AZ

Qidalanmaya edilən kiçik dəyişikliklər dərini necə gözəlləşdirə bilər?

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Ən yeni möcüzəvi nəmləndiricini və ya tez nəticə verən serumları kəşf etməyi kim sevməz ki!

Pul xərcləməkdən də çəkinmirik; elə bu səbəbdən Birləşmiş Krallıqda dəriyə qulluq sektorunun 2,39 milyard funt sterlinq dəyərində olduğu hesablanır. Türkiyədə də bu sektorun 1,65 milyard dollar olduğu təxmin edilir.

Daha gənc və daha gözəl görünmək üçün edilən kosmetik və estetik müdaxilələrə pul xərcləmək də getdikcə daha geniş yayılır.

Təxminən 7,7 milyon Britaniyalı, görünüşlərini dəyişdirmək üçün dolğu və ya botoks kimi prosedurlar etdirdiklərini bildirir.

Sosial media filtrləri və reklamlarda gördüyümüz redaktə olunmuş şəkillərin gözləntilərimizi formalaşdırdığı bir dövrdə daha mükəmməl dəri üçün edilən bu xərclər heç də təəccüblü deyil.

Amma bəlkə də gözümüzdən qaçırdığımız bir şey var?

Qidalanma vərdişlərini dəriyə qulluq rutininin bir hissəsi kimi görməyənlər üçün cavab "bəli"dir.

Pəhriz mütəxəssisi və müəllim Ellie Coles deyir ki, yediklərimiz və içdiklərimizlə dərimizin sağlamlığı arasında güclü bir əlaqə var.

Coles-a görə, qidalanma dərimizə təsir edən daha böyük bir tapmacanın yalnız bir hissəsidir.

Bu tapmacanı "genetik, ətraf mühit və həyat tərzi faktorlarının mürəkkəb qarşılıqlı təsiri" kimi xarakterizə edən Coles, qidalanma vərdişlərini yaxşılaşdırmağın dəri ləkələri, quruluq və incə qırışlar kimi kiçik problemlər üzərində real təsir göstərdiyini vurğulayır.

Əlbəttə, bütün dəri problemlərini təkbaşına həll edə biləcək möcüzəvi qidalar yoxdur, amma sağlam qidalanma vərdişlərinin dərinin ümumi görünüşünə müsbət təsir göstərəcəyi danılmazdır.

Coles deyir: "Yaxşı xəbər odur ki, dəri sağlamlığına töhfə verən məsləhətlər ümumi sağlam qidalanma tövsiyələrinə çox bənzəyir" və əlavə edir:

"Qida maddələri baxımından zəngin və balanslı pəhriz, dəri sağlamlığı üzərində mühüm və müsbət təsir yarada bilər".

İndi isə baxaq ki, nəyi bilməliyik.

Omega-3 tərkibli qidalar istehlak edin.

"Dəriniz üçün qidalanma yolu ilə edə biləcəyiniz ən önəmli şey, pəhrizinizin bol miqdarda omega-3 yağ turşuları ehtiva etməsini təmin etməkdir", – bir dəriyə qulluq brendinin qurucusu və dermatoloq Dr. Alexis deyir.

O əlavə edir:

"Araşdırmalar göstərib ki, omega-3 yağ turşuları dəridə nəmliliyi artırmağa kömək edir və eyni zamanda antiinflamatuar (iltihab önləyici) xüsusiyyətlər göstərə bilir".

Omega-3 yağ turşuları somon, ton balığı və skumbriya kimi yağlı balıqlarda var.

Böyük Britaniyada cari qidalanma təlimatları, həftədə ən azı bir porsiyon yağlı balıq yeməyi tövsiyə edir.

Qoz, çia toxumu və kətan toxumu kimi bitki mənşəli mənbələr də ALA (alfa-linolenik turşu) ehtiva edir.

Bu maddə iltihabı azaltmağa, qan dövranını yaxşılaşdırmağa və sağlam görməyi dəstəkləməyə kömək edir.

Omega-3-lərin hüceyrə membranlarını dəstəkləyərək su itkisinin qarşısını almağa və dəridə mövcud olan nəmin qorunmasına kömək etdiyi düşünülür.

Ancaq bunun tam olaraq necə və niyə baş verdiyini anlamaq üçün daha çox tədqiqat aparmaq lazım olduğu bildirilir.

Gündə 5 porsiya meyvə-tərəvəz yeyin (xüsusilə sarı, narıncı və qırmızı olanlar)

Pəhriz mütəxəssisi Coles deyir:

"Müxtəlif növ meyvə və tərəvəzlərdən ibarət pəhriz, dərini oksidləşdirici stressdən qoruyan , bərpa və yenilənməni dəstəkləyən əsas vitamin, mineral və antioksidantları təmin edir".

Dr. Granite əlavə edir:

"Yerkökü, şirin kartof, bibər kimi sarı, narıncı və qırmızı tərəvəzlərdə olan beta-karoten, bədəndə A vitamininə çevrilir; A vitamini isə retinola. və bu da dərinin sağlam qalmasına yardım edir".

Dr. Granite eyni qidaların C vitamini baxımından da zəngin olduğunu bildirərək deyir:

"Dəridə kollagen istehsalı üçün C vitamini vacibdir. Həm A vitamini, həm də C vitamini güclü antioksidant xüsusiyyətlərə malikdir".

Bu arada bir xəbərdarlıq da etmək lazımdır: balanslı pəhrizin vacib bir hissəsi olsa da, xaricdən alınan A vitamini əlavələrinə başlamazdan əvvəl mütləq bir sağlamlıq mütəxəssisinə müraciət etməlisiniz.

Çünki həddindən artıq A vitamini sağlamlıq üçün təhlükəli ola bilər.

Daha çox maye qəbul edin, amma alkoqoldan uzaq durun

Mütəxəssislərə görə, kifayət qədər maye qəbulu dərinin sağlamlığı üçün həyati önəm daşıyır.

Pəhriz mütəxəssisi Coles deyir:

"Digər hüceyrələr kimi, dərinin də funksiyasını yerinə yetirə bilməsi üçün mayeyə ehtiyacı var. Buna görə gündə ən az 2 litr maye qəbul etməyə çalışmalısınız".

"Bu, yalnız su olmaq məcburiyyətində deyil; çay, qəhvə, şəkərsiz meyvə konsentratları və süd maye qəbulu hesab olunur."

O əlavə edir:

"Amma həddindən artıq maye qəbul etmək quru dəri problemini möcüzəvi şəkildə həll etmir".

Alkoqol dərini susuz qoya bilər və bu da dərinin nəmi saxlama qabiliyyətini azaldır.

Eyni zamanda ekzema, psoriaz və ya akne kimi dəri problemlərini pisləşdirə və alovlanmalara səbəb ola bilər.

Coles deyir ki, alkoqol qəbul edəcəksinizsə, həftəlik tövsiyə olunan 14 vahidi (bir stəkan şərab təxminən iki vahidə bərabərdir) keçməmək və ən az iki günü alkoqolsuz keçirmək lazımdır.

Həmçinin, alkoqol qəbul edərkən yanında mütləq su içmək, bədənin maye itkisini önləməyə kömək edir.

Sink qəbulunu artırın

Dr. Granite bildirir:

"Qidalanmanızda kifayət qədər sink olduğundan əmin olmaq da vacibdir. Brokoli, qabıqlı dəniz məhsulları və paxlalılar, dərinin sağlamlığını və funksiyalarını dəstəkləmək üçün əla mənbələrdir".

Bədənimiz sinki öz-özünə istehsal edə bilmir; buna görə də onu müntəzəm olaraq qida vasitəsilə qəbul etmək lazımdır.

Sink, hüceyrələri zədələnmədən qoruyan antioksidantlar kimi fəaliyyət göstərir. Həmçinin yaraların sağalması ilə də əlaqəlidir.

Bəzi tədqiqatlar sinkin dəriyə xarici tətbiqinə diqqət yetirsə də, qidalanma və ya əlavələr vasitəsilə ağızdan alınmasının, akne, ekzema, psoriaz və xroniki yaralar kimi problemləri olan insanlar üçün faydalı olduğunu göstərən sübutlar da mövcuddur.

Rafinə edilmiş şəkərli qidalardan uzaq durun

Dr. Granite rafinə edilmiş şəkər istifadəsini məhdudlaşdırmağı tövsiyə edir.

Bunun səbəbini belə izah edir:

"Bu tip şəkərlər sərbəst radikalların dəriyə zərər verməsinə səbəb ola bilər və bu da kollagen və elastin toxumasının parçalanmasını surətləndirə bilər".

Lakin şokoladın sızanaq və akne yaratdığına dair geniş yayılmış inam elmi araşdırmalara söykənmir.

Coles-a görə, bu iddianı dəstəkləyəcək güclü sübutlar yoxdur.

Hətta bəzi araşdırmalara görə, tünd (bitter) şokolad tərkibindəki yüksək flavonoid miqdarı sayəsində dərilər üçün potensial fayda təmin edə bilər.

Yenə də sevimli şokoladınıza əl atmazdan əvvəl Coles-un bu xəbərdarlığını nəzərə almaq faydalıdır:

"Xüsusilə süd və ağ şokoladlar yüksək miqdarda şəkər və yağ ehtiva edə bilər.

Bu da həddindən artıq istehlak edildikdə bədəndə iltihab yaranmasına səbəb olaraq dəri problemlərini artıra bilər.

İltihab dərinin normal bərpa prosesini poza bilər.

Həddindən artıq iltihab isə dəridə qıcıqlanma, narahatlıq və qızartılara səbəb ola bilər, həmçinin akne və psoriaz kimi dəri xəstəliklərini də ağırlaşdıra bilər".

Coles əlavə edir:

"Hər qidadakı kimi burada da 'ölçülü davranmaq' əsas anlayışdır".

Süd məhsullarından əsassız şəkildə uzaq durmayın

Pəhriz mütəxəssisi Coles bildirir ki, süd məhsullarının dəriyə zərər verdiyi və hətta ekzema kimi bəzi dəri xəstəliklərinə səbəb olduğu yönündəki fikirlər sübuta əsaslanmayan geniş yayılmış yanlış inamdır.

O əlavə edir:

"Şokolad və süd məhsulları haqqında miflərə diqqətlə yanaşmaq lazımdır. Bu cür iddialar, qidalanma, hormonlar və dəri sağlamlığı arasındakı daha mürəkkəb qarşılıqlı təsiri çox sadələşdirir".

Lakin Coles bildirir ki, yağın həddindən artıq istehlakı iltihabla əlaqələndirilə bilər. Buna görə də pəhrizə az yağlı süd məhsullarının daxil edilməsini tövsiyə edir.

Bunlara yağsız süd, yağsız qatıq və az yağlı kəsmik daxildir.

Az yağlı süd məhsulları Birləşmiş Krallığın Milli Sağlamlıq Sistemi (NHS) tərəfindən hazırlanmış Eatwell Guide-a əsaslanan balanslı qidalanma tövsiyələrinin də bir hissəsidir.

Bu məhsullar tam yağlı ekvivalentləri ilə eyni səviyyədə kalsium, protein və digər qida maddələrini təmin edir.

Bağırsaq sağlamlığına üstünlük verin

Bağırsaq sağlamlığı ilə bağlı araşdırmalar hələ erkən mərhələdədir.

Bağırsaq mikrobionu ilə dəri sağlamlığı arasındakı əlaqə tam olaraq başa düşülməsə də, birincini yaxşılaşdırmağın ikincisi üzərində təsir göstərə biləcəyini göstərən sübutlar var.

Hətta zamanla ekzema, rozasea (gül xəstəliyi), akne və psoriaz kimi dəri problemlərinin bağırsaq sağlamlığına fokuslanaraq müalicə edilə biləcəyi ümidləri də var.

Pəhriz mütəxəssisi Cole deyir:

"Sağlam bir bağırsaq mikrobionunu qorumaq üçün meyvə, tərəvəz və tam taxıllı karbohidratlar kimi liflə zəngin qidalar qəbul etməliyik, həmçinin fermentləşdirilmiş qidalarda olan probiotikləri də pəhrizimizə daxil etməliyik".

Qəhvəyi düyü, kinoa və yulaf tam taxıllı karbohidratlar arasındadır, kimçi, kələm turşusu və kefir isə fermentləşdirilmiş qidalar sırasındadır.

Bundan əlavə, Britaniya Diyetetik Assosiasiyası xatırladır:

"Dəri sağlamlığını yaxşılaşdırmaq məqsədilə pəhrizdə edilən səylər mütləq yaxşı stres idarəçiliyi, nizamlı yuxu vərdişləri, siqaretdən uzaq durma və günəş qoruyucularının istifadəsi ilə birlikdə nəzərə alınmalıdır."

Seçilən
63
bbc.com

1Mənbələr