BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
BMT İsrailin Qəzzada törətdiklərini "soyqırım" adlandırıb.
Birləşmiş Millətlər Təşkilatının Təhqiqat Komissiyasının hesabatında deyilir ki, 2023-cü ildə Həmas-la müharibə başlayandan bəri beynəlxalq hüquqla müəyyən edilmiş beş soyqırım aktından dördünün həyata keçirilməsi qənaətinə gəlmək üçün əsaslar var:
Buna icma üzvlərini öldürmək, onlara fiziki və psixi zərər yetirmək, icmanın məhvinə hesablanmış şərait yaratmaq və doğuşların qarşısını almaq daxildir.
İsrail liderlərinin bəyanatları və İsrail qüvvələrinin davranış modeli bu hesabatda soyqırım niyyətinin sübutu kimi göstərilir.
İsrail Xarici İşlər Nazirliyi hesabatı "təhrif edilmiş və yalan" adlandıraraq, qəti surətdə rədd etdiyini açıqlayıb.
İsrail XİN-in bir əməkdaşı BMT komissiyasındakı üç eksperti Həmas-la əlaqəsinin olmasını iddia edərək, onları qruplaşmanın yalanlarına inanmaqda suçlayıb.
"Hesabatdakı yalanların əksinə, Həmas İsraildə soyqırıma cəhd edən tərəfdir - 1200 nəfəri qətlə yetirib, qadınları zorlayıb, ailələri diri-diri yandırıb və hər bir yəhudini öldürmək məqsədini açıq şəkildə bəyan edib", - qurum vurğulayıb.
Həmas İsrailə 7 oktyabr 2023-cü ildə hücum edib. Həmin hücumda 1200 nəfər öldürülüb, 251 nəfər girov götürülüb.
Bundan sonra İsrail ordusu Qəzzada əməliyyatlara başlayıb.
Həmasın nəzarətindəki Qəzza səhiyyə rəsmilərinin məlumatlarına görə, İsrailin Qəzzada apardığı əməliyyatlarda indiyədək təxminən 65 min nəfər öldürülüb. Bundan əlavə, əhalinin əksəriyyəti dəfələrlə yerlərini dəyişməyə məcbur qalıb. Yaşayış yerlərinin 90 faizindən çoxunun zərər gördüyü və ya dağıdıldığı təxmin edilir.
Qəzzada səhiyyə, su, kanalizasiya ilə bağlı infrastruktur çöküb.
BMT-nin qida mütəxəssisləri Qəzzada qıtlıq olduğunu açıqlayıblar.
BMT-nin bu hesabatını İşğal olunmuş Fələstin Əraziləri üzrə təşkil olunmuş Müstəqil Beynəlxalq Araşdırma Komissiyası hazırlayıb.
Bu komissiya 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən beynəlxalq insan hüquqlarnın pozulması hallarını və iddiaları araşdırmaq üçün yaradılıb.
Üç ekspertdən ibarət panelə rəhbərliyi Ruanda soyqırımı ilə bağlı beynəlxalq tribunalın sədri olmuş, BMT-nin keçmiş insan haqları direktoru, cənubi afrikalı Navi Pillay edib.
Hesabatda nə var?
Komissiyanın hesabatında İsrail hakimiyyəti və ordusu 1948-ci il Soyqırım Konvensiyasında müəyyən edilmiş beş soyqırım aktından dördünü törətməkdə ittiham olunur.
Ortaya qoyulan qənaət belədir:
Soyqırım Konvensiyasına əsasən, "soyqırım" termininin hüquqi olaraq istifadə edilməsi üçün ittiham olunanın bu davranışlardan hər hansı birini, icmanı tamamilə və ya qismən yox etmək məqsədi ilə xüsusi canfəşanlıqla davrandığını aşkar etmək vacibdir.
BBC-yə müsahibəsində BMT missiyasının rəhbəri Pillay diqqətə çatdırıb ki, Baş nazir Netanyahu 7 oktyabr 2023-cü ildə Həmasın yerləşdiyi, gizləndiyi və fəaliyyət göstərdiyi "o pis şəhərdən güclü qisas" alacağına söz verib.
"Biz onu xarabalığa çevirəcəyik", - Netanyahu həmin vaxt deyib.
Pillay Netanyahunun bu bəyanatla bütün Qəzzanı 7 oktyabrdan məsul tutduğunu nümayiş etdirdiyini iddia edərək bildirib ki:
"Bütün davranışları toplayaraq faktiki nəticələr çıxarmaq, bunun baş verib-vermədiyini yoxlamaq iki il çəkdi... Yalnız faktlar sizə yol göstərə bilər. Əgər sözügedən davranışlar bu niyyətlə törədilibsə, Soyqırım Konvensiyasına uyğun olaraq, məhkəməyə müraciət edə bilərsiniz".
Komissiya bəyan edib ki, İsrailin siyasi və hərbi liderlərinin hərəkətləri "İsrail Dövlətinə aid edilə bilər" və buna görə də dövlət "soyqırımın qarşısını almamaq, soyqırımı törətmək və soyqırımı törətməyə qarşı cəza verməməyə görə məsuliyyət daşıyır".
BMT komissiyası da məsuliyyəti üzv dövlətlərin üzərinə qoyur.
Müvafiq olaraq, o, bütün ölkələrin Soyqırım Konvensiyasına əsasən "soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması" öhdəliklərinin olduğu barədə xəbərdarlıq edir və bütün mövcud tədbirlərdən istifadə etməklə bu öhdəliyi dərhal yerinə yetirməli olduqları ilə bağlı onlara xəbərdarlıq edir.
Komissiya iddia edir ki, əks halda onlar bu cinayətə şərik ola bilərlər.
Pillay "tərəfləri cinayət ortağı və ya soyqırım ortağı kimi xarakterizə edəcək qədər irəli getməmişik" deyir və rəhbərlik etdiyi komissiyanın bu mövzuda araşdırmalarını davam etdirdiyini əlavə edir.
Bir çox beynəlxalq və israilli insan haqları təşkilatları, eləcə də BMT-nin müstəqil ekspertləri və alimləri də İsraili Qəzzada fələstinlilərə qarşı soyqırım törətməkdə ittiham edib.
Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrikanın İsrail ordusunu soyqırımda ittiham etdiyi işə baxır.
İsrail iddianın "tamamilə əsassız" olduğunu və "qərəzli və yalan iddialara" əsaslandığını bəyan edib.