Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən həyata keçirilən "PeşəFest-2025" festivalına Astara rayonunda start verildi.
“Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək məqsədi daşıyır.
XQ xəbər verir ki, tədbirdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, millət vəkilləri Rəşad Mahmudov və Vasif Qafarov, DMA-nın İdarə Heyətinin sədri Sadiq Əliyev, eləcə də ətraf rayonlardan dövlət və özəl təşkilatların rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
S.Əliyev çıxış edərək “PeşəFest”in ölkənin 11 iqtisadi rayonunu əhatə edən interaktiv karyera yönümlü layihə olduğunu, festivalın gənclərə və yeniyetmələrə müxtəlif peşələri tanıtmağa, onlara peşə seçimində dəstək olmağa xidmət etdiyini bildirib.
Milli Məclisin deputatları R.Mahmudov və V.Qafarov gənclərin uğurlu karyera qurmalarında, müasir peşələr barədə dolğun məlumat almalarında və onlarda əyani təsəvvürün formalaşmasında “PeşəFest”in xüsusi rolu olduğunu qeyd ediblər.
Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər.
Qeyd edək ki, növbəti “PeşəFest” sentyabr ayının 19-da Biləsuvar şəhərində Heydər Əliyev parkında keçiriləcək. Festivalın keçiriləcəyi digər ünvanlar və tarixlər isə belədir:
• Tovuz – 22 sentyabr / Tovuz RİH binasının qarşısı• Göygöl – 24 sentyabr / Heydər Əliyev parkı• Ağdam – 29 sentyabr / Quzanlı Heydər Əliyev Mərkəzi• İmişli – 1 oktyabr / Heydər Əliyev parkı• Ağsu – 3 oktyabr / Heydər Əliyev parkı• Ağdaş – 8 oktyabr / Heydər Əliyev parkı• Qəbələ – 11 oktyabr / Heydər Əliyev parkı• Xaçmaz – 13 oktyabr / Zəfər parkı• Bakı – 16 oktyabr / Dənizkənarı Milli Park
Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunur.
İştirakçılar festivala qatılmaqla bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.