AZ

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edib

Müdafiə Nazirliyi cari ilin 25 oktyabr tarixinədək müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu elan edir.

Qaziler.az nazirliyə istinadla xəbər verir ki, sənəd qəbulu 18 sentyabr – 25 oktyabr tarixlərdə regional sənəd qəbulu mərkəzlərində və elektron qaydada olmaqla iki formada həyata keçiriləcəkdir. Namizədlərin yuxarıdakı üsullardan hər hansı biri vasitəsilə sənədlərini təqdim etmələri yetərli hesab olunur. Sənəd qəbulu mərkəzləri Gəncə şəhərində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində (Ünvan: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 56), Bakı şəhərində isə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) fəaliyyət göstərəcək.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək hərbi vəzifəlilər (zabit, gizir, miçman hərbi rütbəsi olanlar istisna olmaqla), eləcə də ixtisasını dəyişmək və ya artırmaq arzusunda olan Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş (“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə), “q” bəndinə (ştat ixtisarına görə) əsasən ordu sıralarından ehtiyata buraxılmış) 40 yaşınadək hərbi vəzifəlilər və 30 yaşınadək qadın cinsli vətəndaşlar qəbul edilir.

Kursa qəbul üçün tələb olunan sənədlər:
- kursa qəbul olunmaq barədə ərizə;
- anket forması;
- tərcümeyi-hal (1 nüsxədə);
- təhsil haqqında sənədin surəti (1 nüsxədə);
- doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);
- yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə);
- əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.);
- şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə);
- sürücülük vəsiqəsinin surəti (olduğu təqdirdə, 1 nüsxədə);
- nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə);
- həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə);
- rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm, 2 ədəd 4.5x6 sm və 3 ədəd 9x12 sm);
- hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (1 nüsxədə, kişi cinsli vətəndaşlar üçün);
- psixonevroloji, narkoloji, vərəm və dəri- zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.

Elektron qaydada müraciət etmək istəyən namizədlər mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Çavuş hazırlığı (MAHHXHQ)” hissəsinə keçid edərək elektron sənəd qəbulu portalından müvafiq sənədlərlə tanış ola və müraciət edə bilər.

Ətraflı məlumat üçün Milli Müdafiə Universitetinin rəsmi veb saytına (mmu.edu.az) keçid edə və ya Çağrı mərkəzi – *0811 (iş günlərində saat 09:00-dan 17:30-dək) ilə əlaqə saxlaya bilərsiniz.

Seçilən
12
10
qaziler.az

10Mənbələr