərkəzi Aran regionunda Saatlı və ətraf rayonların gəncləri proqramlaşdırma, şəbəkə texnologiyaları və kibertəhlükəsizlik sahəsində CISCO Şəbəkə Akademiyası (“CISCO Network Academy”) beynəlxalq təlim platformasının təqdim etdiyi müasir tədris proqramları ilə təmin ediləcəklər. Təlimlər AKTA-nın peşəkar və beynəlxalq təlimçi statuslu ekspertləri tərəfindən təşkil olunacaq. Təlimlərdə beynəlxalq CISCO Şəbəkə Akademiyasının resurslarından limitsiz istifadə ediləcək. Təlimlərin sonunda iştirakçılara AKTA və CISCO Şəbəkə Akademiyasının sertifikatları veriləcək. AKTA və CISCO Şəbəkə Akademiyası arasında mövcud razılaşmaya əsasən, bu təlimləri bitirən mütəxəssislərin beynəlxalq sertifikat imtahanına müraciəti zamanı tələb olunan ödənişə 60 faiz endirim tətbiq olunacaq.

Layihə çərçivəsində kiber maarifləndirmə tədbirləri Saatlı rayon məktəblərində davam etdiriləcək. Burada şagirdlərə və müəllimlərə kibergigiyena haqqında zəruri məlumatlar veriləcək. Bu təşəbbüs AKTA-nın regionlarda həyata keçirdiyi ilk pilot layihə olmaqla, gələcəkdə digər rayonlarda davam etdiriləcək.

Seçilən
75
3
azertag.az

4Mənbələr