AZ

Sahibə Qafarova Qadın Siyasi Liderlər Forumunda

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 46-cı Baş Assambleyasının (AİPA) sessiyasında iştirak etmək məqsədilə Malayziyanın Kuala Lumpur şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 17-də AİPA-nın 2-ci Qadın Siyasi Liderlər Forumunda çıxış edib. 
Tədbirin açılışında çıxış edən AİPA-nın Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman tədbirin əhəmiyyəti barədə fikirlərini səsləndirib. O, həmçinin Milli Məclisin sədri Sahibə Qafarovanı salamlayaraq, Forumda iştirakına görə ona təşəkkürünü bildirib.

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Spiker Sahibə Qafarova çıxışında AİPA-nın qadınlarla bağlı məsələləri daim gündəmdə saxlamasını təqdir edərək, xüsusilə, daha inklüziv və gender məsələlərinə həssas yanaşan parlamentlərin qurulması ilə bağlı müzakirələrin bütün qadın deputatlar üçün böyük maraq kəsb etdiyini bildirib.

Milli Məclisin sədri vaxtilə gender mövzularında araşdırmalar aparmış, beynəlxalq parlament təşkilatlarında gender bərabərliyi və qadınlara qarşı zorakılıqla mübarizə ilə bağlı bir sıra vəzifələr tutmuş bir millət vəkili kimi bu məsələdə bir amilin həlledici əhəmiyyətini hər zaman vurğuladığını deyib. O, bildirib ki, uğur əldə etmək üçün qadın və kişilərin bərabər hüquqlara malik olması ideyası cəmiyyətin əsas dəyərinə çevrilməlidir. Digər tərəfdən, etiraf edilməlidir ki, qadınların ictimai həyatın bütün sahələrində və qərar qəbuletmə proseslərində bərabər iştirakı olmadan güclü, firavan və dayanıqlı cəmiyyət qurmaq mümkün deyil.

Sahibə Qafarova çıxışında bütövlükdə parlamentlərin cəmiyyətin tələblərini və mövcud dinamikasını əks etdirdiyini xatırladaraq, qeyd edib ki, eyni zamanda, parlamentlər həm öz daxilində, həm də cəmiyyətdə dəyişikliklərə istiqamət vermək üçün güclü alətlərə malikdirlər. Bu alətlərdən ən mühümü lazımi davranış çərçivələrini müəyyənləşdirən qanunvericilik fəaliyyətidir. Spikerin sözlərinə görə, qadınların parlamentlərdə iştirakının artması parlamentlərin təmsilçilik və idarəetmədə gender məsələlərinə daha həssas yanaşmasını təmin edir. Bu, qadınların baxışlarının da qanunvericilik prosesində əks olunması ilə nəticələnir və onları bu prosesin əsas maraqlı tərəflərindən birinə çevirir. Beləliklə, bütün bu qeyd olunanlar cəmiyyətdə bərabərliyin və demokratik dəyərlərin təşviqində parlamentlərin rolunu gücləndirir, onları daha inklüziv və gələcək çağırışlara hazırlıqlı edir. 

Spiker Sahibə Qafarova Qadın Siyasi Liderlər Forumunda Azərbaycan Milli Məclisinin təcrübəsi və ölkəmizdə gender siyasəti istiqamətində əldə olunmuş nailiyyətlər barədə də məlumat verib. O, bildirib ki, Azərbaycan qadınların hüquqlarının və qərarların qəbulunda fəal iştirakının təmin edilməsinə tam sadiqdir. Spiker xatırladıb ki, Azərbaycan 1918-ci ildə əksər Avropa ölkələrini də qabaqlayaraq, qadınlara səsvermə hüququ vermişdir. 2024-cü ilin sentyabrında keçirilən seçkilər nəticəsində isə qadınlar parlamentdəki 125 yerdən 26-nı qazanıblar ki, bu da əvvəlki dövrlə müqayisədə say artımını nümayiş etdirir.

Bu gün qadın deputatlar parlamentin əksər komitələrində təmsil olunurlar ki, bu da parlament tərəfindən tənzimlənən bütün məsələlərin müzakirəsi zamanı onların fikirlərinin nəzərə alınmasına imkan verir. Parlamentin 15 komitəsindən 5-nin sədr müavinləri qadındır. Ailə, qadın və uşaq məsələləri daimi komitəsinə qadın deputat rəhbərlik edir. Son 5 ildə komitə tərəfindən 47 qanun layihəsinə baxılıb, gender və ailə məsələləri ilə bağlı 16 ictimai dinləmə keçirilib. Parlamentimiz Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə də sıx əməkdaşlıq edir ki, bu da parlament-hökumət əməkdaşlığının səmərəliliyini təmin edir və səylərin əlaqələndirilməsini gücləndirir. 

Spiker Sahibə Qafarova çıxışında Azərbaycanın gender məsələləri ilə bağlı beynəlxalq parlament təşkilatlarında təşəbbüsləri və fəaliyyəti haqqında da danışıb. O, deyib ki, Azərbaycan Milli Məclisi parlamentlərarası təşkilatların işində yaxından iştirak edərək, bu gündəliyi daha da zənginləşdirmək üçün təşəbbüslər irəli sürür, qadınlarla bağlı məsələlərdə beynəlxalq əməkdaşlığa güclü dəstək verir. O cümlədən, Türk Dövlətləri Parlament Assambleyasının Qadın Parlamentarilər Qrupu Assambleyanın 2019-cu ildə Bakıda keçirilmiş Doqquzuncu Plenar Sessiyasında yaradılıb. Asiya Parlament Assambleyasının hazırkı sədri kimi Milli Məclis Assambleya çərçivəsində Qadınlar üzrə Komissiyanın yaradılmasını təklif edib ki, bu da hazırda üzv parlamentlərin müzakirəsindədir. O cümlədən, qadın deputatlarımız bir sıra digər parlament təşkilatlarının, həmçinin Parlamentlərarası İttifaq çərçivəsində Qadın Parlamentarilər Forumunun və Gender Tərəfdaşlığı Qrupunun işində fəal iştirak edirlər. 

Çıxışının sonunda spiker Sahibə Qafarova qeyd edib ki, bugünkü müzakirələr beynəlxalq əməkdaşlığın - qadın parlamentarilər arasında birgə fəaliyyətin və ən yaxşı təcrübələrin mübadiləsinin vacibliyini bir daha nümayiş etdirir. O, xatırladıb ki, bu ilin iyul ayında İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaq tərəfindən keçirilmiş Qadın Parlament Sədrlərinin 15-ci Sammiti də bu yanaşmanın zəruriliyini vurğulayıb

Seçilən
7
11
modern.az

10Mənbələr