AZ

Dövlət hesabına xaricdə təhsil çətinləşdirilir - Deputat səbəb AÇIQLADI

Xaricdə təhsil almaq istəyən azərbaycanlı gəncləri yaxın gələcəkdə daha ciddi seçim prosesi gözləyə bilər.

Elm və təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan “Hədəf” verilişində çıxışı zamanı bu istiqamətdə aparılan müzakirələrdən danışıb. Nazir bildirib ki, dövlət proqramına müraciətlərin artması fonunda seçim mərhələsində ən güclü namizədlərin seçilməsi üçün qəbul prosesinin çətinləşdirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, məqsəd daha yüksək meyarlara cavab verən namizədlərə üstünlük verilməsidir,

“Düzdür, biz elə bir sistem qurmaq istəyirik ki, proqramlara qəbul olunanların keyfiyyəti əvvəlcədən müəyyən olunmuş yüksək meyarlara əsaslansın. Nəticədə təxminən 500 nəfər ən yaxşı namizəd seçilsin. Bunun üçün də qəbul prosesini daha da çətinləşdirməyi, ən yüksəksəviyyəli universitetlərə yönəltməyi düşünürük”,- deyə nazir bildirib.

Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva qeyd edib ki, “Xaricdə təhsil” proqramı ildə 500 gəncin bakalavr, magistr və doktorantura təhisili alması üçün dövlət tərəfindən yaradılmış imkandır. Onun sözlərinə görə, cari il 900 müraciət edən gəncdən 125 nəfər bakalavr, 356 nəfər magistr və  19 nəfər doktorantura səviyyəsində  yüksək reytinqli universitetlərdə təhsil almaq imkanı qazanıb.

“Həmin gənclər təhsil alaraq yüksək ixtisaslı kadr kimi geri qayıdacaq və ölkənin ümumi inkişafına fayda verəcəklər. Müraciət edənlərin hər birinin uğurlu olduğunu, bu baxımdan seçimin çətinlik yaratdığını qeyd edən təhsil  naziri Emin Əmrullayev müsabiqənin müsahibə yolu ilə aparıldığını , sözsüz ki, bu prosesdə subyektiv yanaşmanın da istisnasız olduğunu  bildirmiş, gələcəkdə müsahibələrin mexanizmlərinin dəyişməsi məsələsinə də toxunmuşdur.  Həmçinin seçimdə daha reytinqli universitetlərə qəbul olunanlara və ölkə üçün daha vacib ixtisaslara üstünlüyün veriləcəyi barədə də məlumat verib. Bu isə sözsüz ki, qəbul şərtlərinin nisbətən ağırlaşması deməkdir. Lakin bu ən doğru yanaşmadır”.

Millət vəkili vurğulayıb ki, qəbul şərtlərinin dəyişmə ehtimalının əsas məqsədi dövlət vəsaitlərinin səmərəli istifadəsi və təhsilə göndərilən gənclərin ölkəyə fayda gətirməsinin təmin edilməsidir:

"Nazir qeyd edib ki, gələcəkdə müsahibə mexanizmləri təkmilləşdiriləcək, subyektiv yanaşmalar aradan qaldırılacaq və yalnız daha reytinqli universitetlərə qəbul olunanlar, eləcə də ölkə üçün prioritet ixtisaslara yönəlmiş namizədlər seçiləcək. Yeni mexanizmlər sırasında obyektiv qiymətləndirmə sistemləri, reytinq əsaslı seçim və təhsil sonrası ölkəyə qayıdış öhdəlikləri xüsusi önəm daşıyır. Bu, proqramın keyfiyyətini artırmaqla yanaşı, ölkənin strateji ixtisaslara malik kadr ehtiyacını da ödəyəcək”.

Deputat onu da diqqətə çatdırıb ki, yalnız ən yüksək reytinqli universitetlərə qəbul olunanların dəstəklənməsi həm təhsil keyfiyyətini təmin edəcək, həm də sərmayənin effektivliyini artıracaq:

“İxtisas prioritetləri isə dövlətin ehtiyac duyduğu ixtisas sahələri üzrə xüsusi kvotalar ayrılması imkanıdır. Öhdəlik mexanizmlərinin gücləndirilməsi: təhsilini başa vuranların müəyyən müddət ölkədə işləməsi ilə bağlı şərtlərin sərtləşdirilməsi də mexanizmin əsas meyarı olmalıdır”.

Yekun olaraq millət vəkili əlavə edib ki, qəbul şərtlərinin ağırlaşdırılması ilk baxışdan məhdudiyyət kimi görünsə də, əslində, daha keyfiyyətli və hədəfli seçim mexanizmlərinə xidmət edəcək və rəqabəti artıracaq:

“Dövlət  strateji baxımdan ən istedadlı gənclərə investisiya qoymaqla həm təhsil sistemində, həm də ölkənin sosial-iqtisadi inkişafında güclü təsir yaratmaq niyyətindədir”,- deyə M.Vəliyeva bildirib.

Seçilən
0
1
modern.az

10Mənbələr