AZ

Pakistanlı ekspert: Orta Dəhliz “Bir kəmər, bir yol” təşəbbüsünü tamamlayır və bütün sistemin təhlükəsizliyini artırır MÜSAHİBƏ

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 17 sentyabr, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycan bu gün Avrasiya məkanında nəqliyyat əlaqəliliyinin möhkəmləndirilməsində əsas rol oynayır. Özünün coğrafi mövqeyi və fəal infrastruktur siyasəti sayəsində ölkə Şərq ilə Qərb arasında mühüm qovşağa çevrilir. Xüsusi diqqət Cənubi Qafqaz vasitəsilə Asiyanı Avropa ilə birləşdirən alternativ marşrut olan Orta Dəhlizin inkişafına yönəlib. Bu marşrut yüklərin daha sürətli, iqtisadi cəhətdən sərfəli və siyasi baxımdan sabit daşınmasını təmin edir.

AZƏRTAC Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm ilə müsahibəni təqdim edir. Söhbət zamanı Azərbaycanın strateji əhəmiyyəti, Orta Dəhlizin üstünlükləri və onun “Bir kəmər, bir yol” qlobal təşəbbüsü ilə əlaqəsi müzakirə olunur.

– Azərbaycan bu gün mühüm nəqliyyat qovşağı kimi tez-tez xatırlanır. Onun regional əlaqəlilikdə rolu nədən ibarətdir?

– Azərbaycan bir vaxtlar bir-birindən uzaq görünən regionları birləşdirən həqiqi nəqliyyat qovşağına çevrilib. Hazırda bu marşrut Avrasiya məkanında əlaqəliliklə bağlı müzakirələrin diqqət mərkəzindədir və Orta Dəhliz etibarlı alternativ və digər qlobal nəqliyyat təşəbbüslərinə tamamlayıcı vasitə kimi nəzərdən keçirilir.

– Qlobal səviyyədə logistika imkanlarının inkişafı üçün Orta Dəhlizin əhəmiyyəti nədən ibarətdir?

– Orta Dəhliz Şərqi Asiyanı Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və nəhayət, Türkiyə üzərindən Avropa ilə birləşdirən həyati vacib arteriyadır. Əhalisi sıx və siyasi cəhətdən həssas regionlardan keçən ənənəvi şimal marşrutlarından fərqli olaraq, Orta Dəhliz həm səmərəliliyi, həm də sabitliyi təmin edir. Onun əsas üstünlüyü coğrafiyada deyil, daha qısa daşınma müddəti, aşağı xərclər və mövcud marşrutlara etibarlı alternativlər təqdim etməyindədir.

– Bu marşrut müxtəlif ölkələr üçün hansı üstünlüklər yaradır?

– Bu dəhliz qarşılıqlı əlaqəliliyin rəmzidir. Dənizə çıxışı olmayan Mərkəzi Asiya respublikaları üçün dünya ticarətinə qapı açır. Avropa üçün isə təkcə dəniz daşımalarına güvənmədən Asiya bazarlarına daha sürətli çıxış imkanı yaradır. Azərbaycanın özünün Bakı Limanının genişləndirilməsi Bakı–Tbilisi–Qars dəmir yolu və logistika mərkəzləri şəbəkəsi kimi layihələri bu dəhlizin yalnız kağız üzərində təqdim olunan plan deyil, böyük bir layihə olduğunu sübut edir. Bu, dəhliz boyunca yerləşən ölkələr üçün dünya ticarətinə daha geniş çıxış, yeni investisiya imkanları və iqtisadi dayanıqlığın möhkəmlənməsi deməkdir. Şirkətlər üçün isə daha qısa çatdırılma müddəti, ayrı-ayrı marşrutlardan az asılılıq və logistikanın planlaşdırılmasında daha çox çeviklik təqdim edir.

Bundan əlavə, Orta Dəhliz yalnız ticarət və nəqliyyatla məhdudlaşmır. O, mədəni mübadilə, regional əməkdaşlıq, siyasi dialoq və turizmin inkişafına da təkan verir. Müxtəlif qitələrin ölkələrini birləşdirərək enerji, rəqəmsal infrastruktur və yaşıl iqtisadiyyata keçid layihələrində əməkdaşlığa yol açır. Firavanlığın qarşılıqlı əlaqəliliklə ölçüldüyü bir dünyada Orta Dəhliz inklüziv və davamlı inkişaf üçün yeni imkanlar yaradır.

– Orta Dəhliz Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə necə uzlaşır?

– Çinin “Bir kəmər, bir yol” (BRI) təşəbbüsü artıq qarşılıqlı əlaqəliliyə qlobal baxışı dəyişib. Lakin hər bir böyük layihə kimi, onun da dayanıqlılığın saxlanılması üçün diversifikasiyaya və əlavə marşrutlara ehtiyacı var. Məhz burada Orta Dəhliz ön plana çıxır. O, “Bir kəmər, bir yol” ilə rəqabət aparmır, əksinə, onu tamamlayır.

Birincisi, Orta Dəhliz “Bir kəmər, bir yol” təşəbbüsünə müxtəliflik gətirir və bütün sistemin təhlükəsizliyini artırır. Azərbaycan və qonşu ölkələr üzərindən keçən alternativ marşrutlar təqdim etməklə, bu marşrut hər hansı bir dəhlizdən həddindən artıq asılılıqla bağlı riskləri azaltmağa kömək edir. Bu, xüsusilə geosiyasi qeyri-müəyyənlik, regional münaqişələr və başqa yerlərdə yarana biləcək logistika problemləri fonunda böyük əhəmiyyət daşıyır.

İkincisi, Orta Dəhliz “Bir kəmər, bir yol”un əsas hədəfi olan Asiya ilə Avropanı birləşdirməyi daha sürətlə reallaşdırır. Bu dəhliz hesabına Çindən Avropaya yüklərin daşınması dəniz yolu ilə müqayisədə təxminən iki dəfə tez baş tutur və siyasi baxımdan şimal marşrutlarından daha sabitdir. Bu sürət və səmərəlilik “Bir kəmər, bir yol”un qlobal ticarəti daha çevik və asan etmə hədəfini birbaşa dəstəkləyir.

Üçüncüsü, Orta Dəhliz əməkdaşlıq üçün yeni imkanlar açır. “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak edən Çin şirkətləri və investorları Azərbaycanda və dəhliz boyunca yerləşən digər ölkələrdə tərəfdaşlar tapa bilər. Limanlar, dəmir yolları, rəqəmsal şəbəkələr və ya bərpaolunan enerji mənbələri sahəsində birgə layihələr yalnız Orta Dəhlizə xidmət etməyəcək, həm də BRI-in infrastruktur şəbəkəsinin coğrafiyasını genişləndirəcək. Bu, hər iki təşəbbüsün inkişafını dəstəkləyən qarşılıqlı faydalı vəziyyətdir.

– Orta Dəhlizin Avrasiya nəqliyyat sistemini daha balanslı etdiyini söyləmək olarmı?

– Orta Dəhliz marşrutları şaxələndirməklə, miqyası genişləndirməklə və onları daha inklüziv etməklə, həm də “Bir kəmər, bir yol” təşəbbüsünü gücləndirir. Beləliklə, Avrasiyada elə bir əlaqə sistemi formalaşır ki, burada heç bir marşrut dominantlıq etmir, əksinə, hamısı bir-birini tamamlayır.

Prezident İlham Əliyevin rəhbərliyi və təşviqi ilə inkişaf edən Orta Dəhliz sadəcə bir nəqliyyat marşrutu deyil. Bu, Avrasiyanın qlobal əlaqələr sistemindəki mövqeyini yenidən dəyərləndirən uzaqgörən layihədir. BU dəhliz qitələri birləşdirərək, maneələri azaldaraq və əməkdaşlıq üçün yeni imkanlar açaraq regional inkişaf və dünya ticarəti üçün böyük potensial yaradır.

Ən əsası isə, Orta Dəhliz “Bir kəmər, bir yol” təşəbbüsünü tamamlayır və dəstəkləyir, onu daha güclü, dayanıqlı və inklüziv edir. Qarşılıqlı əlaqəliliyin həm iqtisadi zərurət, həm də geosiyasi çağırış olduğu bir dövrdə Orta Dəhliz gələcəyin necə formalaşa biləcəyinə nümunədir. Bu marşrut sadəcə Şərq ilə Qərbi birləşdirən yol deyil, daha çox qarşılıqlı əlaqəli və firavan dünyaya körpüdür.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
azertag.az

2Mənbələr