AZ

Bu piar texnologiyadır - ÖZƏL

Ermənistan parlamentində müxalifət deputatları hələ də qondarma "artsax" rejiminin bayraqlarını masa üzərinə qoyaraq çıxış edirlər. Bu, Azərbaycanla paraflanmış sülh sazişinə və Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına ziddir. Nə parlamentin sədri Alen Simonyan, nə də iclaslarda iştirak edən Paşinyan bu revanşist davranışa qarşı çıxıb. Halbuki keçmiş separatçı rejim artıq ləğv olunub, onun simvollarının dövlət orqanında nümayişi sülh prosesinə zərbə sayılır.
Ermənistan parlamentində "artsax" simvollarının nümayişi sülh sazişinin gələcəyinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib: 

" Ermənistan parlamentində siyasi müxalifəti təmsil edən deputatlar Paşinyan iqtidarının Azərbaycanla münasibətlərin nizamlanmasına dair baxışlarını bölüşmür, onu Azərbaycanla danışıqlarda təmsilçi mövqe sərgiləməkdə və dövlət maraqlarına xəyanətdə ittiham edirlər. Ermənistandakı parlament seçkiləri ərəfəsində Paşinyan hökumətinin siyasətindən narazı olan ölkənin etiraz elektoratının dəstəyini qazanmaq və siyasi dividendlər əldə etmək baxımından müxalifətin bu mövqeyi onun korporativ maraqlarından irəli gəlir. Unutmaq lazım deyil ki, parlamentdə təmsil olunan ölkənin siyasi müxalifətinin bir hissəsi Paşinyana qədər Ermənistanda hakimiyyətdə olub və Azərbaycana qarşı savaş, ölkəmizin torpaqlarının işğalı məhz onların iqtidarda olduğu dövrdə baş verib. Paşinyanın 44 günlük müharibədə məğlubiyyəti fonunda siyasi müxalifətin parlamentdə təmsil olunan qanadı özünü erməni xalqına "qəliblər" kimi təqdim etməyə çalışır, Ermənistanın bugünkü durumuna görə Paşinyanı məsul bilib, belə siyasi texnologiyalar ilə onun reytinqini aşağı salmağa cəhd göstərir. Erməni müxalifətinin daxili auditoriyaya, habelə xaricdəki havadarlarına hesablanmış bu mövqeyi ölkədaxili siyasi reallıqların göstəricisi olmaqla, seçkiləri hədəfləyən piar texnologiyadır və rəsmi Bakı ilə Ermənistanın danışıqlar prosesinə etiraz elektoratının narazılığını gücləndirmək, kütlə psixologiyasından Paşinyana təzyiq vasitəsi kimi istifadə etməyə xidmət edir. Paşinyan müxalifətin bu sayaq davranışına görə hüquqi və siyasi məsuliyyət daşımır, onlara münasibətdə qanunvericilik çərçivəsində tədbirlər görmək imkanlarına malik deyil. Bu kontekstdə erməni müxalifətinin məlum mövqeyi Azərbaycanla aparılan danışıqlara təsir etməməlidir, çünki müxalifət Ermənistanda dövlət siyasətini müəyyənləşdirən və yönləndirə bilən siyasi qüvvə deyil. Zamanında Fransa Senatı da üzdəniraq "Dağlıq Qarabağ Respublikası"nı tanımışdı, lakin rəsmi Paris bəyan etmişdi ki, bu onun mövqeyi deyil. Paşinyan hakimiyyətinin parlamentdə məlum insidentə reaksiya verməməsi isə onun seçkilərdən sonra Ermənistanda yarana biləcək siyasi şəraitdən yararlanmaq və ya sığortalanmaq istəyindən irəli gələ bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr