AZ

Yaxın Şərqin nəhənglərinin gözü Qarabağda Bakı yeni mərhələyə keçir

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfəri son dövrlərdə Bakı ilə Əbu-Dabi arasında sürətlə inkişaf edən münasibətlərin məntiqi davamı kimi qiymətləndirilir. BƏƏ prezidentin məhz Şuşada rəsmi şəkildə qarşılanması, görüşlərin burada keçirilməsi və müzakirələrin post-münaqişə dövründə strateji əhəmiyyət daşıyan bölgədə aparılması bir sıra vacib siyasi və iqtisadi məqamları ön plana çıxarır.

Bu, geosiyasi mesajdır, yoxsa ərəb sərmayəsinin Qarabağ və Şərqi Zəngəzura yönəldilməsinə bir təşviq kimi qiymətləndirilə bilər? BƏƏ ilə hansı sənədlər imzalanıb və bu sənədlər yaxın perspektivdə Azərbaycana nə qazandıracaq? Ümumiyyətlə, son illər ərzində Yaxın Şərqin aparıcı dövlətləri – Səudiyyə Ərəbistanı və BƏƏ ilə Bakı arasında artan əməkdaşlıq ölkəmizə hansı strateji imkanlar açır?

Globalinfo.az-a danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov bildirib ki, bu səfər iki ölkə arasında əməkdaşlığın nə dərəcədə effektiv olduğunun göstəricisidir:

“Son illərdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın daha da dərinləşdiyini müşahidə edirik. Ticarət və iqtisadi sahədə əməkdaşlığın genişlənməsi üçün böyük potensial mövcuddur. Dövlətlərarası münasibətlərin bu səviyyəyə çatması, təbii ki, həmin potensialın reallaşması üçün əlverişli mühit formalaşdırır.

Elşad Məmmədov

Azərbaycan daxili maliyyə resursları və investisiya bazası baxımından yetərincə imkanlara malikdir. Bununla yanaşı, xarici texnologiyaların idxalı da ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mənada, BƏƏ ilə əməkdaşlığın dərinləşməsi milli iqtisadiyyatımıza ciddi dividentlər vəd edir.

Enerji, kənd təsərrüfatının emalı, nəqliyyat-logistika infrastrukturu və informasiya texnologiyaları kimi sahələr yaxın illərdə ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri olacaq. Eyni zamanda, BƏƏ Azərbaycanı regional ixrac bazası kimi görür. Texnologiyaların ölkəyə gətirilməsi və yerli istehsalın inkişafı üçün bu əməkdaşlıq önəmli imkanlar yaradır.

Bu səfərin yüksək səviyyədə keçirilməsi Azərbaycanın praqmatik və milli maraqlara əsaslanan xarici iqtisadi siyasətinin düzgün istiqamətdə olduğunu təsdiqləyir. Yaxın Şərqin güclü dövlətləri ilə əlaqələrin möhkəmlənməsi isə bu siyasətin davamlı və dayanıqlı həyata keçirildiyini göstərir”.

Politoloq Tofiq Abbasov isə məsələyə daha çox geosiyasi prizmadan yanaşır:

“BƏƏ Prezidentinin Qarabağa səfəri təsadüfi deyil. Azərbaycan bu ölkə ilə artıq strateji tərəfdaşlıq münasibətləri qurub. Bakı ilə Əbu-Dabi arasında siyasi dialoq yüksələn xətt üzrə inkişaf edir və bir çox məsələlərdə ortaq mövqe nümayiş etdirilir. Beynəlxalq arenada da qarşılıqlı dəstək diqqət çəkir.

Tofiq Abbasov

Bu səfərlə Azərbaycan yeni bir istiqaməti – Yaxın Şərq ölkələrini, o cümlədən BƏƏ, Qətər və Səudiyyə Ərəbistanını Cənubi Qafqaza daha da yaxınlaşdırır. Burada iki məqsəd var: birincisi, bu ölkələr bölgədə gedən proseslər haqqında birbaşa məlumat alırlar. Onlar öz gözləri ilə görürlər ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə hansı genişmiqyaslı işləri həyata keçirir. İkincisi, 20 faiz torpaqlarımızda bərpa və yenidənqurma işləri sürətlə davam edir və bu, real əməkdaşlıq üçün zəmin yaradır.

Şeyx Məhəmməd bin Zayed Al Nəhyan enerjili və uzaqgörən liderdir. Prezident İlham Əliyevlə onun arasında şəxsi münasibətlər yüksək səviyyədədir və bu, dövlətlərarası münasibətlərə də müsbət təsir göstərir.

İmzalanmış sənədlər sırasında energetika, nəqliyyat, kommunikasiya, bərpa olunan enerji və turizm sahələri yer alır. Bu sahələr Azərbaycanın inkişaf strategiyası üçün mühüm əhəmiyyətə malikdir. Qarabağ bölgəsi tədricən fəal turizm məkanına çevrilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Böyük Qayıdış” və quruculuq proqramları uğurla icra olunur. Artıq bölgədə üç beynəlxalq hava limanı fəaliyyət göstərir. Bütün bunlar təsadüfi deyil əvvəlcədən düşünülmüş və planlaşdırılmış strategiyanın nəticəsidir.

Hesab edirəm ki, yüksək səviyyəli qonağın Qarabağ bölgəsində olması, ona təqdim olunan ekspozisiyalar və görülən işlər haqqında məlumatlandırılması böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu səfərin nəticələrini yaxın gələcəkdə daha aydın şəkildə görəcəyik”.

Safura Bənnayeva

Gobalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
globalinfo.az

2Mənbələr